Firdovsi HƏSƏNOV- Qeybət və İftira

      Share

      Orta məktəbdə oxuyanda bir müəlliməmiz vardı. “İnsan və Cəmiyyət” dərsini tədris edirdi.

       Çox maraqlı dərs keçirdi. Keçdiyi dərsin yadımızda qalması üçün onu yadımızda qalacaq bir şəkildə bizlərə başa salırdı. Heç vaxt yadımdan çıxmaz, müəlliməm iki sinif yoldaşımın mübahisə etdiyini görmüşdü. Nə olduğunu aydınlaşdırmaq üçün bilərəkdən sinfə müraciət etdi. Hər uşaq fərqli cavab verdi. Bütün sinfi lövhənin qarşısına topladı. Öndə mən dayandığım üçün mənim qulağıma yavaşca bir söz dedi və üzünü uşaqlara tutaraq bu sözü bir-birimizin qulağına bir dəfə demək şərtilə deməyimizi söylədi. Hər uşağın bir dəfə demək şansı vardı. İlk olaraq heç bir şey anlamadım. Hətta bunun heç də düz bir şey olmadığını düşündüm. Hamı sözü deyib qurtarandan sonra sonuncu şagird xaric hamının əyləşməsini söylədi. Bütün diqqət lövhədəki uşağın üzərində idi. Hələ də nə olduğunu anlamamışdıq. Müəllimə sözə başladı: “Baxın əzizlərim, indi sizə bir-birimiz haqqında anlamadan, dinləmədən necə yalnış düşündüyümüzü və danışmağımızı göstərəcəm”. Üzünü mənə tutub ayağa qalxmağımı və mənim qulağıma nə dediyini hamının qarşısında deməyimi istədi. Mən eşitdiyim sözü dedim. Sonra lövhədəki şagirdə səsləndi: “Ən axırıncı sən idin. Sən nə eşitdin?” Cavab heyrətamiz idi. Axırıncı şagird ilə mənim eşitdiyim sözün yaxından-uzaqdan heç bir  əlaqəsi yox idi. Müəllimə hər ikimizə əyləşməmizi söyləyərək sözünə davam etdi: “Bilirsiniz, indi biz burada sizinlə birlikdə yalan, iftira və qeybət  haqqında bir təcrübəni həyata keçirdik. Görürsünüz, birinci söz ilə axırıncı söz arasında heç bir əlaqə yoxdur. Siz birinci deyilən sözü axırıncı eşitdiyiniz söz kimi  söyləsəniz, dolayısıyla yalan danışmış və ən əsası qeybət edib iftira atmış olarsınız. Bunun üçün də danışdığınız hər kəlməyə, söylədiyiniz hər sözə diqqət etməyiniz vacibdir”. Müəllimə sözünü bitirmişdi ki, zəng çalındı. Hər kəs sinifdən çıxdı. O anda bu təcrübəyə o qədər qapılmışdım ki, ağzımı açıb bir kəlmə belə deyə bilmədim. Çünki hər şeyə əyani surətdə şahid olmuşdum. Həmin hadisədən təxminən 11 il ötür və o təcrübə heç vaxt mənim yadımdan çıxmır. Həmin gündən bu vaxta kimi bu təcrübəni özümə dəniz fənəri kimi görürəm. Atdığım hər addımda, danışdığım   hər sözdə   həmin təcrübənin nəticəsi məni yanlış hərəkət etməkdən çəkindirir.

      Hər dəfə bu hadisəni xatırlayanda nədənsə içimdən qəribə hisslər keçir. Bəlkə də, belə bir şeyi reallıqda görməsəydim, mənə elə də təsir etməzdi. Dinimizə görə də qeybət və iftira böyük bir günah sayılır. Qeybət və ya iftiranın zərəri təkcə haqqında danışılan adama toxunmaz, ümumiyyətlə, yuxarıda gördüyümüz təcrübədəki kimi, böyük bir topluluğu da əhatə edər. Küsülülük və ya düşmənçiliyə səbəb olan bu “qara yara”lar gün keçdikcə cəmiyyətimizdə, çox əfsuslar olsun ki, daha da artmağa, informasiya vasitələrinin himayəsində daha da formalaşmağa doğru gedir. Bu “qara yaralardan” qorunmağın ən gözəl yolu, insanların yaxşılıqlarından danışmaq, pis alışqanlıqlarını görməzlikdən gəlməkdir.

      İftira və qeybət insanlığa uyğun gəlməyən çirkin bir xasiyyətdir. Ən əsası isə bu, nəticəsini düşünmədən bir insanın şərəf və ləyaqəti ilə oynamaqdır. İnsanların bir-birlərini sevməsi, aralarındakı sevginin daima möhkəm olması üçün bu çirkin əməllərdən uzaq olmaq vacibdir. Əslində, insanların şəxsiyyət və ləyaqətini alçaldacaq hər hansı bir davranışdan uzaq durmaq, doğru yoldan ayrılmamaq hər birimizin, ən azından, insanlıq borcumuzdur. Bundan əlavə, bir müsəlman olaraq bunun həm də dini bir tələb olduğunu da unutmamaq lazımdır. Allah-Təala Qurani-Kərimdə belə buyurmuşdur:

      “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”  (əl-Hucurat, 12)

      • Hits: 481 clicks

      Tecox component by www.teglo.info