Aqil Əliyev-ÜMRƏ VƏ FƏZİLƏTİ

      Share

      Xüsusi olaraq  Kəbəni ziyarət etmək istəyən şəxslər həcc mövsümü xaricində, yəni Hicri-Qəməri  aylardan  Zilhiccə ayının 8-9-10-cu gunu istisna olmaqla Kəbəni ziyarət edə bilərlər.

       Bu ziyarətə “ümrə” deyilir. Ümrənin ediliş şəkli:  Miqat (Məkkəyə girməzdən əvvəl yuyunub ehram paltarının geyinildiyi yerlər) sərhədlərinin birində ehrama girilir və ümrəyə niyyət edilir. Kəbəyə gəlib təvaf edilir, sonra Səfa və Mərvə təpələri arasında səy edilir, təraş olunub ehramdan çıxılır. Beləcə, ümrə üçün Kəbəyə gələn müsəlman ümrə etmiş sayılır. Ümrədə şeytan daşlamaq və qurban kəsmək yoxdur.

      Lüğətdə “ziyarət etmək” mənasını verən ümrə, dini bir termin olaraq, xüsusi bir şəkildə Kəbənin ziyarət edilməsini ifadə edir. Ümrənin yeganə rüknü, Kəbəni təvaf etməkdir. Səy və təraş olmaq isə ümrənin vaciblərindəndir. Ərəfə, Qurban və təşriq günləri xaricində ilin hər vaxtında edilən bu ibadətin ömürdə bir dəfə edilməsi sünneyi-müəkkədədir. Ömürdə bir dəfə edilməsi sünneyi-müəkkədə olmaqla birlikdə daha çox da edilə bilər. Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Bir ümrə, digər ümrə ilə ikisi arasında işlənilən (kiçik) günahlara kəffarədir. Həcci-məbrurun qarşılığı isə yalnız cənnətdir”. (Buxari, Ümrə, 1, Müslim, Həcc, 437)

      Hz. Aişə (r.anhə) bir gün soruşur: “Ey Allahın Elçisi, qadınlara da cihad varmı?” Allahın Elçisi belə cavab verir:  “Bəli, içində döyüş olmayan bir cihad var ki, o da həcc və ümrədir”. (İbn Macə, Mənasik 8)  Əbu Hüreyrənin (r.a) nəql etdiyi bir hədisdə Rəsulullah (s.ə.s ) belə buyurur: “Kiçiyin, böyüyün, zəifin və qadının cihadı həcc və ümrədir”. (Nəsai, Həcc 4)

      Ümrə də həcc kimi günahları təmizləyir.  Abdullah bin Abbas (r.anhumə) belə deyir:  "Rəsulullah (s.ə.s) buyurdu ki: “Həcc ziyarəti ilə ümrənin arasını birləşdirin. Çünki bunlar eynilə körüyün  dəmirdəki pislikləri təmizləməsi kimi günahları təmizləyər”. (Nəsai, Həcc, 3) Hədisdəki bənzətmə diqqət çəkir. Körük dəmirdəki pisliyi sadəcə  sovurmaqla deyil, ciddi bir cəhdlə yandırma ilə təmizləyr. Həcc və ümrə ibadətində həqiqətən nəfsi alov-alov yandıran, təmizləyən müxtəlif atəşlər, çətinliklər vardır: Maldan xərcləmək, aclıq və susuzluq, yorğunluq, yuxusuzluq və s... Bunlara sırf Allah rizası üçün səbir edib dözənlər tərtəmiz olaraq geri dönərlər.

      Hacılar və umrə ziyarətçiləri  Allahın  qonağıdırlar. Rəsulullah (s.ə.s) belə buyurur: “Hacılar və ümrə edənlər Allahın ziyarətçiləri və hüzuruna gələn elçiləridir. Ondan istədiklərində onlara verər, istiğfar etdiklərində onları əfv edər, Ona dua etdiklərində dualarına cavab verər. Biri üçün şəfaət etdiklərində şəfaətləri qəbul edilər". (İbn Macə, Mənasik 5) Abdullah bin Ömər (r.a) belə deyir: “Rəsulullah (s.ə.s) buyurdu: “Allah yolunda cihad edən, həcc və ümrə edən Allahın elçisidir. Çünki Allah qullarını bu ibadətləri ifaya dəvət etdi, onlar da razılıq etdilər. Buna müqabil onlar da Ondan (dilədiklərini istədilər), Allah da onlara istədiklərini verər". (İbn Macə)

      Həcc və ümrə edənlərin duaları qiymətlidir. Həcc və ya ümrəyə gedən zəvvarlardan dua almaq və dualarına ortaq olmaq üçün xahiş etmək sünnədir. Necə ki ümrə etmək üçün icazə istəyən Hz. Ömərə (r.a) Rəsuli-Əkrəm (s.ə.s): “Qardaşım! Duanda mənə də yer ayırarsanmı?” deyərək bir peyğəmbər olmasına baxmayaraq ümrəyə gedən bir insandan ona dua etməsini istəmişdir. (Əbu Davud, Vitr 23; Tirmizi, Dəavat 110) Hz. Ömər (r.a) deyir ki; “Bu elə bir dua istəyi idi ki, qarşılığında mənə dünyalar verilsəydi heç bu qədər sevinməzdim". (Əbu Davud, Tirmizi)

      Həcc və ümrə bir neçə gün davam edən ibadətdir. Namaz, oruc, sədəqə və digər bütün ibadətlər qısa zaman ərzində həyata keçirilir, ancaq həcc və ümrə elə deyil. İnsan evinə dönənə qədər ibadət halındadır. Onun üçün duası qiymətli və məqbuldur. Ən fəzilətli ümrə ziyarəti isə Ramazan ayında ediləndir. Çünki Hədisi-Şərifə əsasən Ramazanda ümrə etmək həcc etməyə bərabərdir. Abdullah bin Abbasın (r.anhumə) rəvayət etdiyinə görə Rəsulullah (s.ə.s) mədinəli xanımlardan birinə belə nəsihət etmişdir: “Ramazan ayı gəldiyi zaman ümrəyə get. Çünki bu ayda edilən ümrənin savabı həcc ibadətinə bərabərdir”. (Nəsai, Siyam, 6)

      • Hits: 404 clicks

      Tecox component by www.teglo.info