Kamran MƏMMƏDOV- QİYAMƏTİN ƏLAMƏTLƏRİ

      Share

      Qurani-Kərim qiyamətin zamanını Allahdan başqa heç kimin bilməyəcəyini bildirir. Bununla yanaşı, yaxınlaşdığını, yaxın olduğunu, lakin qəflətən gələcəyini xəbər verir.

       Qiyamətin əlamətlərinə isə daha çox Hz. Peyğəmbərin hədislərində rast gəlinir.

                  Qiyamətin kiçik əlamətləri

      Qiyamətin kiçik əlamətləri, hədislərin verdiyi məlumatlar nəzərə alınaraq, İslam alimləri tərəfindən aşağıdakı kimi müəyyənləşdirilmişdir:

      -İnsanların yüksək bina tikməkdə bir-biri ilə yarışmaları

      -İnsanların ölməyi arzu etmələri

      -Hicazda çıxan atəşin Busrada (Şam ətrafında) dəvələrin ayaqlarını işıqlandırması

      - Fərat çayının sularının azalması

      -İki böyük İslam ordusunun bir-biri ilə döyüşməsi

      -İslami elmlərin ortadan qalxması, cəhalətin artması

      - Zəlzələlərin çoxalması

      - Gecə ilə gündüzün bir-birinə bərabər olması

      - Cinayətlərin çoxalması, fitnələrin zühur etməsi

      - Zinanın və içki istehsalının artması, qadınların çoxalıb kişilərin azalması.

       

      Qiyamətin böyük əlamətləri

      Qiyamətin böyük əlamətləri bu hədisi-şərifdə ümumi şəkildə qeyd edilmişdir: Huzeyfə Qifaridən (r.a) rəvayət edilir ki:

      Bir gün biz öz aramızda danışarkən Hz. Peyğəmbər (s.ə.s) yanımıza gəldi. Bizə: “Nə danışırsınız?”- dedi. Biz də: “Qiyamət günündən danışırıq”,- deyə cavab verdik. Hz. Peyğəmbər (s.ə.s): “Şübhəsiz, on əlamət görülmədikcə qiyamət qopmayacaq”,- dedi və onları belə sıraladı:“Dəccal, tüstü (duxan), dabbətül-ərz, günəşin qərbdən çıxması, İsanın (ə.s) yerə enməsi, Yəcuc və Məcuc, şərqdə, qərbdə və Ərəb yarımadasında olmaq üzrə üç yerdə torpağın çökməsi, son olaraq da Yəməndən çıxaraq insanları məhşərə doğru aparan atəşin baş verməsi”. (Müslim, Fitən 39; Əbu Davud, Məlahim 11; İbn Macə, Fitən 28)

      Qiyamətin bu on böyük əlaməti müxtəlif hədislərdə və bəzi İslam alimləri tərəfindən belə açıqlanmışdır:

      1. Dəccalın ortaya çıxması: Dəccal qiyamətə yaxın zühur edəcək yalançı bir adamdır. İslam dinini və müsəlmanları fəsada uğradıb, təxribatçılıq yaradacaq. Dəccalın sağ gözünün kor olduğu, iki gözünün arasında “kafir” sözünün yazıldığı, uşağının olmadığı, Mədinə və Məkkəyə girə bilməyəcəyi, ortaya çıxdıqdan sonra yer üzündə qırx gün qalacağı, bu müddətdə istidracvari  bəzi fövqəladə hadisələr göstərəcəyi,  qüdrət və ilahlıq iddiasında olacağı, sonra da yenə qiyamətin böyük əlamətlərindən olan Hz. İsanın yer üzünə enməsi ilə onun tərəfindən öldürüləcəyi səhih hədislərdə bildirilmişdir. Bir hədisində Hz. Peyğəmbər (s.ə.s): “Heç bir peyğəmbər yoxdur ki, ümmətini tək gözlü yalançıdan (Dəccal) xəbərdar etmiş olmasın. Diqqət yetirin ki, onun bir gözü kordur. Rəbbiniz isə tək gözlü deyil. Korun (Dəccalın) iki gözünün arasında k-f-r (kafir) yazılmış olacaq”,- buyurmuşdur. (Buxari, Fitən 26; Müslim, Fitən 101; Tirmizi, Fitən 56)

      2. Duxanın çıxması: Tüstü mənasını verən duxan da qiyamətin böyük əlamətlərindən biridir.  Qiyamətdən əvvəl dünyanı bir tüstü buludu örtərək qırx gün və qırx gecə qalacaq, möminlər soyuqdəyməyə tutulmuş kimi, kafirlər isə sərxoş kimi olacaqlar.

      3. Dabbətül-ərzin çıxması: Bu, qiyamətdən əvvəl ortaya çıxacağı bildirilən bir varlıqdır. Kəlmə mənası “yer heyvanı” deməkdir. Qurani-Kərimdə: “Onlara deyilmiş olan başlarına gəldiyi zaman yerdən bir növ heyvan (dabbə) çıxararıq ki o, onlara, insanların ayələrimizə qəti olaraq inanmadıqlarını söyləyər” (ən-Nəml, 82), - buyurulur. Hz. Peyğəmbər (s.ə.s) dabbətül-ərz barəsində: “Çıxacaq olan qiyamət əlamətlərindən ilki günəşin qərb tərəfdən doğması ilə bir səhər vaxtı insanlara qarşı bir dabbənin (heyvanın) zühurudur. Bu iki əlamətdən biri o birindən əvvəl olar. Dərhal sonra digəri də ona  yaxın vaxtda meydana gələr” (Müslim, Fitən 118; Əbu Davud, Məlahim 12; İbn Macə, Fitən 32), - buyurmuşdur.

      4. Günəşin qərbdən çıxması: Günəş qərbdən çıxacaq və insanlar toplu halda  iman edəcək, ancaq daha əvvəl iman etməmiş olanların imanları onlara heç bir fayda verməyəcək.

      5. Hz. İsanın (ə.s) enməsi: Əhli-sünnə etiqadına görə, qiyamət qopmazdan əvvəl Hz. İsa yer üzünə enəcək, xristianları İslama dəvət edəcək, Dəccalı öldürəcək və Hz. Muhammədin (s.ə.s) şəriəti ilə hökm edəcək.

      6. Yəcuc və Məcucun çıxması: Bunlar qiyamətdən əvvəl çıxaraq yer üzündə təxribatçılıq törədəcək olan, əslləri və soyları naməlum iki insan tayfasıdır. Hz. Zülqərneynin önlərinə tikdiyi səddin yıxılması nəticəsində yer üzünə dağılacaqlar. İnsanlara hücum edəcək, şəhərləri yandıraraq  xaraba halına gətirəcəklər.

      7-8-9. Şərqdə, qərbdə və Ərəb Yarımadasında olmaqla üç bölgədə yer çöküntülərinin meydana gəlməsi:  Bunlar da  qiyamətin böyük əlamətlərindəndir.

      10. Yəməndən böyük bir atəşin çıxması:  Bu atəşin nə şəkildə ortaya çıxacağı bilinmir.

      Əbu Davud və Tirmizinin sünənlərində yer alan bəzi hədislərə görə, Mehdinin çıxması da qiyamətin böyük əlamətlərindəndir.

      • Hits: 86 clicks

      Tecox component by www.teglo.info