Aqil ƏLİYEV- BAHAR FƏSLİ

      Share

      Uca Allaha qulluq vəzifələrimizin ən başlıcası fərz buyurduğu ibadətlərdir. Heç bir ibadət fərzdən daha üstün ola bilməz.

       Biz fərz olan ibadətləri  Rəbbimizin əmri olaraq yerinə yetiririk. Fərz ibadətlərdən sonra bir də nafilə ibadətlər var ki, bunlar həm böyük savab, həm də fərzlərin əskiklərini tamamlayan ünsürlərdəndir. Bir mömin nafilə ibadətlərə davam edərsə, Uca Allahın razılığını qazanar və Peyğəmbərinin (s.ə.s) sünnəsini yerinə yetirmiş olar.

      Peyğəmbərimiz (s.ə.s) nafilə ibadətlərə də böyük əhəmiyyət vermişdir. Ümmətinin xeyrinə olan münasib fürsətləri dəyərləndirmək baxımından qış fəslinin uzun gecələri və qısa günlərini daha çox ibadətə həsr etməyə təşviq etmişdir. Bu haqda belə buyurmuşdur: “Qış fəsli möminin baharıdır”. (Əhməd ibn Hənbəl, Müsnəd, III, 75)

      Bildiyimiz kimi, qış fəslində gündüzlər qısalmaqda, gecələr isə uzanmaqdadır. Bundan istifadə edən fərasət sahibi möminlər gündüz nafilə və ya qəza oruclarını tutar, gecələr isə təhəccüd namazlarına qalxmağa geniş imkan taparlar. Elə buna görə də Allah Rəsulu (s.ə.s) qış fəslinin mömin üçün əslində bahar fəsli olduğunu qeyd etmişdir. Çünki adətən bahar fəslində daha çox iş görülür, biçin və yığım işləri üçün hazırlıq edilir. Möminlər də qış fəslində fürsətləri dəyərləndirərək savabları çoxaltmağa çalışarlar. 

      Gündüzlərin qısa olduğu bu günlərdə ramazandan qəzaya qalan oruclarla yanaşı, həm bazar ertəsi və cümə axşamı günü orucları, həm də hər bir hicri-qəməri ayın ortasında tutulan, yəni 13,14 və15-ci günlərin oruclarını tutmaq olar. Qəzadan əlavə olaraq qeyd etdiyimiz bu orucların hamısı fəziləti bizə sünnə yolu ilə bildirilmiş oruclardır.

      Bundan əlavə, bu fəsildə məscidlərdə camaatla namaz qılmaq vərdişini də qazana bilərik. Gecə uzun olduğu üçün yuxumuzu kifayət qədər alıb sübh namazına daha rahat qalxarıq. Namazı camaatla qılmaq üçün məscidə getməkdə böyük savab vardır. Eyni zamanda gündüzlər qısa olduğu üçün yatsı namazı da daha erkən vaxtda qılınır. Bu namazda da camaata iştirak edib savabından faydalanarıq. Sübh namazı ilə yatsı namazının məsciddə camaatla qılınmasının Allah Rəsulu (s.ə.s) tərəfindən şiddətlə tövsiyə olunduğunu da göz önündə tutub, bu fəsildə bu alışqanlığı da qazana bilərik. Bunun əhəmiyyətini ifadə edən hədisi-şəriflərin birində belə buyurulur: “Qaranlıq gecələrdə məscidə gedən şəxslərin qiyamət günündə tam nura qovuşacaqlarını müjdələyin”. (Əbu Davud, Salat, 50)

      Buradakı qaranlıqdan məqsəd sübh və yatsı namazlarıdır. Qiyamət gününün nuru isə bağışlanma və cəhənnəmdən xilas olub cənnətə qovuşmağı ifadə edir.

       Uca Allah bir ayədə belə buyurur: “Gecənin bir qismində də oyanıb ancaq sənə xas olan gecə (təhəccüd) namazı qıl”. (əl-İsra, 17) Bundan əvvəlki ayədə fərz olan vaxt namazları əmr edilmiş, ardından da gecə namazına təşviq edən bu bəyan yer almaqdadır. Peyğəmbərimiz (s.ə.s) də bir hədisi-şərifində belə buyurur: “Ey insanlar! Salamlaşmağı yayın, imkansızlara yemek yedirin, insanlar yuxuda ikən (qalxıb) namaz qılın ki, salamatlıqla cənnətə  girəsiniz”. (İbn Macə, 3251)

      Allah Rəsulu (s.ə.s) gecə ibadətlərinə davam edərkən bəzən mübarək ayaqları şişərdi. Onun bu halını görən Hz. Aişə (r.anha) anamız: “Ey Allahın Rəsulu, keçmişdə və gələcəkdə günaha gedən yolunuz onsuz da sizə bağlı ikən nə üçün bu qədər əziyyət çəkirsiniz?” - dedikdə, Rəsuli-Əkrəm (s.ə.s): “Ey Aişə, Uca Allaha çox şükür edən bir qul olmayımmı?”(Buxari, Təhəccüd, 6) - buyurmuşdu. Bəzən də gecə vaxtı Hz. Əlinin (r.a) evinə gedərək: “(Təhəccüd) namazlarınızı nə vaxt qılacaqsınız?” - deyə səslənərdi.

      Qeyd etdiyimiz ayeyi-kərimə və hədisi-şəriflərdə də gördüyümüz kimi, Uca Allah gecə ibadətinə və nafilə ibadətlərə böyük əhəmiyyət vermişdir. Allaha daha çox yaxınlaşmaq istəyən bir möminin seçimi ibadətlərin bahar fəsli olan bu mövsümü ən ideal şəkildə dəyərləndirmək olmalıdır.

      • Hits: 313 clicks

      Tecox component by www.teglo.info