Müşfiq XƏLİLOV- ƏN FƏZİLƏTLİ QƏBİRİSTANLIQ

      Share

      Budəfəki yazımızda Allah Rəsulunun (s.ə.s)  Mədinəni şərəfləndirməsindən bir müddət sonra “Cənnətül-Baqi” adı ilə məşhurlaşan bir qəbiristanlıqdan bəhs edəcəyik.

       Baqi qəbiristanlığı Mədinə şəhərinin şərq hissəsində, hazırda Həzrət Peyğəmbərimizin (s.ə.s) mübarək məzarı yerləşən məscidin yaxınlığında yerləşir. Ərəb dilindən tərcüməsi “bol ağac bitən və ya ağac kökləri ilə dolu olan ərazi” mənasına gəlir. Əvvəllər bu yerlərdə ğərqəd (şora otu) deyilən çoxlu kol bitdiyi üçün ona Baqiül-ğərqəd deyilirdi. Müqəddəsliyinə və iman əhli üçün dəyərinə görə, bu məzarlıq sonralar daha çox Cənnətül-Baqi (Baqi cənnəti) olaraq anıldı.

      Baqi İslamdan əvvəl də Yəsrib camaatının qəbiristanlığı idi. Mədinə müsəlman şəhərinə çevrildikdən sonra (hicrətdən sonra) da bu ərazi məzarlıq olaraq istifadə edilməyə davam etdi. Baqidə dəfn olunmuş ilk müsəlmanın kim olması barədə fikir ayrılıqları vardır. Bəzi rəvayətlərə görə, bu, İslamın Mədinədə yayılmasında böyük əməyi olmuş, İslam tarixində ilk cümə namazına imamlıq etmiş Əsəd ibn Zürarədir. Başqa bir görüşə görə isə Baqidə dəfn olunmuş ilk müsəlman məşhur səhabə Osman ibn Məzun hesab edilir.

      Qısa müddət içində Baqi məzarlığı bir çox müsəlmanın son məkanına çevrildi. Həzrət Peyğəmbərimizin (s.ə.s) ömrünün sonlarına doğru bura böyük bir qəbiristanlıq halını almışdı. Daim ümməti üçün can yandıran Allah Rəsulu (s.ə.s) vəfatından bir neçə gün əvvəl Baqi məzarlığını ziyarət etmiş, burada uyuyan şəxslərin ruhuna dualar edərək rəhmət diləmişdi.

      Sonrakı əsrlərdə də Baqi müsəlmanlar arasında ən mübarək məzarlıq kimi tanındı. Burada dəfn olunmaq böyük şərəf sayılır. İslam ümmətinin görkəmli şəxsiyyətləri də vəfat edərkən burada dəfn edilməyi vəsiyyət edirdilər.

      Baqi ərazisində torpağa tapşırılmış məşhur şəxsiyyətlərdən bəzilərinin adlarını belə qeyd edə bilərik: Peyğəmbərimizin  Mariyeyi-Qibtiyyədən olan oğlu İbrahim, nəvəsi Həzrət Həsən və əhli-beytin digər böyüklərindən Həzrət Zeynül-abidin, Muhamməd Baqir və Cəfəri-Sadiq, Peyğəmbərimizin qızları Rüqəyyə, Ümmi-Gülsum və Zeynəb, bibiləri Səfiyyə və Atikə, əmisi Abbas, Hz. Əlinin  qardaşı Aqil, anası Fatimə bint Əsəd, oğlu Muhamməd ibn Hənəfiyyə, qardaşı oğlu Abdullah ibn Cəfər, Peyğəmbərimizin süd anası Həlimə, məşhur səhabələrdən Abdullah ibn Məsud, Əbu Səid Xüdri, Səd ibn Muaz, Osman ibn Məzun, Uhud döyüşündə yaralanıb Mədinədə vəfat edən səhabələr, maliki məzhəbinin banisi Malik ibn Ənəs və başqaları.

      Allah Rəsulunun (s.ə.s) zövcələri də bu məzarlıqda yatırlar. Üçüncü xəlifə Hz. Osman Zinnureyn ilk əvvəl Baqi qəbiristanlığı xaricində dəfn edilmişdi.  Daha  sonra qəbiristanlıq genişləndirildikdə Hz. Osmanın qəbri də buraya daxil oldu.

      Keçmişdən bu yana Baqi məzarlığı ən çox ziyarət olunan məkanlardan biri olmuşdur. Buna görə də yuxarıda adları çəkilən şəxsiyyətlərin hər birinin məzarı konkret baş daşları ilə bəlli edilmişdi və tək-tək hər biri ziyarət edilirdi. Lakin 1926-cı ildə Mədinə şəhərinə hakim olan Səudilər sülaləsinin üzvləri tərəfindən bu şəhərdəki başdaşı ilə kimliyi bilinən bütün qəbirlər dağıdıldı. Bu gün Baqinin əvvəlki mənzərəsindən əsər-əlamət  qalmayıb. Məzarlıq xırda baş daşları ilə örtülmüş səhranı xatırladır. Baqinin ətrafına isə hasar çəkilib. Yalnız günün bəzi saatlarında məzarlığın ərazisinə daxil olub ziyarət etməyə icazə verilir. Qalan vaxtlarda isə müsəlmanlar müqəddəs məzarları uzaqdan seyr etməli olurlar.

      Peyğəmbərimizi (s.ə.s) görmə şərəfinə nail olan, Onun səsini duyan, onunla birlikdə namaz qılan və haqq uğrunda heç bir fədakarlıqdan çəkinməyən on mindən çox səhabə məhz bu məzarlığa dəfn edilmişdir.

      Baqi qəbiristanlığını ziyarət etmək müstəhəbdir. Allah Rəsulu (s.ə.s) yaşadığı dövrdə bu qəbiristanlığa tez-tez gedər və burada yatan şəxslərə dua edərdi.

      Peyğəmbərimiz (s.ə.s) bu qəbiristanlığın önəmi və dəyərini ifadə edən bir hədisi-şərifində belə buyurmuşdur: “Cəbrayıl (ə.s) məndən Baqi qəbiristanlığında yatanlar üçün dua etməmi istədi”. (Müslim, Cənaiz, 35)

      Başqa bir hədisdə Allah Rəsulu (s.ə.s) belə buyurur: “İmkanı olan (Mədinədə vəfatının yaxınlaşdığını hiss edən) Baqi qəbiristanlığında dəfn edilməsi üçün vəsiyyət etsin. Çünki mən burada yatanlara şəfaət edərəm”. (Hakim/Müstədrək  8/ 411)

      Hər sahədə öz sünnəsi ilə ümmətinə yol göstərən Peyğəmbərimiz (s.ə.s) Baqi məzarlığına gedərkən belə dua edərdi: “Salam olsun sizə, ey möminlər diyarının sakinləri! İnşallah, yaxında biz də sizin yanınıza gələcəyik. Allahın bizi və sizi bağışlamasını arzu edirəm”. (Müslim, Təharət, 39)

      • Hits: 412 clicks

      Tecox component by www.teglo.info