Həzi ASLANOV- Əlinə, Dilinə, Belinə sahib ol

      Share

      İnsan oğlunun özü ilə yanaşı, ətrafındakı insanlara qarşı da məsuliyyətləri vardır. Bu məsuliyyətlər altında dünya və axirətdə xoşbəxt olmağın yolu gözəl əxlaqdan keçir. Uca dinimiz insanlar üçün ən gözəl əxlaq qayda və normalarını  gətirmişdir.

      Əxlaqi prinsiplər bir İslam mütəfəkkirinin ifadəsi ilə “əlinə, dilinə və belinə sahib ol!” şəklində yığcam bir şəkildə ifadə edilmişdir. Bu, çox kiçik bir cümlə olsa da, məna baxımından insanlara böyük gözəlliklər qazandıracaq ifadədir.

      1. Əlinə Sahib Olmaq: Əlinə sahib olmaqdan məqsəd əlimizdən çıxacaq bütün işlərdə ölçülü olmaq, Yaradanımızın və birlikdə yaşadığımız insanların zərər görməyəcəyi hərəkət və davranışları həyata keçirməkdir.

      Belə ki, İslam dini  özünə aid olmayan bir malı mənimsəməyi, oğurlamağı, istər öz canı olsun, istər başqa biri olsun, cana qəsd etməyi haram qılmış və insanlara haqsız yerə sözlə və ya hərəkətlə olan hücumları qadağan etmişdir. Bir ayədə: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin!” (ən-Nisa, 29) buyuraraq haqsız qazanc əldə etməmiz qadağan edilmişdir. Başqa bir ayədə də: “Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın!” (əl-Bəqərə, 188) – buyurulur.

      İnsan oğlu yaradılmışlar içində ən qiymətli varlıqdır. Hər bir kəsin canı şərəflidir. Uca Rəbbimiz bu xüsusa belə işarə etməkdədir: “Hər kim başqasını öldürməmiş və fəsad çıxarmamış bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olar. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olar”.  (əl-Maidə, 32)

      İnsanı yaradan Allahdır, onun canını da yenə Allah alacaq. Uca Rəbbimiz haqsız yerə insan öldürməyi haram etmişdir.  Bir hədisdə: “(İnsanı) həlak edən bu yeddi şeydən uzaq durun: Allaha şərik qoşmaq, sehr etmək, Allahın haram etdiyi cana qıymaq, faiz yemək, yetim malı yemək, döyüşdən qaçmaq, günahsız və namuslu mömin qadınlara iftira atmaq”, - buyurulur. (Buxari, Vəsayə, 23)

      2. Dilinə Sahib Olmaq: Dil görünüşcə bir ət parçası olsa belə, etmiş olduğu icraat baxımından çox əhəmiyyətli orqanlarımızdan biridir. Yaxşı bir şeyin və ya pis bir şeyin ifadə edilməsi dil ilə olur. Sevgi və nifrət sözləri həmişə dildən tökülər. İnsanların könlünü almaq və ya onların könlünü qırmağın ən asan yolu dildir.

      Uca Rəbbimiz Qurani-Kərimdə dilimizi qorumağımızı istəmiş, dilimizdən çıxacaq hər cür pis ifadələrdən uzaq durmağı və daim yaxşı şeylərlə məşğul olmamızı istəmişdir:

      “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir”. (İbrahim, 24-26)

      “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”. (əl-İsra, 53) 

      “Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: 'Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!'– deyirlər”. (Qəsəs, 55)

      “Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin”. (əl-Əhzab, 70)

      “Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz”. (ən-Nisa, 148)

      Peyğəmbərimiz (s.ə.s) doğruluğun əhəmiyyətini, yalanın fəlakətini bir hədisində belə ifadə etməkdədir: “Heç şübhə yoxdur ki, düzgünlük yaxşılığa aparar. Yaxşılıq da cənnətə aparar. İnsan doğru söyləyə-söyləyə Allah qatında siddiq (doğru sözlü) deyə yazılar. Yalançılıq pisliyə aparar. Pislik də cəhənnəmə aparar. Adam yalan danışa-danışa Allah qatında kəzzab (çox yalançı) deyə yazılar”. (Buxari, Ədəb, 69)

      3. Belinə Sahib Olmaq: Burada məqsəd insanın nəfsinin qadağan olunmuş istəklərə qarşı çıxması, nikahı və halalı olmayana meyl etməməsidir. Uca Dinimizin bu məsələdəki halal və haram dairəsi bəllidir. Uca Rəbbimiz Muminun surəsinin ilk ayələrində həqiqi nicat tapanların xüsusiyyətlərindən bəhs edərkən: “Onlar ki, ismətlərini qoruyarlar”, - buyurmuşdur.

      Nikahsız birlikdəliyin adı evlilik ola bilməz. Belə halların şəxsləri çox pis nəticələrə aparacağı unudulmamalıdır. Bir ayədə: “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!” (əl-İsra, 32) – buyurulur.

      Uca dinimizin bizlərdən istəmiş olduğu bütün istəklərin hamısı insanın mənfəətinə xidmət edir. Rəbbimiz “əs-Saməd”dir, hər şeyin özünə möhtac olduğu, Özünün isə heç bir şeyə möhtac olmadığı Uca Allahdır. İslam dininin gətirmiş olduğu əxlaqi prinsiplər isə insan həyatına ən uyğun, ən münasib düsturlardır. Bu səbəblə bizdən istənən buyruqları həyata keçirmək və qadağalardan çəkinmək həm bu dünya həyatımızı, həm də axirət həyatımızı razı qalacağımız bir həyat halına gətirəcəkdir.

      • Hits: 320 clicks

      Tecox component by www.teglo.info