Həzi ASLANOV- İSTİŞARƏ

      Share

      Uca Rəbbimiz bizim hər iki dünyada səadətə çatmağımız üçün bir çox imkanlar bəxş etmişdir. İbadət, axirət və digər din işləri ilə birbaşa əlaqəsi yoxmuş kimi görünən dünyəvi işlərdə də Rəbbimizin bizlərə yol göstərən əmrləri vardır.

      Bu əmrlərdən biri də “istişarə” və ya başqa bir ifadə ilə “məşvərət”dir. İstişarə – yerinə yetiriləcək işlər barəsində səlahiyyətli kəslərlə məsləhətləşmək, onlardan fikir öyrənməkdir. Şura və müşavirə sözləri də eyni mənada istifadə olunur.

      Rəbbimiz istişarə etməyi əmr etmişdir. Çünki istişarəsiz iş müvəffəqiyyətsizliklə nəticələnər. Xüsusilə hər kəsi maraqlandıran məsələlərdə istişarəsiz qərar vermək çəkişmələrə və bir-birini ittihama səbəb olar. İstişarənin kəlmə kökü olan “Şura” sözünün Qurani-Kərimdə bir surənin adı olaraq yer alması da məsələnin dinimizdəki əhəmiyyətini ifadə etməkdədir.

      Müşavirənin mövzusunu Quran və Sünnənin açıqca bəyan etmədiyi və ya sərbəst buraxdığı xüsuslar təşkil edir. Çünki Rəbbimizin açıqca əmr etdiyi bir şeyi qullarından soruşmağa ehtiyac yoxdur. Bir insan “Zəkatımı verimmi?” deyə istişarə edə bilməz. Çünki bu, Allahın açıq əmridir. Lakin “Necə verim, kimə verim, nə zaman verim?” deyə işin əhlindən məsləhət almaq istişarə səbəbi ola bilər. Fərqli görüşlərə müraciət surətilə ən sağlam nəticəyə çatmaq arının müxtəlif çiçəklərdən lazımlı şirələri toplayıb onları bala çevirməsinə bənzəyir.

      Uca Rəbbimiz Şura surəsində belə buyurur: “Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. Bu mükafat bu kəslər üçündür: İman edənlər, Rəbbinə təvəkkül edənlər, böyük günahlardan və çirkin əməllərdən çəkinənlər, qəzəbləndikləri zaman bağışlayanlar, Rəbbinin dəvətini qəbul edən və namaz qılanlar, işləri barədə öz aralarında istişarə (məsləhətləşmə) edənlər, onlara verdiyimiz ruzidən Allah yolunda sərf edənlər...” (əş-Şura, 36-39)

      Gördüyümüz kimi, istişarə iman, namaz, infaq və təvəkkül kimi çox mühüm dini əsaslarla birlikdə zikr edilmişdir. Başqa bir ayədə isə şəxsən Peyğəmbərimizə (s.ə.s) istişarə əmr edilmişdir: “Görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər”. (Ali-İmran, 159)

      Fətanət sahibi, ağıllı bir şəxs olan, həm də peyğəmbər olması səbəbi ilə ilahi vəhyə müxatəb olan Peyğəmbərimizə istişarənin əmr olunması bizlərə necə də böyük bir dərsdir! Hətta istişarə edəcəyi insanlar da dünənin cahiliyyə insanları olan və nə bilirlərsə Peyğəmbərimizdən öyrənmiş olan kimsələrdir. Əgər insanlar arasında istişarəyə ehtiyac duymayan bir şəxs olsaydı, o da Həzrət Peyğəmbərimiz (s.ə.s) olardı. Halbuki o, haqqında qəti əmr olmayan, görüş və ictihada açıq mövzularda əshabıyla məsləhətləşmişdir. Beləcə, onların fikir və düşüncələrinə də dəyər vermişdir. Çünki məqam və mövqe sahiblərinin tabeliyindəkilərlə istişarə etməsi onlara dəyər verməsi deməkdir.

      Uca Allah ulul-əmrə itaəti əmr etmişdir. Yəni idarəçilərin qanuni və ağlabatan əmrlərinə itaət etmək lazımdır. Bununla yanaşı, ulul-əmrin özünə də digərləri ilə istişarə edərək hərəkət etməyi əmr etmişdir. Beləliklə, bu itaət qeydsiz-şərtsiz bir bağlanma olmamış olur. İdarə edilənlərin də fikrini söyləmə imkanı ortaya çıxır. Lakin idarəçinin istişarələrdə dilə gətirilən hər fikri qəbul etmək məcburiyyəti də yoxdur. Dinləyər, görüşər, məlumatları və təcrübələri qiymətləndirər və qərarını verər.

      İstişarələrdən bəhs edərkən ağlımıza sadəcə idarə, müəssisə gəlməməlidir. Cəmiyyətin təməli olan ailədə də müşavirə çox əhəmiyyətlidir. Bəqərə surəsinin 233-cü ayəsində uşağa süd əmizdirmə və s. xüsuslarda istişarə edilməsinə bir işarə və təşviq vardır.

      Əmək və iş həyatı baxımından da istişarə əhəmiyyətli bir ehtiyacdır. Bu vəziyyət işçi ilə müdir arasındakı qardaşlıq duyğularının və məhsuldarlığın inkişafına vəsilə olmaqdadır.

      Eyni şəkildə təlim və tədris sahəsində ediləcək qarşılıqlı məsləhətləşmələr də əhəmiyyət kəsb edir. Valideyn, müəllim və məktəb arasındakı məsləhətləşmələr uşaqların düzgün yetişdirilmələri üçün mühüm vasitə və üsuldur.

      Unudulmamalıdır ki, öz düşüncələrinə çox güvənən və başqalarının fikirlərindən faydalanmağı bilməyənlər üstün bir qabiliyyətə, kəskin bir zəkaya, böyük bir elm və təcrübəyə sahib olsalar belə, düşüncələrini istişarələrə ərz edən normal insanlara nisbətən onların yanılma və səhv etmə payları daha çoxdur.

      Qardaşlıq duyğuları içində bir yerə yığışan insanlara Allahın rəhməti təcəlli edər və xeyirli, faydalı, müvəffəqiyyət verəcək fikirlər orada ortaya çıxar. Üstəlik istişarə: “Mən düşündüm! Təkbaşına mən etdim!” şəklindəki qürurlu yanaşmalara fürsət verməyərək, təvazökarlığı, “kollektiv ruhu”nu və “biz” anlayışını qüvvətləndirər.

      Digər tərəfdən, edilən məsləhətləşmələrdən xeyirli və gözəl nəticələr alına bilməsi üçün görüş və düşüncələrinə müraciət ediləcək şəxsləri seçərkən də diqqət edilməli, elmli, irfanlı, etibarlı, təcrübəli, iman sahibi insanlar olmalarına diqqət yetirilməlidir.

      • Hits: 93 clicks

      Tecox component by www.teglo.info