Yaradilani Unutmayani Yaradan Unutmaz / Akif Hüseynov

      Share

      Dünya malı gəmini hərəkətə gətirən su kimidir, necə ki, su gəmiyə sızarsa gəmini batırdığı kimi dünya malı da insanın könlünə girərsə insanı dünya girdabında batırar. 

      Dünya malı nazlı-nazənin qadın kimidir. Kim ona çox meyl edərsə o, həmin şəxsə naz edər. Kim ki ondan üz çevirib gedərsə, onun arxasınca qaçar. Biz insanlar birinci yox ikinci insan kimi olmağ seçməliyik ki, həm bu dünyada həm də sonsuz aləmdə bəxtiyar olaq. Var dövlət könüldə deyil cibdə olsa yaxşıdır ki, cibdən rahatlıqla çıxsın və axirət aləminə sərmayə təşkil etmək üçün istifadə edilsin. Bir könül insanı qarşısına gətirilən ləziz yeməkləri özü ac olduğu halda yetimlərə aparılmasını istəyər. Bunu nə üçün belə etdiyini soruşan şəxsə mən yesəydim bir müddət sonra ayaqyoluna gedəcəkdi, o yetimlər yeyərsə ərşə yüksələcək- deyə cavab verdi.

               Düzdür müsəlman varlı olmalıdır. Əgər varlı və imkanlı olmazsa necə kömək edər imkansızlara? Bəzi insanlar varlı olmağ bir möminə yaraşdırmaz. Bu səhv fikirdir. Insan imkanlı olar, iş yerləri açar, bir neçə ailənin başçısının orada işləməsi bir cür kömək olar, bir də gəlirindən müəyyən müddətdə imkansız ailələrə yardım edər. Ölkəmizin qonşuluğunda keçən əsrin birinci yarısına qədər yaşayan Osmanlı dövlətində insanlar hamı bir-birinə kömək etdiyi üçün sədəqə və zəkat verməyə insan tapılmazdı. Toplanan sədəqə və zəkatı məcburən dövlətə təqdim edərdilər. Dövlət də öz sərhədləri içərisində imkansızların olduğu yerə göndərər, orada paylayardılar. Bəzən də o qədər böyük dövlət olmasına baxmayaraq sərhədləri daxilində imkansızın tapılması çətin olduğu üçün ölkə xaricindəki ehtiyac sahibi müsəlmanlara göndərərdilər. İndi Türkiyə Respublikasında buna bənzər hadisələr olur. Çünki bu xalq Osmanlı Dövlətinin mərkəzinin olduğu yerdə yaşayır və ilhamı burdan alır. Nəsil həmin nəslin davam ı olduğu üçün “ot kökü üstə bitər” misalı əjdadları kimi yaşayırlar.

      Bir ölkədə kasıbla varlı arasında uçurum qədər fərq varsa bu ölkə insanının düşünməyə ehtiyacı var. Əgər imkansız xatırlanmayıb, zibilliklərə çörək və digər qida məhsulları atılarsa o yerdə dahi şairimiz Sabirin şerindən bu misranı demək yerinə düşər: “Millət necə tarac olur olsun nə işim var, Düşmənlərə möhtac olur olsun nə işim var?!” Bəli imkansızlıq səbəbiylə hətta öz dinini atıb bir qarın çörək qarşılığnda başqa dinə yönələnlər də oldu bu gözəl ölkəmizdə. İnsanlar insanlığ unutduğu üçün ehtiyac sahibi olanlar ehtiyacından ötürü istər dilənçiliyə, istər oğurluğa, istərsə də, pis yola düşə bilər.

      Təxminən on iki on üç il bundan əvvəl bir sürücü ağlayaraq başından keçən hadisəni belə nəql etmişdi:

      “Bir gün dayanacaqda sərnişin gözləyərkən bir gənc qadının utanaraq mənə yaxınlaşdığnı gördüm.

      - Buyurun, hara gedirsiniz? Aparım, dedim.

      O da çəkinərək, titrək səslə:

      - Mənə bir az pul verin onun qarşılığnda nə desəniz razıyam, dedi.

      Çaşıb qalmışdım, pis yolun yolçusu belə ola bilməzdi, bir dərdi var bu gəlinin, dedim öz-özümə və səsimi yüksəldərək:

      - Nə deyirsiniz? dedikdə, qadın ağlayaraq:

      - Yoldaşım Qarabağda şəhid oldu, mənə kömək edən heç kimim yoxdu, bir uşağm var, onu evə atıb, onu yedirtmək üçün çörək axtarıram. Çox fikirləşdim, iş axtardım, tapa bilmədim, kömək istədim, kömək edən olmadı, dilənçilik etmək istədim bacarmadım, ilk dəfə idi ki bu işi fikirləşdim, amma neynim çarəsizlikdən. Bu vaxta qədər zibillikdən çörək toplayıb yuyub yeyirdik, dedi.

      - Ürəyimdən vuruldum sanki, müqəddəs torpaqlarımız uğrunda canını qurban vermiş bir igidin ailəsinin düştüyü vəziyyətə baxın! Bütün vücudum titrəyirdi. Əlimi cibimə atdım nə qədər pul var idisə baxmadan o gəlinə verdim. Yavaş-yavaş uzaqlaşdı. Özümdən asılı olmayaraq ağlayırdım. Gəlinin arxasınca səsləndim:

      - Bacı dayanın, hara gedirsinizsə sizi aparım.

      - Evim bura yaxındır, özüm gedərəm, dedi.

      Mən də:

      - Bacı, hər nə olursa olsun doğru yoldan ayrılma, pis yola getmə, nə vaxt ehtiyacınız olsa mən bu dayanacaqda olacağam, dedim.

      O hadisədən sonra o qadını bir də görmədim. Amma aqibətinin necə olduğunu çox düşündüm.”

                Belə hadisələrin baş verməməsi üçün əlində kiçik bir imkanı olan hər bir şəxs imkansızları soraqlayıb kömək etməlidir. Yenə yuxarıda bəhs elədiyim Osmanlı dövləti ərazisində yaşamış və insanlara kömək etmiş könül dostu insanlardan birinin yardım edən insanlara: “Yardımları gecə paylayın, qapını döyüb yardım torbasını qapıya qoyun və tez uzaqlaşın ki, sizi görüb, daha sonra sizdən utanmasınlar.”

      Amma hal-hazırda yardım paylamazdan əvvəl insanları əzərcəsinə reklam edirlər. Həmin yardımın verilib verilmədiyi də məlum deyildir!

      Nəticə olaraq bu mübarək aylarda insanları düşünüb, insanlara yardım eləməyi heç yaddan çıxarmamalı, və bu gözəl millətimizin möhtac vəziyyətdə qalmasına göz yummamalıyıq.

       

      • Hits: 1158 clicks

      Tecox component by www.teglo.info