Əziz Sultanov- MƏKKƏ VƏ MƏDİNƏNİN FƏZİLƏTİ

      Share

      Məkkə və ya Mədinənin adı çəkiləndə iman sahibi olan hər bir müsəlmanın könlündə istər-istəməz fərqli hisslər, xoş duyğular və mənəvi həzz meydana gəlir.

       Bütün bunlar ona görədir ki, hər bir müsəlman bu iki müqəddəs şəhərə könül bağı ilə, məhəbbət duyğuları ilə bağlıdır. Hər şeydən əvvəl Hz. İbrahimin bünövrəsini Hz. İsmayıl ilə birgə atdığı Kəbə, qibləgahımız orada yerləşir. Quranda Məkkə haqqında nazil olunan ayələrdən birində belə buyurulur: Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır”.[1] Buna əsasən belə düşünə bilərik ki, ora bizim ilk evimiz, ulu əcdadımızın ilk məskəni, yurd saldığı və Allaha yönəldiyi ilk məkandır. Bənzər bir ayədə belə buyurulur: “Bu, şəhərlərin anası (Məkkə əhli) və onun ətrafındakıları xəbərdar etmək üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar”.[2] Quran onu “şəhərlərin anası” olaraq vəsf edir. Onu sevməmək mümkünmü!

      Allahın möcüzələrindən biridir ki, Məkkəni insanlar üçün əmin-amanlıq, sülh, etimad mərkəzi etmişdir. Dünyanın böyük təbii fəlakətlərindən uzaq, – insanların öz əlləri ilə özlərinə etdikləri xaric, – qorxudan, təşvişdən kənar bu məkan, həqiqətən də, Allahın rəhmətinin yer üzünə təcəlla etdiyi mərkəzdir. Bir çox məmləkətləri qəzəbinə tuş gəldiyi üçün həlak edən Rəbbimiz, məkkəlilərin bənzər bir xətaya düşməmələri üçün onlara xəbərdarlıq edir və qədrini bilsinlər deyə Məkkənin bu üstün xüsusiyyətini Qurani-Kərimdə belə açıqlayır:

      “(Qüreyşlilər) dedilər: “Əgər biz səninlə birlikdə haqq yolu (islam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz!”.[3] Nə böyük bir nemətdir! Bu nemətin böyüklüyünü Allahın elçisindən başqa heç kəs daha yaxşı qavraya, daha kamil mənada anlaya bilməzdi. Odur ki, Məkkədən Mədinəyə hicrət vaxtı gəldiyi zaman Peyğəmbərimiz (s.ə.s) üzünü bir az əvvəl ayrıldığı Məkkəyə tutaraq belə demişdi: “(Ey Məkkə!) Sən nə gözəl yurdsan! Səni necə də çox sevirəm! Əgər qövmüm məni buradan çıxmağa məcbur etməsəydi, səndən başqa heç bir yerə yerləşməzdim (buradan çıxmazdım)!”[4]

      Məkkənin üstünlüyü, Məkkənin fəziləti və müsəlmanlar üçün dəyəri Qiyamətə qədər davam edəcəkdir. Bir hədisi-şərifində Peyğəmbərimiz (s.ə.s) Məkkədəki Məscidi-Həramın üstünlüyünü ifadə edərək belə buyurmuşdur:“Mənim (Mədinədəki) bu məscidimdə qılınan bir namaz (Məkkədəki) Məscidi-Həram xaric, başqa məscidlərdə qılınan min namazdan daha xeyirlidir”.[5]

       

      Bir də Mədinə var, hədisdə də diqqət çəkildiyi kimi: Məkkədən, Məscidi-Həramdan sonra ən dəyərli, ən qiymətli yerə sahib olan şəhər. Hicrətdə aləmlərə rəhmət olan son Peyğəmbər Hz. Muhammədə (s.ə.s) qucaq açan, öz mallarını, öz ailələrini, öz canlarını qoruduqları kimi qorumağa söz verən və qoruyan, vəfatından sonra da onu bağrına basan, Məscidi Nəbiyə sahib olan şəhər... Ənsarın yurdu... “Şayəd bütün insanlar bir təpəyə, ənsar da başqa bir təpəyə yönəlsələr, mən ənsarın getdiyi yerə gedərəm. Hicrət olmasaydı, ənsardan olardım”,[6] - deyə buyuran bir peyğəmbərin ənsarı və ənsarın yerləşdiyi yeri nə qədər çox sevdiyini təxmin etmək çətin deyil. Peyğəmbərimiz (s.ə.s): “Allahım, Məkkəyə verdiyin bərəkəti, iki qatı ilə, Mədinəyə də ver!”[7] – deyə dua etmişdi.

      Hz. Peyğəmbərin sevgisindən əlavə, İslamın kamil formasıyla insanlara çatdırılmasında oynadığı rol etibarı ilə də Mədinə müsəlmanlar üçün çox mühümdür. Hədisi-şərifdə buyurulduğu kimi: “Mədinə İslamın qübbəsi, iman və hicrət yurdu, halal və haramın bildirildiyi yerdir”.[8] Bəli, iman və hicrət yurdu. Həqiqi imanın, gerçək möminlərin münafiqlərdən seçildiyi, hicrət edilərək yeni bir təqvimin dünyaya gəldiyi yer, nurlu şəhər: Mədineyi-Münəvvərə. Bədir şəhidləri orada yatır, Uhud şəhidləri hələ də gül qoxusu ilə gələnləri salamlayır, Cənnətül-Baqi qəbiristanlığında yatan mübarəklər, o Səadət Əsrinin solmayan ulduzları hələ də oraya gələnlərin yoluna işıq saçır. Ən əsası da, bu dünyaya cənnətdən bir pay olaraq verilən məkan, bir cənnət bağçası yer alır Mədinədə, Məscidi-Nəbinin içərisində; şəfaətini umduğumuz iki cahan sərvərinin yatdığı mübarək qəbri ilə cahanı aydınladan nurlu sözlərini dilləndirdiyi mübarək minbəri arasında... Hədisi-Şərifdə buyurulur: “Evimlə minbərimin arası cənnət bağçalarından bir bağçadır”.[9] İnsan cənnət bağçasına bu dünyada ikən girmək istəməzmi? O cənnət bağına qovuşan insan daha könül incidərmi, qəlb qırarmı? Çünki cənnətdəkilərin kəlamının yalnız “salam” – salamatçılıq, əminamanlıq, sülh kəlməsindən ibarət olduğunu buyurur Allah-Təala: “(Cənnətdəkilərin) eşitdikləri söz ancaq “salam” olacaqdır”.[10]

      Elə isə, Allah bizə bu dünyada ikən cənnət bağçasına girməyi nəsib edərsə, bu cənnətdən çıxmamaq üçün sözümüz ancaq “salam” olsun, danışığımız ancaq xeyir və bərəkət arzulamaqdan, gözəl nəsihətdən ibarət olsun. İnşallah...

       

       


      [1] Ali-İmran 96

      [2] əl-Ənam 92

      [3] əl-Qasas 57

      [4] Tirmizi, Mənaqib 169

      [5] Müslim, Həcc 94; Tirmizi, Salət 243

      [6] Buxari, Mənaqibul-Ənsar 2

      [7] Buxari, Büyu 53; Müslim, Həcc 85;

      [8] Təbərani; Camius-Sağir 9186

      [9] Buxari, Mədinə 1888; Tirmizi, Mənaqib 68

      [10] əl-Vaqiə 26

       

      • Hits: 910 clicks

      Tecox component by www.teglo.info