Anar QURBANOV- Sual-Cavab

      Share

      Sual: Dini baxımdan natəmiz (nəcasət) bulaşan bir paltar kimyəvi təmizləmə ilə təmizlənərsə, təmiz sayılarmı, bu paltarla namaz qılmaq olarmı?

      Cavab: Paltar əl və digər vasitələrlə yuyularaq təmizləndiyi kimi, kimyəvi təmizləmə cihazlarından istifadə edilərək də təmizlənə bilər. Kimyəvi təmizləmə ilə məşğul olanlardan əldə edilən məlumata görə, bu təmizlik dərmanlı və ləkə aparan su ilə yuyularaq ümumi, yaxud təkcə ləkələrin çıxarılması məqsədi ilə aparılır. Burada ilk əvvəl təmizlənməli olan yerlər müəyyənləşdirilib ləkələr buxarla və ləkə aparan dərmanlarla lazımi qədər yumşaldılır. Sonra isə təmizlik onların sürtülüb təmizlənməsi və bu zaman meydana gələn nəmin hava ilə vakuumlanması surətilə yerinə yetirilir. Odur ki, bu üsulla təmizlənən əşyanın dini baxımdan da təmiz olmasına hər hansı bir maneə yoxdur.   

       

      Sual: Gecə vaxtı dırnaq tutmaq olarmı?

      Cavab: Fiziki təmizlik və dırnaq kəsməklə əlaqədar olaraq Hz. Aişədən (r.anhə) nəql edilən bir hədisdə Hz. Peyğəmbərimiz (s.ə.s) on şeyin fitrətdən olduğunu və bunlardan birinin də dırnaq tutmaq olduğunu bildirmişdir.(Müslim, Təharət, 56) Məhz bu hədisi-şərifdən aydın olur ki, dırnaq tutmaq fitri bir təmizlik olmaqla yanaşı, müəyyən bir vaxt və məkan məhdudiyyəti də qoyulmamışdır (Həcc və ya ümrə ehramında olmaq istisna qəbul edilir). Odur ki, gecə vaxtı dırnaq tutmaqda dini baxımdan heç bir qəbahət yoxdur.

       

      Sual: Dəstəmazı olub-olmadığını unudan, ya da dəstəmazında şübhəyə düşən bir şəxs nə etməlidir?

      Cavab: Bir şəxs dəstəmaz aldığından əmin olduğu halda dəstəmazının pozulub-pozulmadığında şübhəyə düşərsə, o, dəstəmazlı sayılır. Bunun əksinə, dəstəmazının pozulduğunu bildiyi halda sonradan dəstəmaz alıb-almadığından şübhələnərsə, dəstəmazsız sayılır. Çünki İslam hüququndakı bir qaydaya görə: “Dəqiq bilinən bir şey şübhə ilə ortadan qalxmaz”.

       

      Sual: Bilərəkdən dəstəmazsız namaz qılan şəxs dindən çıxarmı?

      Cavab: Əvvəla qeyd edək ki, dinin bütün əsaslarını qəlbən mənimsəyən, lakin müxtəlif səbəblər ucbatından dinin əmr və qadağalarına riayət etməyən kimsə işlədiyi günahı halal saymadığı və yaxud istehza edərək kiçik görmədiyi müddətcə mömin sayılır. Məhz bu səbəbdən namaz üçün dəstəmazın fərz olduğunu inkar etməyincə, yaxud da lağ edib əylənmək məqsədi ilə bu kimi davranışlara yol verməyincə dindən çıxmaz.

       

      Sual: Bir namaz həm qəza, həm də sünnə niyyəti ilə qılına bilərmi?

      Cavab: Qəzaya qalmış namazların qəzası ilə məşğul olmaq rəvatib (fərz namazlara aid olan) sünnələrdən başqa hər hansı bir nafilə namaz qılmaqdan daha mühümdür. Ancaq rəvatib sünnələr və təraveh namazı imkan daxilində tərk edilməməlidir. Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Qulun qiyamət günü ilk sorğu-sual olunacağı mövzu fərz namazlardır. Əgər bunlar yerində olarsa, onun işi asanlaşar. Lakin fərzlərində nöqsanlıqlar olduğu təqdirdə: “Baxın görün nafilə namazı varmı?” – deyilər və nafilələrlə fərzləri tamamlanar”. (Tirmizi, Salət, 193)

      Qılınan namazın nə olduğu dəqiq müəyyən edilərək niyyət edilməlidir. Namaz qılarkən birdən çox namaza niyyət etmək olmaz. Həm qəza namazına, həm də sünnə namaza niyyət edilərsə, bu namaz qəza namazı olar və ikisi birlikdə qılınmış sayılmaz.

       

      Sual: Namazda qiraət zamanı səhvə yol verilərsə, namaz pozularmı?

      Cavab: Namazdakı qiraət xətaları ilə bağlı fəqehlər bir neçə şərt qoymuşlar. Bu şərtləri aşağıdakı kimi xülasə etmək olar:

      Quran qəsdən mənası dəyişəcək şəkildə səhv oxunarsa, namaz pozular. Xəta ilə və ya unudularaq səhv oxunduğu təqdirdə isə:

      1. Əgər xəta kəlmələrin hərəkələrində olarsa, mənada dəyişiklik olub-olmamasından asılı olmayaraq namaz pozulmaz.

      2. Əgər xəta qiraət əsnasında dayanılmalı olan yerlərdə olarsa, yəni həmin yerlərdə dayanılmadan qiraətə davam edilərsə, mənasında dəyişiklik olub-olmamasından asılı olmayaraq namaz pozulmaz.

      3. Əgər bir hərf yerinə başqa bir hərf oxunmaqla xəta edilərsə, burada mənanın dəyişib-dəyişmədiyinə baxılar. Belə ki, bir hərf dəyişər və bu dəyişikliklə kəlmənin mənası dəyişməz, eyni zamanda Quranda həmin kəlmənin oxşarı olarsa, namaz pozulmaz. Hərf dəyişikliyi ilə kəlmənin mənası dəyişməz və bu kəlmənin bir oxşarı Quranda olmazsa, Əbu Hənifə və İmam Məhəmmədə görə, namaz pozular (Əbu Yusifin görüşünə görə isə pozulmaz). Əgər hərfin dəyişməsi ilə məna dəyişər və Quranda da oxşarı olmazsa, namaz pozular.

      Bundan əlavə, namazda az və ya çox olmaqla ayələr ötürülərsə, bununla namaz pozulmaz. Həmçinin namazda qiraət zamanı böyük səhvə yol verdikdən sonra təzədən düzəldilərək düzgün bir şəkildə oxunarsa, namaz keçərli olar.

       

      Sual: Müəyyən bir yerə və ya müəyyən bir yoxsula sədəqə verməyi nəzir (əhd) edən bir şəxs başqa bir yerə və ya başqa bir şəxsə versə, nəzirini yerinə yetirmiş olarmı?

      Cavab: Bu məsələdə mühüm olan nəzirin yerinə yetirilməsidir. Nəzirin yerinə yetirilməsi üçün nəzərdə tutulan yer və şəxs mühüm deyil. Odur ki, müəyyən bir yerə və ya şəxsə sədəqə verməyi əhd edən kimsə başqa bir yerə, təşkilata və ya şəxsə əhd etdiyi sədəqəni verməklə nəzirini yerinə yetirmiş olar. 

      • Hits: 323 clicks

      Tecox component by www.teglo.info