Adem ŞAHİN- HÜZN BULUDLARI

      Share

      Bişkekdə dəmiryol stansiyasında işləyən bir dostumuzu iş saatı bitdikdən sonra götürmək məqsədilə gözləyirəm. Bu zaman qarşımdakı divara çəkilmiş olan qraffiti şəkilləri diqqətimi çəkir.

       Tam qarşımda olduğu üçün məcburən baxıram. Baxdıqca da rəssama: “Hala olsun, yazı ilə uzun-uzun anladacaqlarımı fırçasıyla anladıb!” - deyirəm.

      Gözləməyə davam edərkən “bundan bir yazı çıxar” deyirəm öz-özümə. Ara-sıra ağlıma “jurnala nə yazım, yazılası mövzu qalmır” deyə fikirlər gəlsə də, Allaha şükür, otdan, böcəkdən, divardan mövzu çıxıb: “Gəl, məni yaz”, - deyir. Mən qatar stansiyasına yazı üçün mövzu axtarmağa getməmişdim ki! Nəyə niyyət, nəyə qismət!..

      Qraffitinin şəklini çəkib tələbələrimə dedim ki, yorumlayın. Hamısından maraqlı cavablar aldım. İçində gənc qız, cib telefonu və başı it-pişik şəklində fantastik insanlar olduğu üçün hamısı yorum etdi. İlahiyyat fakültəsinin dərsləri ağırlıq etdi, yoxsa bu qraffitidə həyatı gördülər, bilmirəm, içlərindən bir neçəsi qraffitini gözləri ilə görməyə gedəcəklərini belə dedi. Bircə fakültə rəhbərliyi eşitməsin, sonra “Dinlər tarixi dərsi ilə bu qraffitinin nə əlaqəsi var?” deyə soruşarlar.

      Dini dərslər həyatdan, həyat da dini dərslərdən ayrı anladılmamalıdır. İslam məzarlıq, məscid və mədrəsənin hüdudları daxilinə sıxışdırıla bilməz.

      Hətta mağaralarda yaşayan insanlar belə öz duyğu və düşüncələrini divarlara qazımışdılar. Duyğu və düşüncələrini ifadə etmək çörək kimi, su kimi bir ehtiyacdır. Duyğu və düşüncələri ifadə etməyin yolları çoxdur. Şeir, nəsr, roman, hekayə, şəkil, heykəl, dua etmək, təhqir etmək, qarğımaq və s.

      Qraffitidə rəsm edilən insan bədəni üzərindəki it-pişik başlarıyla başlayaq: Yaxşı ki, sənətkar donuz və ya eşşək başı çəkməyib. Sənətkar niyə oğlanı it, qızı da pişik şəklində çəkib? Görəsən, açıqlaya bilərmi? İnsanın içində yer alan, nəzarət altına alınmayan hər pis xüsusiyyətin təbiətdəki bir heyvanda qarşılığı var. İnsandakı vəhşət və qan tökmək istəyi canavar, şəhvət hissi donuz, oğurluq siçan, münafiqlik buqələmun, hiyləgərlik tülkü, xainlik ilan, kobudluq ayı ilə simvollaşdırılır. Çölü ilə içi eyni olanlar, içini insanlaşdıra bilənlər isə yaxşılardandır.

      İtlə pişiyin dava-dalaşı cizgi filmlərində yer alacaq qədər məşhurdur. Pişik qaçar, it qovalayar. Biz Tom və Cerini də belə gördük. Şəkildəki mənzərə isə bambaşqadır: gənc qız olan pişik və oğlan olan köpək əllərinə aldıqları telefona xüşu içində baxaraq bir-birinə arxa çevirmişdir. Hadisəyə heyvan yönündən yox, insan yönündən baxanda da nəticə dəyişmir. İki dost, iki sevgili bir-birlərinə arxa çevirib əllərindəki telefonun içində itib-batıblar. Analar, atalar, uşaqlar, məmurlar, amirlər, qohum-əqrəbalar da əllərindəki telefona gömülüb qalmayıblarmı?! Leyli və Məcnun bu gün yaşasaydı, cib telefonuna baxmaqdan, populyar mədəniyyətin saman alovu kimi işıltısına baxıb özünü itirməkdən bir-birilərini görə bilərdilərmi?!

      Cib telefonu dostu-düşməni unutdurarmı? – Unutdurar!

      Məscidi, camaatı, söhbəti unutdurarmı? – Unutdurar!

      Adama ana, ata, baba, tələbə, işçi olduğunu unutdurarmı? – Unutdurar!

      Yonma daşdan cilalı daşa keçid, təkərin, dəmirin, yazının kəşf edilməsi sosial həyatdakı fərdləri yeməyindən içməyinə, oyunundan əyləncəsinə, inancından geyiminə qədər hər sahədə cib telefonu və internet qədər dəyişdirici olmadı. Alarsan əlinə cib telefonunu və internet paketini, pişikliyini, köpəkliyini, insanlığını unudarsan. Müsəlman olmaq bir qrupa mənsub olmaq deyil, bir duruşa sahib olmaqdır. Cib telefonu, internet və televizor qarşısında duruşumuz necədir? Onlar bizi işlədir, yoxsa biz onları?

      Cib telefonu və internet insana harada olduğunu və kimlərlə olduğunu unutdurmamalıdır. Cib telefonunun qadağan olmadığı məktəblərdə şağirdlər dərs arasında tənəffüsə belə eşiyə çıxmır; tənəffüsü oturduqları yerdə, cib telefonu ilə birlikdə olmaqla keçirirlər. Cahiliyyə dövründə Kəbənin içində onlarla büt var idi. Müasir cahiliyyənin bütü isə cib telefonudur. Allahın önündə əyilməyən başlar telefona əyilir. Gündə beş dəfə Kəbəyə dönməyən üzlər onlarla kərə telefon ekranına çevrilir.

       Azadlıq təqdim olunan variantlardan birini seçməkdir, yoxsa heç birinə baxmadan hamısını inkar etmək? Təəssüf ki, cib telefonuna, internetə, içkiyə, siqaretə, çılpaqlığa bağlılıq azadlıq olaraq başa düşülür.

      Nəhayət, stansiyada gözlədiyimiz yoldaş gəldi. Bir az komik, amma düşündürücü bu möhtəşəm qraffiti ilə vidalaşıb ayrılırıq. Bu gün başa düşdüm ki, biz elmi, irfanı, Haqqa məhəbbəti başa salırıqsa, qraffiti daxil, hər yoldan istifadə etməliyik. Yazı yazmaqla, kitab nəşr etməklə iş bitmir. Camal Süreyya bir şeirində:

      “Getməklə gedilmir ki...

      Getməklə getmiş olmazsan,

      Könlün qalar,

      Ağlın qalar,

      Xatirələrin qalar”, - deyir.

       

      Həsən Ali Toptaşın dili ilə desək: “Getmək feilinin altına iki xətti ən gözəl şəkildə qatarlar çəkərmiş”. Dörd təkər üstündə stansiyadan ayrılsam da, ağlım bu qraffitidə qaldı; gözüm qaldı.

      Ey Bişkek dəmiryol stansiyası!

      Səni sanki qədim tarixlərdən gəlmiş olan qara qatarların və solğun üzünlə xatırlayacağam. Dəmir yolu relslərinə baxıram, elə bil içlərinə dünya müharibəsinə gedənlərin qorxuları, hərsətləri hopub. Geridə qalanların göz yaşları və acıları heç dağılmayan bir hüzn buludu olaraq stansiyanın üstündən hələ də çəkilməyib. Burada məzarlıq ab-havası var. Qraffiti sanki bir az rəng qatıb, amma yenə də hüzn buludları heç dağılmır...

      • Hits: 186 clicks

      Tecox component by www.teglo.info