Əziz Sultanov-NİYƏ BOŞANIRIQ?

      Share

      Müstəqilliyin, sərbəstliyin, azadlığın aludəçisi olan və eyni zamanda tək qalmağı, yalnızlığı, tənhalığı əsla özünə rəva bilməyən bir varlıq olaraq öz-özümüzə yönəltməkdə və cavab verməkdə çətinlik çəkdiyimiz bir sualdır – niyə boşanırıq?

       Bu iki zidd xisləti öz daxilində cəm edən və bəzi daxili və xarici qüvvələrin, hadisələrin təsiri ilə gah bir tərəfi, gah da o biri tərəfi ağır basan bir həyat xəttini ipdən keçən kəndirbaz kimi məharətlə keçmək məcburiyyətində olan – insan var qarşımızda. Bəzən bu ip qırılır və ya insan tarazlığını itirərək bu ipdən məqsədi hasil olmadan yarımçıq düşməli olur. Nədir onu düşürən, bəzən özünü, bəzən də kimisə, kimlərisə yarı yolda qoyan, bədbəxt edən səbəblər?

      Hər bir işin möhkəm olması, müvəffəqiyyət gətirməsi üçün deyirlər ki, təməli möhkəm olsun, bünövrəsi sağlam olsun... İstər bir bina, körpü, yol olsun, istər karyera, iş, yatırım olsun, istərsə də yeni qurulan bir yuva, bir-birinə calanan iki həyat, evlilik...

      İnsan nə istədiyini, niyə istədiyini, nə dərəcədə buna ehtiyac hiss etdiyini bilmədən, öz ehtiyacını və qabiliyyətini tam olaraq müəyyənləşdirmədən hər hansı bir işə baş qoşarsa, ondan maksimum nəticə əldə etməyini gözləmək əbəs olardı. Odur ki, əvvəla məqsədin nə olduğu və hədəfin nədən ibarət olduğu dəqiq olaraq müəyyənləşməlidir – sağlam bir ailə yuvasının sarsılmayacaq təməli üçün. Kiminsə təkidi ilə, hansısa müvəqqəti bir həvəs ilə, kiməsə bənzəmə, kiminləsə yarışma instinkti ilə başlanan bir evlilik həyəcanı, əlbəttə ki, bir müddət sonra yatışmağa və kiminsə qəlbini qırmağa məhkumdur. Odur ki, gələcəkdə öz-özlərinə “niyə boşanırıq?” deyə sual verərək cavab tapma axtarışına girmək istəməyən bir cütlük hələ yolun başında ikən öz-özlərinə “niyə evlənirik?” sualını tez-tez soruşmalı və buna əsaslı cavablar taparaq daxilən möhkəm bir inama, qəti bir qərara sahib olmalıdır. Bu müddəti sağlam bir şəkildə aşa bilmədən qurulan ani yuvalar gələcək üçün bir üzüntü, kədər və məyusluğa namizəddir. Umduğunu tapa bilməyən, gözlədiyi münasibəti, arzuladığı sükunəti əldə edə bilməyən cütlüklər “səni yaxşı tanımamışam, səni gözümdə çox böyütmüşəm, bütün bunlara layiq deyilmişsən” kimi sözləri özlərinə qalxan tutaraq qüsur axtarma yarışına girmədən əvvəl bir-birini yaxşı tanısalar, onları xəyal qırıqlığına məruz buraxacaq bir çox səbəbdən vaxtında yayına bilərlər. Çünki əvvəldən bilinməyən, daha sonra üzə çıxan qüsurlar və uyğunsuzluqlar, zamanla tanınan və ortada var olduğu anlaşılan, aşılması çətin uçurumlar münaqişənin, münasibətlərin pozulmasının əsas səbəbini təşkil etməkdədir. Belə ki, bu bir həqiqətdir ki, əvvəlcədən var olmayan, davam edən həyatın çətin bir sınaq imtahanı kimi qarşılarına çıxan acımasız xəstəliklər, əlillik dərəcəsində nöqsanlar belə sağlam təməllər üzərində qurulan ailələrin birliyini sarsıda bilməməkdə, bir çox cütlük belə hallarda qarşı cinsə dayaq olaraq bərabərliklərini davam etdirməkdədir. Amma sonradan qazanılan pis aludəçiliklər, zina, alkoqol, narkomaniya kimi dözülməz xəstəliklər bunun xaricindədir.

      Bəs çıxış yolu nədədir? Artıq iş-işdən keçdikdən sonra, problemlər baş qaldırdıqdan sonra yuvasını qurtarmaq istəyən bir ailə üzvü nə edə bilər? Vaxtında “niyə evlənirik?” sualını verməyən cütlüklər “niyə boşanırıq?” sualına cavab tapmaq yerinə “niyə boşanmayaq?” deyə bir sual ortaya qoyaraq buna cavablar tapa bilməzmi? Əlbəttə ki, tapa bilərlər! Problemlər nə qədər çox olursa olsun, boşanma səbəblərindən daha çox boşanmama səbəbləri tapmaq mümkündür. Məsələn:

      Uşaqlar. Uşaqların gələcəyi, onların xoşbəxtliyi, üzlərindəki təbəssüm hər bir valideyn üçün ən prioritet məsələdir. Valideynlərin onlardan ötrü dözə bilməyəcəkləri çətinlik yoxdur. Yetər ki, sağlam düşüncəsi, məntiqi təfəkkürü zədələnməmiş olsun.

      Bənzərlik. Bütün kişilər və bütün qadınlar demək olar ki, bir-birinin bənzəridir. İstər xasiyyət və düşüncə baxımından, istərsə də bədən quruluşu baxımından onların arasındakı ortaq nöqtələr aralarındakı fərqlərdən dəfələrlə çoxdur. Odur ki, fərqli bir şəxslə daha gözəl münasibətlər qura biləcəyini düşünən tərəflər çox zaman bu qərarlarında yanılırlar və peşmançılıqla üzləşirlər.

      Maddi çətinlik. Allahı dərk edən, imtahan dünyasının müvəqqətiliyinin şüurunda olan bir insan maddi imkanların zamanla çox tez-tez əl dəyişdiyini, bir çox zənginliyin yanında bir çox da narahatçılıqları, maddi və mənəvi məsuliyyətləri gətirdiyini bilər və əsla öz nəsibi olan ruzisinin tez tükənməsi üçün tələsməz; Allahdan xeyirli ruzi və xeyirli çıxış yolu arzulayaraq halal qazancın yollarından uzaqlaşmaz, tamahkarlıq və paxıllıq kimi insanı içdən-içə məhv edən zəhərli düşüncələrə təslim olmaz.

      İlk addım. Bir çox hallarda tərəflər barışmaq üçün səbəblərini götür-qoy etsələr də, qarşı tərəfin bunları dərk edib-etmədiyində tərəddüd edərlər. Buna görə də qarşı tərəfin eyni fikirdə olduğuna əmin olmaq üçün ilk addımın atılmasını ondan gözləyərlər. Odur ki, aradakı küskünlükləri, anlaşmazlıqları aşmaq xüsusunda ən az yara alan ailələr münasibəti düzəltmək üçün ilk addımı atmaqda bir-biri ilə yarışan cütlüklərdir.

      Səbəblərin və çarələrin siyahısını uzatdıqca uzatmaq olar. Yetər ki, tərəflər sadaladığımız tərzdən səbəbləri düşünəcək məntiqi təfəkkürü itirməsin və ayrılmamaq üçün ilk addımı atmaqda tərəddüd etməsin. Yoxsa...

      • Hits: 627 clicks

      Tecox component by www.teglo.info