Şirəli MƏMMƏDOV- XƏBƏR

      Share

      Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

       

      Azərbaycan prezidenti İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində noyabrın 6-da İspaniyanın paytaxtı Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

      Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Rafael Hüseynov, Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiyaların başçıları - Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete daxildir.

      Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfrans iştirakçılarına, İspaniya xalqına və dövlətinə Azərbaycan Prezidenti İlham Əliyevin salamını və xoş arzularını çatdıraraq tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

      Konfransda dinlərarası ortaq memorandum imzalanıb.

       

      Bakıda “Tolerantlıq örnəyi Azərbaycan” mövzusunda konfrans keçirilib

       

      Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Tolerantlıq örnəyi Azərbaycan” adlı konfrans keçirilib.

      Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı cəmiyyətimizdəki mövcud tolerantlıq ənənələrindən, onun qorunub saxlanılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib. O bildirib ki, bu gün Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan digər sahələrdə olduğu kimi, dinə, vicdan azadlığına, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi ölkəyə çevrilib.

       

      Türkiyədə ilk dəfə qadın dini komitənin sədr müavini oldu

      Türkiyədə ilk dəfə ölkənin dini komitəsi "Diyanət" işləri sədrinin müavini vəzifəsinə qadın təyin edilib. Bu barədə Türkiyə prezidentinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ məlumat yayıb. Bozdağ, professor Huriye Martı xanımın "Diyanət" sədrinin müavini təyin edildiyini deyib.

      "Prezidentimiz və Diyanət sədri ilə birlikdə aparılan məsləhətləşmələr nəticəsində ilk dəfə Türkiyə Cümhuriyyəti dövləti Diyanət sədrinin müavini vəzifəsinə professor Huriye Martı xanım təyin olunmuşdur. Təyinat barədə qərar imzalanıb və vəzifənin icrasına başlanılacaq", - deyə Bəkir Bozdağ bildirib.

       

      Fransada müsəlmanlar namazlarını küçədə qılırlar

      Fransanın paytaxtı Parisin Klişi bölgəsindəki məscidin bağlanmasına etirazlarını bildirən müsəlmanlar bu məqsədlə küçədə namaz qılıblar. Fransanın daxili işlər naziri Jerar Kolomb bildirib ki, müsəlmanların küçədə namaz qılmasının qarşısı alınmalıdır. 

      "Müsəlmanların küçədə namaz qılmasının qarşısını alacağıq. Onların namaz qılacaq bir yerləri olmalıdır. Bu problemin qarşılıqlı müzakirələrlə bir neçə həftəyə qədər həlli tapılacaqdır", - deyə Kolomb "Questions Politics"ə verdiyi müsahibədə bildirib. 

      Xatırladaq ki, şəhər administrasiyası ilə müsəlmanlar arasında bu problem mart ayından bəri davam edir. Müsəlmanların bələdiyyədən icarəyə götürdükləri yer mart ayında boşaldılaraq kitabxanaya çevrilib. Sonra namaz qılmaq üçün başqa bir yer açılsa da, camaata kifayət etmədiyi üçün o gündən bəri cümə namazları küçədə qılınır.

      Təxminən 5 milyon müsəlmanın yaşadığı Fransada məscid az olduğu üçün küçələrdə namaz qılınması daha intensiv hala gəlib.

       

      İsveçrəli siyasətçi: İslam dini bizim ölkəmizə aiddir

      İsveçrədə Sosial Demokratiya Partiyasının lideri Kristian Levrat İslamın rəsmi din kimi qəbul edilməsini təklif edib. Diyanət işlərinin İsveçrədəki fəaliyyətinə də dəstək verdiyini bildirən Levrat: "İslam bizim ölkəmizə aiddir", - deyib.  

      "İsveçrədə 400 min müsəlman var. Onlardan 160 mini İsveçrə pasportu daşıyır. İslam bizim ölkəmizə aiddir. Ölkəmizdəki təxminən 240 məsciddən bəzisində radikallaşma meylləri var. Hər iki tərəf də tolerantlıq üçün bir addım atmalıdır", - deyə Levrat yerli "Sonntags Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib.

      Diyanətin fəaliyyətinin məhdudlaşdırılmasına da etiraz edən siyasətçi bildirib ki, türk imamların olmaması ilə yaranacaq boşluqları sələfilər və vəhhabilər doldura bilər. Həmin şəxslərin radikal meyllər yaratdığını deyən Levrat, imamların ərəbcə yerinə almanca və ya fransızca moizə oxumasının daha məqsədəuyğun olduğunu qeyd edib. 

      "İslam rəsmi din kimi qəbul edilərək din xadimlərinin təhsil məsrəfi İsveçrə tərəfindən qarşılanmalı, bu iş əcnəbilərə və radikallara buraxılmamalıdır. İsveçrəyə aid bir İslam dini ola bilərmi? Bunu müzakirə etməliyik", - deyə isveçrəli siyasətçi bildirib.

      • Hits: 92 clicks

      Tecox component by www.teglo.info