Saleh ŞİRİNOV- Bir həkim, bir dost...

      Share

      İnsanlar var, arxasınca iz qoyub gedir, cığır açıb gedir...

      Onlardan biri idi bаcаrıqlı həkim, tаnınmış ziyаlı, Qəbələ Rаyоn Mərkəzi Хəstəхаnаsının bаş həkiminin müаvini, mərhum Tofiq həkim...

      Hаcıyеv Tоfiq İbrаhim оğlu 2016-cı il dеkаbrın 4-də ömrünün 62-ci ilində vəfаt etdi. Оnun ictimаiyyət аrаsındа və işlədiyi kоllеktivdə qаzаndığı hörmət müqəddəs həkim pеşəsinə bаğlılığı və nümаyiş еtdirdiyi yüksək prinsipiаllıqlа səciyyələnirdi.

      Onu digərlərindən fərqli edən əsas xüsusiyyəti isə dinə olan bağlılığı, inamından qaynaqlanan şəfqəti və yardımsevərliyi idi. İslama olan yaxınlığı ailəsindən qaynaqlanırdı. Ata tərəfdən də, ana tərəfdən də babaları dindar olublar. Hətta ata tərəfdən babası Molla Hacı tanınmış din xadimi olub. Ərəb dilini, dini bilikləri yüksək səviyyədə bilən bir adam olub. Onun xatirələri camaat tərəfindən övladlarına, nəvələrinə danışılıb. Bir dəfə məscidə (Bum qəsəbəsi – 1890-cı illərdə) bir ərəb gəlib, oturub Quran oxuyurmuş. Babası oxuyuşundakı səhvi görüb xəbər göndərib ki, ona deyin belə oxumasın. Görüb ki, adam yenə də eyni şəkildə davam edir, bu səfər bir ağacı əlinə alaraq adama vurub ki, Quranı səhv oxuma!..

      Bu dinə bağlılıq babasından atasına keçmişdi. Atası ali təhsilli müəllim olub. Amma atası da, anası da namazlarını qılar, oruclarını tutardılar.. Hətta Sovet dövründə yaşamalarına baxmayaraq.

      O vaxtlar görən olmasın deyə camaat bayram namazı qılmağa gecə vaxtı gedərdi.

      Bir dəfə atalarından şübhələnib yoxlayırlar. Qapıya çağırırlar. Atası da namaz qılırmış. Tofiq həkimin böyük qardaşı Tahir müəllim çıxır qabaqlarına. Atasının namaz qıldığını demir. Sonra atası da gəlir. Atası namaz qılanda şapkasını arxaya çevirər, elə qılardı. Təsək yox idi başa qoymağa. Bunların da qabağına elə çıxmışdı, şapkasını düzəltməyi unutduğu üçün. Onlar da “müəllim, sən namaz qılırsanmış, eləmi!” deyirlər. Atası danmayıb, “bəli, qılıram, hara istəyirsinizsə, yazın” deyir. Sonradan, insafa gəliblər. Deyiblər ki, sizə eləcə qonaq gəlmişik, bir tikə çörək yeyəcəyik. Gəldilər, qonaq oldular. Sonra başladılar tövsiyə etməyə ki, sən müəllimsən, belə eləmə (yəni namaz qılma). Atası da deyib ki, mənim babam da namaz qılan olub, mən də qılacağam... Nəticədə heç nə etmədən çıxıb gediblər.

      Qardaşı Tahir müəllim danışır ki: “Bir gün Tofiq həkim bizə gəldi. Mən namaza Tofiqdən əvvəl başlamışdım. Bizə gəlib dedi ki, başqa otağa keçək, sənə sözüm var. O biri otağa keçdik. Dedi ki, namaz qılmaq istəyirəm, mənə də öyrət. Mən də danışdım, izah elədim. Sonra göy rəngli namaz kitabı vardı, onu verdim. Əzbərlənəcək yeri göstərdim. Mənə dedi ki, elə isə sabah bizə gəl, hərəkətlərini mənə göstər. Mən dedim ki, sən bu qədər tez başlayacaqsan? Dedi ki, mən sabah axşama sən deyən surələri əzbərləyəcəyəm”.

      Tofiq həkimin güclü yaddaşı vardı. Həm həkim işləyirdi, həm də müəllimlik edirdi. Biologiyadan universitetə uşaq hazırlayırdı.

      O, namaza başlayandan “həccə gedəcəm” deyirdi.

      Yeddi-səkkiz il əvvəl həccə getməyə niyyətlənmişdi. Çağırıb mənə söylədi. Dedi ki: “Həccə getmək istəyirəm, amma bunu heç kəs bilməsin. Mən Allah rizası üçün ibadətimi yerinə yetirməyə, paklanmağa gedirəm, reklam üçün yox. Yığdığım pul da halal puldu. Maaşım və universitetə hazırladığım bəzi tələbələrin verə bildikləri puldan yığıdığım məbləğdir”. Aradan bir müddət keçdi, mənə dedi ki, həccə getməyim qaldı. Səbəbini soruşdum, daha sonra anladacağını söylədi. Bir müddət sonra dedi ki: “İrfan jurnalının hansısa nömrəsində həccə niyyətlənən Əli bin Müvəffəqin həyatını oxumuşdum. Həccə niyətlənir, amma qonşusunda imkansızlıqdan ölü heyvan əti yemək üzrə olan bir ailənin olduğunu xəbər tutur. Həcc üçün yığdığı pulu onlara verir və o il həccə gedə bilmir. Nəticədə onun hörmətinə, Allah o ilki hər kəsin həccini qəbul edir. Onu da getmiş kimi qəbul edir. Bu hekayənin təsiri üzərimdən getməmişdi ki, qapıma ailəsindən biri ölmək üzrə olan və mütləq əməliyyata ehtiyacı olan biri gəldi. Mən də həcc üçün yığdığım pulu ona verdim. Heç bir qarşılıq gözləmədən...”

      Belə bir həkim idi, Tofiq həkim... Bildiyim qədəri ilə həmin pulu hələ də Tofiq həkimə qaytara bilməyiblər. Onsuz da həkim o pulu onlara halal etmişdi.

      Aradan iki-üç il keçdikdən sonra həkimə həccə getmək nəsib oldu. Yenə də səssiz, səmirsiz... Hələ də bir çox insan onun həccə getdiyini bilmir.

      Çox güclü mütaliəsi vardı. İrfan jurnalının, demək olar ki, elə bir nömrəsi yox idi oxumasın. İpəkyolu nəşriyyatının oxumadığı kitabı qalmamışdı.

      Xəstə olduğu və ağrılar çəkdiyi halda belə Allaha təvəkkülü sonsuz idi. Bizə: narahat olmayın, hər şey Allahın təqdiridir, hər şey yaxşı olacaq, deyirdi. Xəstəliyim günahlarıma kəffarədir, deyirdi.

      Bir çox imkansız ailəyə və insana yardım edirdi, həm də gizli. Hələ də yardım etdiyi bəzi adamlar və ailələr var idi ki, onların kimliyi bəlli deyil.

      Allah məkanını cənnət etsin...

      • Hits: 437 clicks

      Tecox component by www.teglo.info