Eldar KƏRİMOV- Varlıq - Yoxluq Dualizmi

      Share

      Yəqin ki, hər biriniz qum saatını görmüsünüz. Maraqlı quruluşu və iş strukturu var. Bir hissədən ibarət olsa da, iki hissə şəklində görünür. Hansı tərəfi üstə çevrilsə, içərisindəki qum müəyyən vaxt kəsimində olduğu bölmədən süzülərək boş hissəyə keçir.

       Yəni qum saatının içərisindəki qumun bir tərəfdən digər tərəfə keçməsi hadisəsi həmin qurğuya dəyər qatır. Burada hər hansı bir ətalətin olması alətin iş mahiyyətini itirər. Eyni həcmə sahib olan iki hissənin eyni anda dolu olması isə mümkün deyildir. Burdakı iş prinsipi bir hissənin dolması,  digərinin isə boşalması şəklindədir. İşin əsas tərəfi də odur ki, burdakı boşluq və ya doluluq kəmiyyət etibarilə bir-birindən fərqlənmir. Boş hissənin dolu, dolu hissənin də boş hissədən heç bir üstünlüyü yoxdur. Nəticə etibarı ilə hissəsi olduqları cihazın tam mənası ilə çalışması üçün birinin boşalması, digərinin isə dolması şərtdir. Bu da hər zaman birinin davamlı olaraq boşalması, digərinin də dolması demək deyil, əksinə, boşalma və dolma hadisəsinin mütəmadi davam etməsi, hər iki hissənin də öz işinin öhdəsindən ən yaxşı şəkildə gəlməsi deməkdir.

      İnsanın bu dünyada sahib olduqları da qum saatının içindəki qum kimidir. Bu gün əldə olunan imkanlar sabah öz yerini imkansızlıqlara verə bilir. Uzun illər sağlam yaşayan birinin bir anın içərisində ağır bir xəstəliyə düçar olması da mümkündür. İllər sonra qazanılmış vəzifələr, şan-şöhrət və ad-sanların da insan həyatındakı yeri əbədi sayıla bilməz.  Yəni insanın daimi olaraq xoşbəxt və ya daimi olaraq bədbəxt olması mümkün deyil. İnsanın xoşbəxtliyi üçün bədbəxtlik, bədbəxtliyi üçün isə xoşbəxtlik şərtdir. Bu ikisindən birinin olmaması  və ya həyatda yaşanmaması insanın varlıq mahiyyətini ortaya qoya bilməz. Hər şeyin yolunda getdiyini düşünüb daxilində yaşadığı xoşbəxtlik üçün atəşfəşanlıq edən insanların həyatındakı xırda bir nizamsızlıq xoşbəxtliklə bədbəxtlik arasındakı incə bir pərdədir. Aclıq olmadan toxluq, vəzifə olmadan işsizlik, xəstəlik olmadan sağlıq yaşanmaz. Bir insan bir ömür boyu tox ola bilmədiyi kimi, ömür boyu sağlam yaşayıb xəstə olmaması da mümkün deyildir. İnsan həyatında davamlı olaraq neqativlərlə pozitivlər arasında dayanmadan yenilənən yerdəyişmələr olur.

      Qum saatının içinə yerləşdirilən qum kimi həyatımızda baş verən hadisələr də aşağıdan yuxarıya, yuxarıdan aşağıya, yaxşıdan pisə, pisdən yaxşıya doğru hərəkət edir. Həyatımızdakı hadisələrin bu hərəkəti bizim yaşamağımız deməkdir. Bizim üzərimizə düşən vəzifə isə qabımızın hansı tərəfinin boş və ya dolu olmasına çox da əhəmiyyət vermədən içərisində olduğumuz qabın parçalanmamasına diqqət etməkdir. Yəni bizə əsas zərər verənlər həyatımızın özünü təşkil edən yaxşılar və pislər deyil, bu proseslərin gedişinə mane olacaq xarici təsirlərin gücüdür.  Yaxşını sevə bildiyimiz kimi, pislərin də öhdəsindən gəlməyi bacarmalıyıq. Ətrafımızda xoşbəxt kimi gördüyümüz insanların da bir bədbəxtlik tərəfinin olduğunu düşünməliyik. Onların yaşadıqları bizimlə eyni olmasa da hiss etdikləri eynidir. Başqalarının yaxşı yaşaması bizim pis yaşamağımız demək deyil, çünki hər kəsin xoşbəxtlik payı eynidir. Əgər xoşbəxtlik insanların sahib olduqlarına görə olsaydı, dünyanın yarısından çoxunun bədbxətlik sindromundan ölməsi lazım gələrdi. Ancaq bu baş vermir. Çünki insanın bir qarın yemək yeməsi, bir gün sağlam şəkildə yuxudan oyanması, sevdiyi insanların xoşbəxtliyini görməsi bir xoşbəxtlik səbəbidir. Eyni zamanda bunlar həyatı davam etdirən əsas amillərdir. Səmimi-qəlbdən edilən bir şükür, fəlakətlər qarşısında ortaya qoyulan səbir, cibdə olan son qəpikdən verilən sədəqə, başqaları üçün axıdılan bir neçə damla göz yaşı insanın boş tərəfini dolduran xoşbəxtlik vasitələridir.

      Son olaraq deyim ki,  boş tərəfləriniz sizi narahat etməsin. Boşluqlar bir gün dolacağının xəbərçisidir. Bu gün var olan cibləriniz boşdursa, sabah cibləriniz var deyə pulunuz olacağına inanın. Çünki biz gözlərimiz var olduğu üçün görmürük, görməyimiz lazım olduğu üçün gözümüz var.

      • Hits: 455 clicks

      Tecox component by www.teglo.info