Home Arxiv 2017 № 131 Oktyabr Saleh ŞİRİNOV- Seyyidül-İstiğfar


    Saleh ŞİRİNOV- Seyyidül-İstiğfar

      Share

      Dünyadakı texniki inkişaf başgicəlləndirici bir sürətlə gündən-günə artaraq davam edir.

       Biz də dünənə nisbətlə dünyaya daha bağlı, onun aşiqi, daha doğrusu, qandallı məhkumlarına çevrilirik. Dünya bataqlığına batdığımızı qəbul etməsək belə, ayaqlarımız o bataqlığın palçığıyla çirkləndi. Könlümüzün o fəsadçıya əsir düşdüyünü etiraf etməsək belə, onun bizi başdan çıxaran cilvələrinə maraqsız qaldığımızı söyləyə bilmərik.

      Peyğəmbərimiz (s.ə.s): “Dünya şirin, göz qamaşdırıcı və cazibədardır. Allah onu sizin istifadənizə verəcək və necə davranacağınıza baxacaq. Dünyaya aldanmaqdan çəkinin!" (Müslim, Zikr 99) deyə xəbərdar etdiyi halda könlümüzü bu xəstəliyə qapdırdıq. Bundan xilas olmağa çalışmasaq, ömür sərmayəmizi hədər edər, əliboş, başıaşağı bir müflisə çevrilərik.

      Dərdlilərin ümidi, könül xəstələrinin təbibi olan Allah Rəsulu (s.ə.s) bu kələkbaz dünyanın bizi Rəbbimizdən uzaqlaşdırmağa çalışdığını hiss etdiyimiz anda Seyyidül-istiğfara sarılmağımızı, Rəbbimizə həm halımızı, həm də bağlılığımızı ərz etməyi, onunla olan əhd-peymanımızı təzələməyi və bu sayədə təzə can tapıb yeni ümidlərlə yenidən dirilməyi tövsiyə etməkdədir. Rəbbimiz də: “Onlar bir pislik etdikləri və ya özlərinə zülm etdikləri zaman Allahı xatırlayıb günahlarından ötəri dərhal tövbə-istiğfar edərlər. Onsuz da günahları Allahdan başqa kim bağışlaya bilər ki?!” (Ali-İmran, 135) buyuraraq bizi istiğfara təşviq etməkdədir.

      “İstiğfarın ən üstünü qulun belə deməsidir” sözləri ilə Peyğəmbərimizin bizə tövsiyə etdiyi Seyyidül-istiğfar budur: “Allahummə əntə Rabbi, lə iləhə illə əntə, xalaqtəni və ənə abdukə, və ənə alə ahdikə və vədikə məstəta-tu. Əuzu bikə min şərri mə sanə-tu, əbu-u ləkə bi nimətikə aleyyə və əbu-u bizənbi, fəğfir li fəinnəhu lə yəğfiruz-zunubə illə əntə”.

      “Allahım! Sən mənim Rəbbimsən. İbadətə layiq Səndən başqa ilah yoxdur. Məni Sən yaratdın. Mən Sənin qulunam. Əzəldə sənə verdiyim sözümdə və vədimdə hələ gücüm çatdığı qədər dayanmaqdayam. İşlədiyim qüsurların şərindən Sənə sığınıram. Mənə lütf etdiyin nemətləri uca hüzurunda minnətlə xatırlayır, günahımı etiraf edirəm. Məni bağışla; şübhə yox ki, günahları Səndən başqa bağışlayacaq yoxdur”. (Buxari, Dəavat 2, 16; Əbu Davud, Ədəb 100-101; Tirmizi, Dəavat 15; Nəsai, İstiazə 57)

      Rəsuli-Əkrəm (s.ə.s) bir də bu müjdəni verir: “Hər kim Seyyidül-istiğfarı savabına və fəzilətinə bütün qəlbi ilə inanaraq gündüz oxuyar və o gün axşam olmadan ölərsə, cənnətlik olar. Yenə hər kim savabına və fəzilətinə könüldən inanaraq gecə oxuyar və səhər olmadan ölərsə, cənnətlik olar”.

      Bu dua və istiğfar tövbənin hər növünü içinə almaqdadır. Son dərəcə zəngin, zərif üslubu, olduqca dərin, geniş mənası səbəbi ilə ona “Seyyidül-istiğfar” adı verilmişdir. Çünki Seyyidül-istiğfarı oxuyan bir bəndə yeganə ilahinin Haqq-Təala olduğunu bütün səmimiyyəti ilə ifadə etməkdə, ibadətini yalnız Ona etdiyini dilə gətirməkdədir. Tək yaradanın Allah olduğunu söyləməkdə, Rəbbinin əzəldə onunla etdiyi müqaviləni qəbul etməkdə və orada Mövlasına verdiyi sözə bağlı qaldığını səmimiyyətlə etiraf etməkdədir. Uca Rəbbinin ona lütf etdiyi nemətləri təşəkkürlə yad etməkdə, işlədiyi günahları xəcalətlə etiraf etməkdə, bu günahlardan ötəri kimə sığınmaq lazım olduğunun şüuru içində olduğunu bildirməkdə, günahlarından xilas olma arzusunu açıqlamaqda və onları Allahdan başqasının bağışlaya bilməyəcəyi şüuruyla bağışlanma niyaz etməkdədir.

      “Əzəldə sənə verdiyim sözümdə və vədimdə gücüm çatdığı qədər dayanmağa davam edirəm” cümləsində qulun çox zərif bir surətdə acizliyinin etirafı vardır. Bu sözü ilə: “Ya Rəbb! Bəzmi-ələstdə bizdən: -Sizin Rəbbiniz deyiləmmi? - deyə soruşmuşdun, biz də: -Rəbbimizsən, Allahım! - demişdik. Qəbul və etiraf etdiyim bu qulluğun tələblərini, şübhəsiz, ən yaxşı şəkildə yerinə yetirməliyəm. Çünki Sən buna layiqsən; amma mən qüsurlu bir varlığam, layiq olduğun qulluğu lazım olduğu şəkildə göstərməkdən acizəm, bununla birlikdə, əlimdən gələni etməyə çalışıram”, - deməkdədir. Bunun dərhal ardından qul: “İşlədiyim qüsurların şərindən Sənə sığınıram”, - deməklə, “Ey Rəbbim! Vəziyyət ərz etdiyim kimi olduğuna görə, Sən mənim etdiklərimin azlığına baxma! Mənə, ortaya qoyduğum davranışlara və qulluğa görə rəftar etmə!” - deyə yalvarmaqdadır. Daha sonra bəndə Allahın nemətlərini minnətlə xatırlayıb günahını etiraf etməklə, o günahlardan xilas olmağa çalışdığını, amma bunu layiqilə etməyə gücünün çatmadığını dilə gətirməkdə, “Ey Rəbbim! Məni bağışla!” deyə yalvarmaqdadır.

       Hədisin sonundakı “o gün və ya o gecə ölənin cənnətlik olması” müjdəsi isə günahlar altında əzilən məhzun könüllərə bir səhər yeli sərinliyi və ümid bəxş etməkdədir. 

      • Hits: 34 clicks

      Tecox component by www.teglo.info