Home Arxiv 2017 № 131 Oktyabr Aqil ƏLİYEV- RUZİMİZİ ARTIRAN SƏBƏBLƏR-2


    Aqil ƏLİYEV- RUZİMİZİ ARTIRAN SƏBƏBLƏR-2

      Share

      Sədəqə vermək: Etdiyimiz hər bir yaxşılıq və xeyirli əməlin əvəzini Uca Allah tam olaraq verməkdə, eyni zamanda ruzimizə və qazancımıza bərəkət bəxş etməkdədir.

       Bu o demək deyil ki, biz sədəqə verməklə var-dövlətimiz bir anda çoxalacaq və  zəngin insana çevriləcəyik. Buradakı ifadədən məqsəd qazanılan malın o insan üçün xeyirli, faydalı və bərəkətli olmasıdır. Bu, mal sahibinin canının və malının ölüm xaric digər bəla və müsibətlərdən sığortalanmasıdır. Çünki Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Sədəqələrinizi verməkdə tələsin. Çünki bəla sədəqənin önünə keçə bilməz”. (Cəmius-Sağir,  Feyzul-Qadir şərhi 3, 195)

      Allah-Təala sədəqənin qarşılığını ən az on qat çoxaldır. Dilədiyi kimsə üçün bunu daha da artırır. Ayeyi-kərimədə belə buyurulur: “Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir”. (əl-Bəqərə, 261)

      Qohum-əqrəba ziyarəti: Qohum-əqrəbalarımızla yaxşı davranıb, onları tez-tez ziyarət edib, hallarından xəbərdar olub ehtiyaclarını həll etməyə çalışmağımız da eyni zamanda ruzi-bərəkətimizi artırmaqda, ömrümüzün uzun və xeyirli olmasına səbəb olmaqdadır. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Kim ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyirsə, qohum-əqrəbasını ziyarət etsin, onları daim himayə etsin”. (Buxari, Ədəb 12, Büyu, 13)

      Qonaqpərvər olmaq: Yaxşı möminlərin xüsusiyyətlərindən biri də, heç şübhəsiz, qonaqpərvər olması, öz qapısını və könlünü Allah qonaqlarına aça bilməsidir. Qonaqpərvər olan insanın həm ruzisi bollaşar, həm də gələn qonağın dua etməsi nəticəsində günahları əfv olunar. Allah Rəsulu (s.ə.s) buyurur: “Qonaq öz ruzisi ilə gələr (ruzisi bollaşar) və ev sahibinin günahlarının əfv olunmasına səbəb olar”. ( Fəthul-Kəbir, I, 77) Yenə başqa bir hədisdə belə bildirilmişdir: Qəbul olunmasında şübhə olmayan üç dua var: Məzlumun duası, qonağın (ev sahibinə etdiyi) duası, atanın övladlarına etdiyi dua”. (Əbu Davud, Vitr, 29; Tirmizi, Birr, 7)

      Cəm halda yemək: Yaradılmış hər bir canlı kimi insanın da yemək-içməyə ehtiyacı var. Bir mömin yemək-içmək ehtiyacını da Uca Allahın və Onun elçisinin göstərişi istiqamətində qarşılayarsa, o qida onun üçün şəfa və bərəkət qaynağı olar. Bunun üçün İslamın buyurduğu yemək-içmək qaydalarına və ədəblərinə son dərəcə diqqət etməliyik. Bunların başlıcaları: yeməkdən öncə əlləri yumaq, süfrəyə ailəcə, cəm halda oturmaq, bismillahla başlamaq, Allaha şükür içində ədəblə yemək, bitirdikdən sonra Allaha dua edib xeyirli və bərəkətli olmasını diləməkdir. Qafilanə və şüursuzca yeyilən yeməyin bizim üçün o qədər də faydalı olmasını gözləmək olmaz. Hədisi-şərifdə buyurulur:Yemək süfrənizə hamınız birlikdə oturun və yeməyə başlamadan əvvəl Allahın adını (Bismillah) anın. Əgər belə etsəniz, Uca Allah o yeməyi sizin üçün bərəkətli edər”. (Əbu Davud, Tac Camiul-Üsul, 3, 135, İbn Macə, 245)

      Nemət verəni unutmamaq: Hz. Aişə anamız (r.a) belə xəbər vermişdir: “Bir gün Allah Rəsulu (s.ə.s) səhabələrdən 5-6 nəfərlə birlikdə yemək yeyirdi. Bu əsnada səhrada yaşayan bir ərəb gəldi. Süfrəyə dəvət olundu, oturub bir-iki loğma yeyəndə yemək tükəndi. Bunu görən Allah Rəsulu (s.ə.s): “Əgər bu adam yeməyə bismillahla başlasaydı, yeməyimiz bərəkətlənər və hamımıza kifayət edərdi”, - buyurdu”. (Tirmizi, Şəmaili-Şərif, 139, İbn Macə, 242)

      Təmizlik: Əllərimizin təmiz olmasının yeməyə bərəkət qatacağı isə hədisi-şərifdə belə xəbər verilmişdir:“Yeməyin bərəkəti yeməkdən əvvəl və sonra əlləri yumaqdadır”. (Əbu Davud, 2, 122, Tac Camiul-Üsul, 3, 121)

      Bərəkətli qidalar: Uca Allah bəzi qidaları əslən bərəkətli yaratmışdır. Bu qidalara nümunə olaraq  xurma, bal, süd və zəmzəm suyunu göstərə bilərik. Hədisi-şərifdə belə buyurulur: “İki şəfa qaynağından mütləq istifadə edin: bal və Quran”. (İbn Macə, Tibb, 7)

      Bərəkətli vaxtlarda dua: Allah-Təala bəzi vaxtları insanlar üçün daha bərəkətli etmiş, o saatlarda edilən dua və ibadətləri digərlərindən daha çox məqbul saymışdır. Bu mənada ömrümüzün, günümüzün və ruzimizin bərəkətli olması üçün səhər vaxtlarında ayıq olmağın, Uca Allahdan günümüzün xeyir-bərəkətli olmasını diləməyin də əhəmiyyəti böyükdür. Gecənin son üçdəbiri, yəni sübh namazından əvvəl və sonrakı səhər vaxtı maddi və mənəvi inkişaflar üçün bərəkətli olan müstəsna zamanlardandır. Uca Allah hər birimizə xeyirli, bərəkətli ömürlər və ruzilər bəxş etsin! Amin!

      • Hits: 50 clicks

      Tecox component by www.teglo.info