Saleh Şirinov- Quran Bərabərliyi

      Share

      Allah-Təala öz kitabını belə tanıdır:

      Qurani-Kərim;Bütün insanlara bir məlumat,Möminlərə doğru yolu göstərən bir rəhbər,Onlar üçün bir rəhmət,İmanlarını möhkəmləndirmək üçün endirilən bir kitab,Allahdan qorxanlara bir öyüd, bir xəbərdarlıq,Ürəklərdəki xəstəliklərə bir şəfa və bir müjdə...Quran Rəblərinin icazəsiylə insanları qaranlıqlardan işıqlığa, Allahın yoluna çıxaracaq olan kitabdır.O, gerçəyin məlumatı, hər şeyi açıqlayan, elmə əsaslanan şərhlər edən bir kitabdır. Həqiqəti görüb anlamağa yardım edən dəlillər ehtiva etməkdədir.

      Rəsuli-Əkrəmin diliylə

      Hz. Peyğəmbərimiz də (s.ə.s) Qurani-Kərimi belə tanıdır:“Sizə iki şey buraxıram. Onlara möhkəm sarıldığınız müddətcə yolunuzu çaşmazsınız:Allahın kitabı və Rəsulunun sünnəsi”.“Quran – yer üzünə uzadılmış ilahi bir kəndirdir; bir ucu Allahın, digər ucu sizin əlinizdədir.

      Ona yapışanlar doğru yolu tapar, həlak olmaqdan xilas olar; ona yapışmayanlar isə doğru yoldan uzaqlaşarlar. Allah-Təala onunla bəzi millətləri yüksəldər, bəzilərini alçaldar”.

      Qurani-Kərim Haqq-Təalanın insanlar üçün qurduğu bir ziyafət süfrəsidir.

      Quran oxuyanın qazancı

      Yenə əziz Peyğəmbərimizi (s.ə.s) dinləyirik, buyurur ki:“Qurani-Kərimi öyrənən və öyrədənlər ən xeyirli kəslərdir”.“Quran onu oxuyanlara qiyamət günündə şəfaət edəcəkdir”.“Qurani-Kərimdən bir hərf oxuyana bir yaxşılıq savabı yazılacaq. Hər yaxşılığın qarşılığında on savab veriləcək. Məsələn “əlif-lam-mim” deyən bir kimsə, bir hərf deyil, üç hərf savabı qazanacaq; çünki əlif bir hərf, lam bir hərf, mim başqa bir hərfdir”.“Bəqərə və Ali-İmran surələri, məhşər yerində, onları oxuyanları müdafiə etmək üçün bir-biriylə sanki yarışacaqlar”.“Qəlbində Qurandan bir miqdar ayə olmayan kəs xarabaya dönmüş ev kimidir”.“Qurani-Kərimi oxuma üsullarına uyğun şəkildə gözəlcə oxuyanlar vəhy gətirən o şərəfli mələklərlə birlikdə olacaqlar. Kəkələyərək, çətinliklə oxuyanlara isə ikiqat savab veriləcəkdir”.“Gecə-gündüz Quran ilə məşğul olan kimsə qibtə olunacaq bir müsəlmandır”.

      “Baxın! Hər gün məscidə gedib orada iki ayə öyrənmək və ya oxumaq hər gün iki qiymətli dəvə qazanmaqdan daha qazanclıdır, üç ayə öyrənmək və ya oxumaq üç dəvə, dörd ayə oxumaq və ya öyrənmək dörd dəvə qazanmaqdan daha xeyirli və qazanclıdır”.

      “Quranı oxuyan və onun buyruqlarını tətbiq edən möminin anasıyla atasına qiyamət günündə parıltısı günəş işığından daha gözəl bir tac geydiriləcəkdir”.

      “Dünyada edilən ibadətlər axirətdə artıq edilməyəcək, lakin Quran oxuma zövqü bundan müstəsna tutulacaq. Dünyada hər fürsətdə Quran oxuyan kimsəyə axirətdə: - Quranı oxu, dərəcəni yüksəlt! -deyiləcəkdir”.

      Quranı gözəl səslə oxumalı

      Hz. Peyğəmbərimiz (s.ə.s) Quranın gözəl səslə, üsuluna uyğun olaraq oxunmasını tövsiyə edərdi; Allah-Təalanın bundan çox məmnun qalacağını söyləyərdi.

      “Quranı gözəl səslə oxumayan bizdən deyil” buyurardı.

      Əbu Musa əl-Əşarinin təsirli bir səsi vardı; Rəsuli-Əkrəm onu Quran oxuyarkən dinləməyi sevərdi.

      Bu qiymətli səhabəsinə:

      “Davud peyğəmbərə verilən gözəl səslərdən bir nəğmə də sənə verilmişdir” deyə iltifat edərdi.

      Bir gün Hz. Aişə (r.anhə) yatsı namazından sonra evə bir az gecikərək gəldi. Hz. Peyğəmbər (s.ə.s) ondan harada qaldığını soruşdu. O da bir səhabənin bənzərsiz səsiylə və gözəl bir avazla oxuduğu Quranı dinlədiyi üçün gecikdiyini söylədi. Rəsuli-Əkrəm (s.ə.s) o şəxsin kim olduğunu öyrənmək marağıyla qalxıb məscidə getdi. Hz. Aişə də (r.anhə) Peyğəmbərin arxasından izlədi. Hz. Peyğəmbər (s.ə.s) Quran oxuyan səhabəni bir az dinlədikdən sonra Hz. Aişəyə dönərək:

      “Bu, Əbu Hüzeyfənin azadlısı (köləlikdən azad etdiyi) Salimdir!” buyurdu. Sonra da sevincini belə dilə gətirdi: “Ümmətimin arasında belə birini var edən Allaha həmd olsun!”

      Allah Rəsulunun (s.ə.s) öz səsi də çox gözəl idi. Bir gün onu yatsı namazında “Vət-tini vəz-zeytuni” deyə oxuyarkən dinləyən Bəra bin Azib, ondan daha gözəl səsli bir kimsəni dinləmədiyini söyləmişdi.

      Düşünərək oxumalı

      Peyğəmbərimiz Qurani-Kərimi düşünərək oxuyardı.

      Sevimli Peyğəmbərimiz Quran oxuyarkən, Allahı təsbeh etməkdən bəhs edən ayələrə gəlincə, Haqq-Təalanı ucaldaraq təsbeh edərdi.

      Allahdan istəməklə əlaqədar ayələrə gəlincə, Allaha diləyini ərz edərdi.

      Allaha sığınmaqdan bəhs edən ayələri oxuyunca, Ona sığınardı.

      Allahın Elçisi (s.ə.s) Quranı bu şəkildə, yaşayaraq oxuyardı.

      Toplu şəkildə oxuyub müzakirə etməli

      Həqiqi mömin Qurani-Kərimi davamlı oxumalı, üzərində düşünüb müzakirə etməli, mənasını yaxşı şəkildə  anlayıb qavramalı və onu həyatına tətbiq etməlidir.

      Peyğəmbərimizin (s.ə.s) xəbər verdiyinə görə: bir yerdə toplanıb Qurani-Kərim oxuyan, onu aralarında müzakirə edən, mənasını anlayıb qavramağa çalışan kəslərin üzərinə mələklər enər. Onları bir rəhmət, bir hüzur və sükunət bürüyər. Allah-Təala onları öndə gələn mələklərə tərifləyər. 

      • Hits: 440 clicks

      Tecox component by www.teglo.info