İsmayıl Vəliyev -Mütləq ZƏFƏR üçün 3 Ağır Müqavilə

      Share

      Bu yazıda çox önəmli üç müqavilədən danışacağam.

      Bu müqavilələri kiminləsə deyil, özümüzlə bağlamalıyıq. Özümüzlə qarşı-qarşıya oturub razılığa gəlməliyik.

      Bunu niyə etməliyik?

      Lazımsız bir çox məşğuliyyətin enerjimizi, diqqətimizi, vaxtımızı işğal etməsinə izin verməyib, ən önəmli işlərə fokuslaşmaq və bunlar üzərində uzunmüddətli icraata davam edə bilmək üçün.

      Odur ki, qısaca açıqlayıram.

      Aşağıda üç acımasız reallıq sıralanıb. Bu reallıqları inkar etmək dolayı yolla hədəfə getməyən bir yola yönəlib o yolda addımlamağa davam etməkdir. Bunun isə necə nəticə verəcəyini, əminəm ki, anlayırsınız. Bu təhlükədən əmin olmaq məqsədilə bu reallıqların qalibiyyət üçün tələb etdiyi müqavilələrin nələr olduğunu və bu müqavilələri kiminlə və necə bağlayacağımızı sizlər üçün aşağıda paylaşdım.

      I REALLIQ: Hədəfinizə çatmağınız düşündüyünüzdən, təxmin etdiyinizdən, hesabladığınızdan daha uzun bir müddətdə baş tutacaq. Yəni daha çox vaxt sərf etməli olacaqsınız. Daha uzun müddət işləməli, mübarizə aparmalı, oxumalı, yazmalı, məşqlər etməli olacaqsınız.

      Müqavilə 1. Bu, mənim xoşuma gəlsə də – gəlməsə də, çox normaldır. Bunu çətin olsa da, qəbul edirəm. Səbrim tükəndiyində, artıq bitsin dediyimdə bu müqaviləni xatırlayacağam daima. Mütləq bir az kənara çəkiləcəyəm, istirahət edəcəyəm, amma əsla vaz keçməyəcəyəm. Və bu uzun, kəşflərlə dolu səyahətin sonlandığı nöqtəyə qədər gedəcəyəm, mütləq. Yorulduğumda, bezdiyimdə deyil, NƏTİCƏLƏNDİRDİYİMDƏ dayanacağam.

      II REALLIQ: Bu gedəcəyiniz, izləyəcəyiniz proses gözlədiyinizdən daha çox çətin, məşəqqətli, ağır olacaq.

      Müqavilə 2. “Dəyərli heç bir şey asanlıqla əldə edilmir”, - universal qaydasını, qanununu, prinsipini daima özümə xatırladacağam. Alacağım ağır zərbələr məni nokaut etdiyində belə qalxıb davam edəcəyəm. Ümidim itə bilər, özgüvənim sıfırlana bilər, amma bir şey əsla olmayacaq: VAZ KEÇMƏK. Kiçik, çox kiçik addımlarla belə olsa, addımlamağa davam edəcəyəm. Məşəqqətlər sadəcə xəyallarımın EVERESTİNƏ zəfər bayrağımı sancmaq üçün deyil, həm də mənim zəncirlərimi bir-bir qoparıb ən ideal özümü, ən yaxşı versiyamı kəşf etmək, buna çatmaq üçün olmazsa-olmaz, acımasız görsənən, amma ən dəyərli hədiyyələrdəndirlər, mənim üçün.

      Problemlər, krizislər, çox çətin günlər, nəticə verməyən uzun günlər çox təbiidir və mən bu reallığı danacaq, bundan qorxacaq ya da şikayətlənəcək qədər zəif deyiləm. Bu MEYDANOXUMANI qəbul edirəm və bütün bunların tam içərisindən addımlayıb, aldığım yaralara, zərbələrə baxmayaraq hədəfimə doğru davam edəcəyəm.

      III REALLIQ: Sizə əsl kömək olacaq və ZƏFƏRƏ aparacaq olan kənar faktorlar  – motivasiya edici kitablar, təlimlər, kurslar, videolar, audiolar – deyil, sizin, Allahın sizə verdiklərini nə qədər və hansı dərəcədə istifadə edəcəyinizdir.

      Müqavilə 3. Motivasiya edici bütün vasitələrə – təlimçi, kouç, kitab, video, audio, kurslar və.s – əsla və əsla əsas təkanverici güc, qurtarıcı, çıxış, xilas, həll yolum, əsas vasitəm olaraq baxmayacaq, daima öz gücümə müraciət edəcəyəm. Çünki bilirəm ki, mən hələ sərhədlərini özümün də bilmədiyim qədər GÜCLÜYƏM.

      Qeyd 1: VAZ KEÇMƏMƏK – çox güclü səslənir və çox ruhlandırıcıdır. Bu, hər insana və bu insanın üzərində işlədiyi hədəfə, layihəyə görə dəyişir. Buna görə də, burada bu qeydi yazmaq və sizlərlə paylaşmaq qərarı verdim. Üzərində işlədiyimiz hər proyektin mütləq sonuna kimi gedəcəyik deyə bir yanaşma doğru olmaz. Bu, işin əhəmiyyətinə və digər bir çox kənar faktorlara görə dəyişir. Buna artıq siz özünüz qərar verəcəksiniz.

      Qeyd 2: Bu, ən son reallıqla əlaqəlidir. Burada demək istədiyim, əsla sizi ruhlandırıcı, motivasiya verici materiallardan və vasitələrdən uzaqlaşdırmaq deyil. Bunlardan mütləq istifadə edəcəyik, amma bunlar bizim etməli olduğumuz işləri edib-etməmək üçün əsas səbəb olmamalıdır. Yəni bunlar olsa da - olmasa da biz İCRAATA davam edəcəyik; bunları da, bir növ bəsləyici faktor olaraq qəbul edib vaxt ayıracağıq.

      • Hits: 538 clicks

      Tecox component by www.teglo.info