155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Saleh ŞİRİNOV- ÖVLADA VERİLƏN ƏN YAXŞI MİRAS; TƏRBİYƏ

      Share

      Hz. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Doğulan hər bir uşaq İslam fitrəti üzrə doğular. Lakin valideynləri onu yəhudi, xristian və ya məcusi olaraq böyüdər”. (Buxari, Təfsir, 2)

      Buna görə də uşaqların ilk tərbiyəçisi olan ata və analar Allah-Təalanın İslam fitrəti üzrə onlara bəxş etdiyi övladına ən gözəl tərbiyəni verməklə, ilk növbədə də əqidəsini təlim və təlqin etməklə vəzifəlidir. Bu vəzifələri səbəbi ilə də Haqq-Təalaya qarşı xüsusi bir məsuliyyət daşıyırlar.

      Yenə mövzu ilə əlaqəli olaraq bir hədisi-şərifdə Hz. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha qiymətli və üstün bir miras buraxa bilməz”. (Tirmizi, Birr, 33)

      İnsanın ailəsinə qarşı məsuliyyət daşıdığı maddi ehtiyaclarla yanaşı, bir də mənəvi ehtiyaclar var. Onlara inanmaları lazım olan iman əsaslarını və diqqət etmələri vacib olan əxlaq əsaslarını öyrətmək valideynlərin borcudur. Bu, ata-ananın uşağına qarşı vəzifəsi, uşağın da ata-anası üzərində bir haqqıdır. Mənəvi ehtiyacların təmin edilməsi maddi olanlarından daha çox mühümdür.

      Bu günün kiçikləri sabahın böyükləri olacaqlar. Qurani-Kərimin ifadəsi ilə: “Dünya həyatının bəzəyi” (əl-Kəhf, 46) olan uşaqlarımız sabahlarımıza istiqamət verəcək qiymətli varlıqlarımızdır.

      Allah-Təalanın bizlərə böyük lütfü olan uşaqlarımızı gözümüzün nuru, ürəyimizin sevinci və həyatımızın bir bəzəyi olaraq görürük. Lakin bu, qiymətli olan balalarımız üçün yetərli deyil.

      “Xeyirli övlad” demək, əslində “xeyirli insan” deməkdir. Çünki nəticəsi “Allaha qarşı qulluğunu bilən və yerinə yetirən insan” deməkdir. Belə insan həm özü üçün xeyirlidir, həm də etdiyi xeyirlərdən istifadə edəcəkləri üçün ata və anası, qonşuları və ətrafı üçün xeyirlidir; heç kim ondan bir zərər görməyəcək. Əziz Peyğəmbərimizin (s.ə.s) buyurduğu: “Əlindən və dilindən başqasına zərəri dəyməyən, digər müsəlmanların özündən əmin olduğu kimsə”ni “xeyirli övlad” tərifinə daxil edə bilərik.

      Dinimiz ata və anaları övladlarının yalnız dünyəvi deyil, eyni zamanda uxrəvi səadət və xoşbəxtliklərindən də məsul tutmaqdadır. Övladlar axirətdə, Allah qorusun, cəhənnəmlik olduqları təqdirdə ata-analarının yaxalarına yapışacaqlar və: “Ya Rəbb, bunlar məni Sənin istədiyin şəkildə tərbiyə etmədilər” deyə valideynlərindən şikayətçi olacaqlar. Yox əgər yaxşı yetişdirilərsə, o valideynlərin əməl dəftərləri açıq qalacaq. Yəni o uşaqların etdikləri xeyir-həsənatın bir misli də ata və analarının əməl dəftərinə yazılacaqdır. Hz. Peyğəmbərimiz (s.ə.s): “Səbəb olan, onu edən kimidir” (Beyhəqi) deyərək bir düstur qoymuşdur.

      Bir ailədə övladın dünyaya gəlməsi ilə övlad haqqı başlayar. Bunun ilk mərhələsi övladına gözəl bir ad verməkdir. Hədisi-şərifdə: “Övladın ata-ana üzərindəki haqqı gözəl ad verilməsi, Quran və dinin fərzlərini təlim etmək və evlənmə çağına gəldiyində evləndirməkdir”, - deyə buyurulmaqdadır. Öyrətməklə təlim keçmək arasında fərq var. İndi bir çox ata-analar təlim barəsində səhlənkar davranırlar. Təlim demək öyrəndiyi şeyi tətbiq etmək, yaşayaraq göstərmək deməkdir.

      Başqa bir hədisi-şərifdə isə belə buyurulur:

      “Övladınızı üç xüsusiyyətlə tərbiyə edin: Peyğəmbərə məhəbbət, Əhli-beytinə məhəbbət və Quran qiraəti”.

      Bu gün övladlarımızı gözləyən təhlükələrin başında onların mənəviyyatdan uzaq yetişdirilmələri gəlməkdədir; yəni yalnız dünyaya dönük bir təhsil nəticəsində uxrəvi pəncərənin bağlı qalması... Unutmamaq lazımdır ki, mənəvi dünyası uxrəvi xüsusiyyət və gözəlliklərlə zənginləşməyən bir nəsil dinclik tapa bilməz; çantası diplom yığınları ilə dolsa belə...

      Cəmiyyətdə nəsil dağıntısının saysız qəmli misalları var. Bu gün ətrafımızı bürüyən bir çox pis vərdişlər mövcuddur. Xüsusilə narkotikin pəncəsində can verənlər, getdikcə kiçik yaşlara doğru zəhərini axıdan iffət zədələnməsi... Bütün bunlar övladlarımızı hansı təhlükələrin gözlədiyini daha yaxşı göstərir. Bunu görsək, həllin də iman və onun uca əxlaqını qəlblərə yerləşdirməklə mümkün olduğunu daha yaxşı anlayarıq. Vəhyin nuru ilə tanış olmayan ürəklər həqiqi səadəti tapa bilməzlər. Bu barədə şair M.Akifin bəhs etdiyi o yüksək həssasiyyət içində olmalıyıq:

      İmandır o cövhər ki, ilahi, nə böyükdür,

      İmansız olan paslı ürək sinədə yükdür..

      Biz övladımızı nə qədər  yüksək mənəvi duyğularla yetişdirsək, o nisbətdə Allah-Təala onun gələcəyini parlaq edər.

      O halda uşaqlarımızı ən üst səviyyədə Quran əxlaqı, təfəkkürü və istiqaməti üzrə öyrətmək surəti ilə özünə, ailəsinə, daha əhəmiyyətlisi də dininə, vətəninə və millətinə faydalı olacaq xeyirli övlad olaraq yetişdirərək onlara ən gözəl hədiyyəni – gözəl tərbiyəni vermək məcburiyyətindəyik.

      • Hits: 628 clicks

      Tecox component by www.teglo.info