Mübariz ƏLİOĞLU- Allah ilə Bəndə Arasında Rabitə

      Share

      Uca Allah Qurani-Kərimdə belə buyurur:

      “Qullarım məni səndən soruşduqlarında (bilsinlər ki) Mən onlara çox yaxınam. Mənə dua edənlərin dualarını qəbul edirəm”.(Əl- Bəqərə, 186)

      Aləmlərin rəbbi olan Uca Allaha həmd-sənalar, Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

      İlahi rəhmətin müstəsna əsəri olan Hz. Muhamməd əleyhissalam bəşəri idraka haqqa varmaq üçün hər şeyi incədən-incəyə təlim etmişdir. Haqqa uzanan qulluq ipindən qüvvətli şəkildə tutmaq üçün dua nemətini, yəni mübarək qəlbi və dili ilə Rəbbinə səslənən o yalvarış nidalarını ümmətinin qurtuluş sərmayəsi halına gətirməyi bacaran rəhmət peyğəmbərinə ümmət olma neməti nemətlərin ən ucasıdır. Dua neməti elə mübarək bərəkətdir ki, axirət yolçusu olan hər bir insanın əbədiyyət cığırını qəlblərin səmimiyyət dərəcəsinə uyğun olaraq aydınladacaq qüvvədədir. Rəsulullahın qəlbi dərinliklərində ərsəyə gələn dua nidaları necə də heyrətverici bir üslubda səslənməkdədir:

      “Allahım! Səndən  qatından verəcəyin elə bir rəhmət istəyirəm ki, onunla qəlbimə hidayət, işlərimə nizam, dağınıqlığıma istiqamət, içimə kamil iman, çölümə əməlisaleh, əməllərimə təmizlik və ixlas ver, rizana uyğun istiqaməti ilham eylə, ülfət edəcəyin dost lütf eylə və məni bütün pisliklərdən qoru!

      Allahım! Mənə elə bir iman, elə bir  yəqin ver ki, artıq bir daha küfr ehtimalı qalmasın. Elə bir rəhmət ver ki,  onunla dünya və axirətdə Sənin nəzərində qiymətli olan bir mərtəbəyə yetişə bilim”.                

      Allah Rəsulunun sünnəsində  yer tutan dua mədəniyyəti ümmətin qəlblərində və dillərində günümüzə qədər həyatını sürdürərək onların hər an yardımına yetişən bir vasitə olmuşdur. Sizinlə bölüşəcəyim hekayə yaşanan bu dua mədəniyyətinin nəyə qadir olduğunu bir daha gözlər önündə canlandıracaqdır:

      Pakistanlı həkim İşan Hüseyni əldə etdiyi böyük nailiyyətlərlə əlaqədar beynəlxalq konfransa  dəvət almışdı. Təntənəli mərasimə hazırlaşan həkim səbirsizliklə bu anı gözləyirdi. Təyyarəsi səmada uçarkən qəfil çaxan ildırımlar onu yerə enməyə məcbur etdi. Növbəti təyyarə yalnız 16 saatdan sonra səmaya qalxacaqdı. İşan Hüseyni mərasimə yetişmək üçün avtomobillə getməyə qərar verdi. Müəyyən qədər yol getdikdən sonra şiddətlənən yağış yolları yararsız hala saldı. Əlacsız qalan həkim maşından düşərək ətrafa göz gəzdirdi. Köhnə bir evdən savayı gözünə heç bir tikili sataşmayan Hüseyni bu evə pənah gətirməyi qərara aldı. Qapını döyüb içəri girərək evin sahibəsindən internet və ya telefonu onun ixtiyarına verməyi xahiş etdi. Həkimi başdan-ayağa süzən evin sahibəsi olan yaşlı ana ona bunları söylədi: “Ay oğul, nə telefon?! Buralarda heç elektrik də yoxdur! Sən gəl bir az istirahət et, bir stəkan çay iç, sonra isə nə edəcəyini düşünərsən”. Çarəsiz qalan qonaq ananın qonaqpərvərliyini bölüşərkən qəribə bir mənzərənin şahidi olur. Ana Hüseynini rahatlatdıqdan sonra dərhal namaza durdu və ardından da uzun-uzun dua etməyə başladı. Bu anda Hüseyninin gözü beşikdə hərəkətsiz qalan körpəyə sataşdı. Bir yandan da indiyə kimi duymadığı həzin və mənalı bir yalvarışla Rəbbinə bağlanan ananın nəmli gözləri və hüznlü qəlbi ilə söylədiyi duanı eşitmə bəxtəvərliyinə nail oldu. Ana bunları söyləyirdi:

      Ey bizim Uca sahibimiz, Sən hər şeyə kafisən; bizə mərhəmət eylə! Ey hər şeyə qüdrəti yetən Qadir; hər  qüvvətə qalib gələn, təkəbbür və zor əhlini dizə gətirən, tədbir və təqdirini heç kimsənin geri çevirmədiyi, dilədiyini edən Qahir; varlığı, sifəti, isimləri hər şeydə aşikar və apaçıq olan Zahir; əsərləri ilə hər şeyin iç üzünü əhatə edən Batin; hər şeyi örnəksiz, yoxdan var edən Fatir; hər şeyə nüfuz edən, lütf sahibi Lətif; hər şeydən xəbərdar olan HHXabir Allahım, uca dərgahına ünvanladığım dualarımı qəbul buyur!(Ananın Rəbbi ilə olan canlı dua rabitəsinin cazibəsinə təslim olmuş Hüseyninin qəlbi indiyədək duymadığı, yaşamadığı bir təfəkkür aləminin ecazkar təsiri altında şiddətlə döyünməyə başlamışdı. Rəbbinin quluna, onun dərdlərinə yaxınlıq sədalarını əks etdirən bu yalvarışların təməlini təşkil edən mükəmməl bir mərhəmət həyəcanı onun mənliyini istila etməkdə idi. Ana isə öz duasına davam edirdi.) Ya Rəbbi! Bizləri ən xeyirli insanlarla həşr eylə! Əzalarımızla qazanacağımız xeyirləri arxamızdan bizlərə varis eylə! Bizə zülm edənlərdən intiqamımızı sən al! Xəta və günahlarımızı bağışla! Xəstələrimizə şəfa ver! Bizə dinimiz və dünyamızla bağlı müsibət vermə! Bizləri rəhmətinlə ruziləndir! Sənin mərhəmətindən başqa mərhəmət yoxdur, ey uca Rəbbim!”

      Artıq bu kasıb komaya ilahi təqdirlə pənah gətirmənin həqiqətini öyrənmə vaxtı çatmışdı. Həkim anaya yönələrək soruşdu: “Anacan, bu körpə kimindir və sən niyə bu qədər ağlayaraq dua edirdin?” Ana bunları söylədi: “Ay oğul, gördüyün körpə həm anadan, həm də atadan yetim qalmış nəvəmdir. Ağır xəstəliyə düçar olmuşdur. Bölgəmizdə heç bir həkim dərdinə çarə tapa bilmədi. İşan Hüseyni adlı bir həkim var dedilər, çarəsi onda imiş. Ancaq çox uzaq olduğundan onun yanına getməyə gücüm çatmadı. Günlərdir Allaha dua edirəm ki, bu körpənin xəstəliyini yüngülləşdirsin”.

      Göz yaşlarına boğulan həkim Hüseyni özünü zorla ələ alaraq ananı ayağa qaldırdı: “Qalx, mənim gözəl anam! Allah sənin duanı qəbul etmişdir. Sənin duan ildırımlar şəklində təyyarəni yerə endirdi; sellər axıtdı. Sonunda məni sənə və körpənə yetişdirdi. İşan Hüseyni mənəm. Allah ilə qul arasındakı dua rabitəsinin bu ölçüdə möhtəşəm təcəllisi məni İlahi iradə qarşısında misli olmayan təslimiyyət həyəcanına bürüyərək sənin və körpənin hüzuruna gətirdi”.

      Rəbbimiz cümləmizi bu qırılmaz dua rabitəsinin həqiqi varisi olma mərtəbəsinə layiq etsin! Amin!

      • Hits: 456 clicks

      Tecox component by www.teglo.info