İslamda Çalişma Və İş Əxlaqi / Prof. Dr. Abdullah Kahraman

      Share

      Müqəddəs kitabımız olan Qurani-Kərimdə Allahın gecəni istirahət, gündüzü isə ruzi təmin etmək üçün yaratdığı ifadə olunur.[1]  Yenə Quranda insan üçün çalışıb-vuruşmaqdan başqa bir yolun

       olmadığı[2] və dünyadakı nemətlərin “Allahın nemətləri” və “gözəl ruzilər” olduğu vurğulanır.[3] Yenə başqa bir surədə müsəlmanlara cümə namazından sonra yer üzünə yayılaraq Allahın verdiyi ruzilərdən faydalanmaları təlqin olunur.[4] İslam Peyğəmbəri hz. Məhəmməd də dağdan odun yığıb sataraq öz ruzisini təmin edən bir adamın başqalarına əl açaraq dilənçilik edəndən daha fəzilətli olacağını bildirmişdir.[5]

      Bilindiyi kimi bütün peyğəmbərlər hər hansı bir məslək sahibi olmuşlar. Bu da öz növbəsində həm çalışmağın əhəmiyyəti, həm də maddi dəyərlərlə yanaşı mənəvi dəyərlərin bir arada ola biləcəyini göstərir. Peyğəmbər (s.ə.s) “Allahın göndərdiyi bütün peyğəmbərlər çobanlıq etmişdir.” buyuraraq bu həqiqəti ortaya qoymuşdur. Əshabın “Sizdəmi, ya Rəsulallah?” sualına “Bəli, mən də vaxtı ilə bir miqdar pul qarşılığında məkkəlilərin qoyunlarını güdmüşəm.”[6] demişdir. Hz. Peyğəmbərin dini işlərlə yanaşı dünya işlərinə də önəm verilməsini təlqin edən bu cür açıqlamalarından ilham alan ilk müsəlmanlar ibadət şövqü ilə çalışar və gündəlik ruzilərini qazanardılar. İlk dövrlərdə bəzi maddi sıxıntıları olsa da sonradan geniş imkanlara sahib olmuşlar. Məsələn, Məkkədən Mədinəyə hicrət etmək məcburiyyətində qalan bəzi varlı müsəlmanlar var-dövlətini Məkkədə qoyub gəldiyi üçün müflis vəziyyətə düşmüşdü. Bu məsələni həll etmək üçün Rəsulullah (s.ə.s) müsəlmanlar arasında qardaşlıq quraraq bir zənginlə fəqiri qardaş elan etdi. Bu da dünya tarixində misli görülməmiş ictimai yardımlaşma nümunəsi olmuşdur. Belə ki, yerli camaahdan olan ənsarlar əllərində olan hər şeyi mühacir qardaşı ilə bölüşmüdür. Abdurrahman b. Avf adlı səhabə də mədinəli biri ilə qardaş olmuşdu. Məkkədə ikən zəngin olan Abdurrahman mədinəli qardaşının ona etdiyi təklifə görə öz minnətdarlığını bildirdikdən sonra “Mənə bazarın yolunu göstər” deyərək öz əl əməyi ilə ruzisini qazanma yolunu seçmişdi.

      İslam dini çalışıb qazanmağa təşviq edərkən digər tərəfdən də iş həyatı ilə bağlı bəzi qaydalar qoymağı da diqqətdən qaçırmamışdır. İş və məslək sahibi olmaq ciddi məsuliyyət tələb edir. Buna görə də dinimiz iş həyatı ilə bağlı bəzi qaydalar qoymuşdur. Bu qaydaları ümumi olaraq belə sıralamaq mümkündür:

      a) Fərd iş fəaliyyətində təmiz niyyət daşımalıdır. Bütün işlərində olduğu kimi iş həyatında da Allahın rizasını gözləməli və insanlara faydalı olma niyyətini bütün məqsədlərin üstündə tutmalıdır.

      b) Hər hansı bir işə təşəbbüs göstərən adam o işə bələd olmalıdır. İslam əxlaqçıları hər müsəlmanın öz iş sahəsiylə bağlı mühüm şeyləri bilərək qazancını haramdan qorumağın vacibliyini qeyd etmişlər.

      Bu iki xüsusa riayət etməyən insan cəmiyyətə faydadan çox zərər verməkdədir ki, İslam buna qarşıdır. Çünki müsəlman başqalarına əli və dili ilə zərər verməyən kəs olaraq tərif edilmişdir..

      İstər Qurani-Kərimin, istərsə də hədislərin ortaya qoyduğu düsturlar iş və ortaqlıq həyatında bəzi çox mühüm mövzulara toxunur. Hər hansı bir ticari əlaqə zamanı tərəflərin bir-birini aldatması, maldakı qüsurun gizlədilərək alıcıya deyilməməsi, müştəri olmadığı halda camaatı şirnikləndirmək üçün yalandan özünü alıcı kimi göstərmək və borcunu vaxtında ödəməmək günah sayılmışdır. Bu və bu kimi ticari qaydalara riayət edilməyəcəyi təqdirdə əldə edilən qazanc İslam nöqteyi-nəzərindən halal sayılmamışdır.

      Allah hamımızı halal yolla qazananlardan etsin!

      [1] Qəsəs 28/73

      [2] Nəcm, 53/39

      [3] Araf, 7/32

      [4]Cuma, 62/9

      [5] Buxari, Zəkat, 50

      [6] Buxari, İcarə, 2

       

      • Hits: 710 clicks

      Tecox component by www.teglo.info