Saleh Şirinov- Sünnəyə sarılmaq

      Share

      Tarix təkrarlanaraq davam edir. Hz. Rəsulullahın (s.ə.s) hədisini və sünnəsini bir tərəfə buraxaraq, Quran müsəlmanlığından bəhs edənlər yüz illərdən bəri olmuşdur. 

      Bunların peyğəmbərə itaəti əmr edən, Onun verdiyi hər şeyi almağı nəsihət edən ayələri anlamadıqları və ya anlamaq istəmədikləri gün kimi aşkardır. Bu hədissiz və sünnəsizlərin oyununa gəlməmək üçün bu yazımızda Peyğəmbərə itaət mövzusunu ələ alacağıq.

      Uca Rəbbimiz peyğəmbərləri nə üçün göndərdiyini açıqlayarkən: “Biz, hər göndərdiyimiz peyğəmbəri, Ona Allahın icazəsiylə itaət edilsin deyə göndərdik..” (ən-Nisa 64) buyurur. Son peyğəmbərinə və Onun buyruqlarına itaət etməyin nə qədər əhəmiyyətli və lazımlı olduğunu ifadə etmək üçün də Qurani-Kərimin ondan çox ayəsində rəsulunun adını öz adıyla yan-yana zikr edərək: “Allaha və peyğəmbərə itaət edin” buyurur. Bununla da kifayətlənməyərək yenə ondan çox ayədə, bu dəfə rəsulunu tək xatırlayaraq ona itaət edilməsini əmr edir.

      Görəsən, “Peyğəmbərə itaət edin!” ayeyi-kəriməsini necə anlamaq lazımdır və İslam alimləri bu ayəni necə anlamışlar?

      İbn Qəyyum əl-Cövziyyə dörd cild şəklində qələmə aldığı şöhrətli əsəri İlamül-muvakkində deyir: Bütün alimlər bu mövzuda ittifaq etmişlər. “Peyğəmbərə itaət edin demək, sağlığında özünə, vəfatından sonra da sünnəsinə uyun” deməkdir.

      İbn Kəsir məşhur təfsiri Təfsirul-Quranil-azimində deyir: Bunun mənası “Peyğəmbərin sünnəsinə sarılın” deməkdir.

      Şatibi türkcəyə də qazandırılan üsuli-fiqhə dair dörd cilddən ibarət məşhur əsəri əl-Muvafaqatda deyir ki, bu ayənin mənası “Quranda olmayan xüsuslarda peyğəmbərin sünnəsinə sarılın” deməkdir.

      Müasir təfsirçilərdən, otuz cildlik Ruhul-məan müəllifi Alusi bu əsərində Rəsulullaha (s.ə.s) itaət mövzusunu işləyərkən yazır ki: “Rəsulullaha itaətin Allaha itaətlə birlikdə yan-yana zikr edilməsindəki incəlik Allahın Rəsulunun dəyərini ortaya qoymaq, Quranda keçməyən/olmayan dini əmrləri etmək lazım deyil zənnini qəti şəkildə yıxmaq və Peyğəmbərin Qurandan ayrı və müstəqil olaraq (hədislərində) ortaya qoyduğu əmrlərinə itaət etməkdir”.

      Sizə tarixi seyr içində sünnəyə dair fikirlərini ərz etdiyim bu dörd alim öz sahələrində nüfuz sahibi olan, əsərləri və şöhrətləriylə zamanı aşaraq günümüzə qədər gələn İslam böyükləridir. Onlar digər İslam alimləri kimi, Hz. Peyğəmbərə (s.ə.s) itaət mövzusundakı ayələri belə anlamışlar. Quranda qısaca təmas edilən mövzularda Peyğəmbərin şərhlərinə baxılması, Quranda təmas edilməyən mövzularda da Peyğəmbərin buyruqlarına uyğun gəlinməsi lazım olduğunu söyləmişlər.

      Əgər Allah-Təala “Peyğəmbərə itaət edin” sözüylə “Peyğəmbərlə göndərdiyim ayələrə itaət edin, amma onun şəxsi şərhlərinə və izahlarına baxmayın” deməyi arzu etsəydi, bunu açıqca söyləyə bilərdi. Məsələn “Rəsulumun gətirdiyi ayələrə inanın və onun gərəyini edin” deyə bilərdi. Amma elə demir; tam əksinə, mütləq və ümumi bir ifadə ilə “Rəsulullaha itaət edin” buyurur. Eləcə də “Rəsulullaha itaət edin” buyruğunun mənası “Allah-Təalanın Onunla göndərdiyi ayələrə itaət edin” demək olsaydı, o təqdirdə bu ayənin baş tərəfindəki “Allaha itaət edin” sözü gərəksiz bir təkrardan ibarət olardı ki, bir möminin bunu düşünməsi belə mümkün deyil. Demək ki, Allah-Təalanın əmr etdiyi bu itaət, yalnız rəsulunun gətirdiyi ayələri əhatə etmir, ayələrlə birlikdə şəxsinə itaəti də əhatə edir.

      Gözəl nümunə

      İndi gələk Əsri-səadətdən bu günə qədər, bu gündən qiyamətə qədər gələcək olan müsəlmanların “Rəsulullaha itaət edin!” ayəsi qarşısındakı vəziyyətinə.

      Bu gün Rəsulullah (s.ə.s) həyatda olmadığına görə biz Ona necə itaət edəcəyik? Bizdən sonra gələcək müsəlmanlar Ona necə itaət edəcəklər? Bu problemin bir tək cavabı vardır. Yuxarıda fikirlərini qısaca ifadə etdiyim dörd alim ilə onların xaricindəki yüzlərlə İslam böyüyünün dediyi kimi: vəfatından sonra və Quranda olmayan xüsuslarda Rəsulullahın sünnəsinə uymaq surətiylə Ona itaət ediləcəkdir. Beləcə, “mən müsəlmanam” deyən hər kəs, hansı dövrdə yaşayarsa yaşasın, “Allaha və Rəsuluna itaət edin” ayəsinin gərəyini yerinə yetirmiş olacaqdır. Allah-Təala belə buyurur: “And olsun ki, sizin üçün - Allaha və axirət gününə inananlar, ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün Allahın Elçisi gözəl bir nümunədir”. (əl-Əhzab 21).

      Əshabi-kiramın Rəsulullahı həm sağlığında, həm də vəfatından sonra necə nümunə götürdüklərini və Onun buyruqlarına necə sarıldıqlarını çox yaxşı bilirik.

      Bir gün Hz. Rəsulullah (s.ə.s) səhabələrinə xitab etmək üçün minbərə çıxdığında, ayaqda olanlara oturmalarını söylədi. O əsnada məscidə girməkdə olan İbni Məsud “Oturun” əmrini eşidən kimi məscidin qapısına çökdü. Onun bu halını və itaətinin dərəcəsini görən Rəsuli-Möhtərəm (s.ə.s) məmnun oldu və ona: “İçəri gəl, Abdullah ibn Məsud”, - buyurdu. (Əbu Davud) Buna bənzər olan davranışlardan birini də Abdullah bin Rəvahanın hərəkətində görürük. Onun da “oturun” əmrini həyətdə ikən eşidərək olduğu yerə çökdüyü Hz. Peyğəmbərimizə (s.ə.s) izah edildiyi zaman məmnun olmuş və ona “Allah itaətini artırsın” deyə dua etmişdi.  

      Rəsulullaha ümmət olma yolunda səy göstərərkən bizə düşən vəzifə onun sadiq əshabını özümüzə nümunə götürmək, arxalarından, izlərilə getmək və rəsulullaha itaəti olanlardan öyrənməkdir. 

      • Hits: 475 clicks

      Tecox component by www.teglo.info