Təfəkküri - Mövt... / Şefika Kaya MERİÇ

      Share

      Nə ötüb keçən zamanı yaxalaya bilirik, nə də bitən həyatların son oluşunu.

      Hər faninin ölümü bir yarpaq kimi qopmaqdadır ömrümüzdən.

      Payız çağında xəzan olub tökülən yarpaqların kimə minnəti ola bilər ki.

      Yaxud da bir saman çöpünün su üstündəki biçarə axışına kim cavabdehdir...

      Bəzən insan heç ummadığı bir anda duyduğu xəbərlə sarsılır.

      Bəzən də ansızın gələn bir xəbər qarşısında dünya ilə olan əlaqələrimiz kəsilir.

       

      Demək olar ki, tez-tez gözümüzə sataşan bir söz var.

      Dost istərsən Allah yetər

      Bələdçi istərsən Peyğəmbər yetər

      Zənginlik istərsən qənaət yetər

      Nəsihət istərsən ölüm yetər…

       

      Bu son sətir nələr ifadə etmir ki!? “Nəsihət istərsən ölüm yetər” Əslində ölüm nəsihətdən də betər. Gənc qalacağından əmin îlàn insàn ədasının amansız qatilidir ölüm.

                  Təfəkküri-mövt bütün həvəsləri öldürən və insanın dar ehtiraslarında saysız rənglərin öncə solduğu, sonra da yox olduğu bir andır.

       

      Təfəkküri-mövt…

       

      Həvəs və arzuların ömrü tərləyən pəncərəmin buğu qədərdir.

      Hər gün yoldan fərqli insan siluetləri keçir. Kim bilir bəlkə də, bir dəfə keçən bir daha keçmir. Bəlkə də bu yoldan keçənlər hər gün keçəcəyini düşünür. Əslində isə yollar bizi bir sonsuza aparır...

                  Bütün sərmayəsi bir çuval buzdan ibarət olan adamın qızmar günəş altında get-gedə əriyərək yox olan var-dövləti nə qədər gerçəkdir…

                  Bütün Sərmayəsi pəncərəsinin buğuna yazdığı sətirlər olan bir yazarın yazdıqları nə qədər əbədi ola bilər...

                  Məhz buna görə də nəsihət olaraq ölümü həyatın mərkəzinə qoymaq sərmayəsi tükənməyən xəzinəyə sahib olmağa bərabərdir.

                  Daha bir neçə gün əvvəl simasını çox xatırladığım bir tanışımız bizim üçün ən böyük nəsihət köynəyini geydi.Yəni, o məşhur və məlum sona bizdən erkən qovuşdu. Bir neçə gün əvvəl danışdığınız və söhbət etdiyiniz birinin tənəşirdə yatan cansız vücudunu gördünüzmü heç?

                  Cansız bədənin insan beyninə xəncər kimi saplanan kəskin və acı nəsihətini duydunuzmu heç?      

                  Dərin və mənalı solğun bənizi seyr etdinizmi heç?

      Pəncərəmin buğu getdikcə göz yaşlarına çevrilir.

      Şüşədən aşağı göz yaşına bənzər incə damlalar süzülür…

      Yazdığım sətirlər bir-birinə qarışaraq yox olur.

                  Ölüm o qədər təsir etdi ki, bəlkə bir azdan şüşələr də qırılacaq və nə yazı qalacaq, nə də sətirlər…

                  Söhbət ölümdən gedirsə yazıya və sözə nə hacət.

                  Sözə yaraşan sükut libasına bürünmək deyilmi?!

       

      • Hits: 702 clicks

      Tecox component by www.teglo.info