Müşfiq XƏLİLOV- Məscid Ədəbləri

      Share

      Ədəb gözəl əxlaq və gözəl tərbiyə deməkdir.

      Ədəb İslama zidd olan bütün mənfi əməllərdən  uzaqlaşdıran bir davranış xarakteridir.

      Ədəb insanı digər məxluqlardan ayıran xüsusiyyətlərdən biridir.

      Ədəbli bir insan əxlaqlı və tərbiyəli, harada necə davranacağını bilən bir insandır. Bunun üçün də müsəlman ədəbli olmağa çalışar: danışarkən, oturarkən,  yeriyərkən, geyinərkən ədəbinə riayət edər. Müsəlman həyatının bütün sahələrində öz işlərini ədəblə görməyə çalışar. Hər sahədə ədəbli olmağa çalışarkən məscid ədəbinə də xüsusi diqqət yetirər.

      “Məscid” İslam məbədinə (ibadət evlərinə) verilən bir isimdir. “Məscid” sözünün lüğət mənası səcdə ediləcək yer deməkdir. Məscidlər Uca Allaha ibadət etmək üçün inşa edilən məkanlardır. Bu baxımdan hər məscid hörmət və ehtiram göstərilməyə layiq bir yerdir. Məhz bu hörməti göstərmək üçün məscidə Beytullah (Allahın evi) deyilmişdir.

      Məscidlərdə heç kim istədiyi kimi hərəkət edə, istədiyi kimi oturub-dura, istədiyi kimi hay-küy salıb əylənə bilməz (uşaqların hal və hərəkətləri istisnadır). Məscidlərə hörmətsizlik etmək Uca Allaha  hörmətsizlik etməkdir. Necə ki, bir evə hörmətsizlik edərək o evdə ədəbə uymayan hərəkətlər etmək ev sahibinə qarşı hörmətsizlikdir, unutmamaq lazımdır ki, məscid də Allahın evi, onun üçün ən çox hörmətəlayiq məkandır.

      Buna görə də hər bir müsəlman məscid ədəbinə riayət edərək bunlara xüsusilə diqqət etməlidir.

      Diqqət ediləcək xüsuslardan ən əsası təmizlik dini olan İslamın tələb etdiyi şəkildə təmizliyə, şəxsi gigiyenaya riayət etməkdir. Məscidlərə kirli və islaq ayaqla girilməz! Çünki bu, daha sonra xalı və kilimlərdə xoş olmayan qoxuya səbəb olar. Hər kəs imkan daxilində məscidlərə təmiz və gözəl paltarlarını geyinərək gəlməli, camaatı diksindirici hallardan uzaq durmalıdır. Necə ki, bu barədə bir ayədə buyurulur: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (məscidə gedərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 7/31)

      Məscidlərə daxil olduğumuz zaman sağ ayağımızla girməli, çıxdığımız zaman isə sol ayağımızla çıxmalıyıq. Çünki bu şəkildə hərəkət etmək sünnəyə daha uyğundur. 

      Məsciddə gurultulu səslər çıxarmaq, gərəksiz yerə dünya işlərindən danışmaq məqbul deyildir.

      Məscidlərdə oxunan  Qurani-Kərimi və xütbələri tam bir hörmət və təzimlə dinləmək lazımdır. Belə ki, Uca Allah əl-Əraf surəsinin 204-cü ayəsində buyurur: “Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!”

      Xütbə oxunarkən susmağa gəldikdə isə bu barədə bunları deyə bilərik: Cümə namazında xütbə oxunarkən susmaq vacib, danışmaq isə haram sayılmışdır. Hədisi-Şərifdə  buyurulur:

      “Bir kimsə gözəl bir şəkildə dəstəmaz alıb cümə namazına gedər və xütbəni (tam bir hörmətlə) səs çıxarmadan dinləyərsə, iki cümə arasındakı (etmiş olduğu) günahları bağışlanar”. (Əbu Davud, Cümə 1050)

      Məscidlərdə yüksək səslə danışmaq məkruhdur. Ancaq camaata eşitdirmək üçün xətiblər, moizəçilər, dini dərs keçən müəllimlər istisnadır. Onlar ehtiyac nisbətində uca səslə danışa bilərlər.

      Başqalarının namazlarına mane olmamaq şərtilə Quran oxuyanların və Allahı zikr edənlərin səslərini yüksəltmələri də caizdir.

      Soğan və sarımsaq kimi qoxusu xoş olmayan şeyləri yeyərək məscidə gəlib camaat arasına qarışmaq heç də xoşagələn bir hal deyildir. Peyğəmbərimiz (s.ə.s) bu barədə belə buyurur.  “Kim sarımsaq və soğan yemişsə, məscidimizə yaxınlaşmasın...” (Buxari, Fəthul-Bari 2/339)

      Əbu Səid əl-Xudridən rəvayət edildiyinə görə bir gün Peyğəmbərimizin yanında soğan və sarımsaq barəsində söhbət salıb soruşdular: “Ey Allahın elçisi! Bu tərəvəzlərin ən pis qoxulusu sarımsaqdır. Onu yeməyi haram buyurursan?” Peyğəmbərimiz (s.ə.s) buyurdu: “Onu yeyin, amma nə qədər ki, ağzınızdan qoxu getməyib, bu məscidə yaxınlaşmayın”. (Əbu Davud, Sünən, Yemək kitabı, bab: 40, hədis:3823)

      Digər bir məsələ isə məscidlərin içini və ətrafını təmiz saxlamaqla əlaqəlidir. Məscidləri təmiz saxlamaq və təmizləmək çox savablı bir əməldir. Hətta Peyğəmbərimiz (s.ə.s) məscid təmizliyi ilə məşğul olan yaşlı bir qadına xüsusi əhəmiyyət vermişdir. Belə ki, Buxari və Əbu Davudun hədis kitablarında bu barədə belə bir hədis mövcuddur:

      “Peyğəmbərin (s.ə.s) məscidində təmizlik işləri ilə məşğul olan bir nəfər vəfat etdi. Peyğəmbərimiz bir neçə gün onu görmədiyi üçün harada olduğunu soruşdu. (Əshabələr) O vəfat edib, dediklərində Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Bəs nə üçün mənə xəbər vermədiniz? Onun qəbrini mənə göstərin”. Sonra Rəsulullah (s.ə.s) (məscidin təmizliyi ilə məşğul olan) o xidmətçinin qəbri üzərinə, onun  günahlarının bağışlanması üçün (cənazə) namazı qıldı”. (Buxari, Səhih, Kitabüs-səlat, bab: 72, hədis: 458)

      Bütün bu dediklərimiz məscidlərə aid olan ədəblərdəndir. Bu ədəblərə rəayət etməmək İslamın mədəni qaydalarına hörmətsizlikdir ki, bu da heç bir şüurlu müsəlmana yaraşmaz.  

      • Hits: 455 clicks

      Tecox component by www.teglo.info