155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Adem ŞAHİN-“HUMMER”DƏN DÜŞMƏK

      Share

      Neft ixrac edən Qazaxıstan 2015-ci ildə neftin 120 dollardan 30 dolların altına düşməsi ilə büdcə kəsiri verməyə başlamış, 1 Amerika dolları 180 təngə ikən, 400 təngə çıxıbzirvəyə çatandansonra 370-ə düşmüşdü...

      Qırğızıstanda bir il içərisində yerli pul vahidi som  50% nisbətində dəyər itirmişdi. Somun dəyər itirməsi ilə birlikdə xalqın satınalma gücü düşmüş, əmlak qiymətləri geriləmişdi. İşlənmiş avtomobil bazarında maşınlar  50% nisbətində ucuzlaşmışdı. Lüks maşınlarda bu nisbət  60%-ə, hətta  70%-ə qədər çıxmışdı.

      Qazaxıstanın kosmodromu xatırladan tər-təmiz paytaxtı Astanada Hummer markalı avtomobilini bazar maşını kimi işlədən bir qazax baurumuzu (qardaşımızı) gördüm. Qazax baurum nə eləsin? 70-80 min ABŞ dolları verərək almış olduğu Hummer 25-30 min dollara qədər düşəndə: “O qiymətə satmaqdansa, bazar maşını olaraq işlədərəm, daha yaxşı” deyə düşünmüşdür...

      Atalarımız “Nə oldum deməməli, nə olacağam deməli” deyə bizə öyüd-nəsihət veriblər. “Nə olacağam?” sualını çox vermək və bütün riskləri fikirləşmək də, əslində insanın tarazlığını poza bilər. Günəş çıxmadan ötməyə başlayan quşlar axşam olanda “mən sabah nə yeyib, nə içəcəyəm?” sualını soruşmazlar. “Sabah” qorxusu yaşayan və işi-gücü oğurluq, yuvasına yığmaq və zərər vermək olan siçanlar quşlar qədər rahat yaşamazlar və sonları da çox zaman diksindirici olar. Müsəlmana yaraşan hərəkət: ayağını yorğanına görə uzadaraq göstərişçi istehlakdan çəkinməkdir. Göstəriş istehlakının verdiyi zərərlər yol qəzaları, diyet, terror və ya xərçəng hadisələri qədər gündəmi məşğul etməməkdədir. Yol qəzaları, QİÇS və xərçəng müəyyən insanlara zərər verərkən, göstəriş istehlakı yeddidən-yetmişə hər kəsə təsir etməkdədir. Mədaxil və məxaric tarazlığının pozulması borc və faiz burulğanına tərəf sürükləyir. Borc və faizin sonu isə çox zaman iflas, intihar, zina, oğurluq və lüks istehlakın artma həvəsi ilə nəticələnir. İqtisadi krizlərdə lüks istehlakın artması çox maraqlıdır. Zəngin ilə kasıb arasındakı uçurum getdikcə açılır,zəngin daha da zəngin olur, kasıb isə daha da kasıb olur. Zənginliyi artan kimsənin edəcəyi iş: lüks olan istehlakını daha da yüksək nöqtəyə çatdırmaq olacaq.

       

      Orta Asiyada yeni ilin gəlişi “bayram” deyə adlandırılır. İlin ən böyük bayramı “yeni il”də yaşanır. Dövlət idarələri açıq olsa da, bayram sərxoşluğu ilə 20-25 gün ciddi iş görülməz. Hummer var ikən “maral”lara minmək də nədir? Santa Klaus Hummer maşınına minərək ölkənin əvvəlki paytaxtı Almatada musiqi sədaları altında rəqs edərək uşaqlara hədiyyələr paylayır. Qərb mədəniyyətinin vazkeçilməzlərindən olan Santa Klaus Amerika istehlak mədəniyyətinin dünyaya hədiyyəsidir! Hummer maşına minərək köhnə sovet coğrafiyası olan  müsəlman türk diyarında pis-pis gülür... Bunun adı nə olmalıdır?[1]

      Banklar saxta gülüşlər içində kredit tələsi ilə insanları qənaətdən uzaqlaşdıraraq israf bataqlığına salmaqdadır. “İstehlak edirəm, elə isə varam” şüarı mənimsədilərək, kütlələr alış-veriş mərkəzlərinin könüllü kölələri halına gətirilmişdir. Qazaxıstanda toyunda iştirak etdiyimiz bir dostumuz gəlin maşını olaraq Hummer marka limuzin kiralayaraq şəhəri dövr etmişdilər. Doğulduğun, böyüdüyün bir şəhərdə evləndiyin gün turist kimi, ilk dəfə görürmüş kimi gəzməyin nə mənası var? Lap deyək ki, helikopterlə havadan şəhərdə dövrə vurulsa, bir balaca haqq verərəm. Ey Qazax Baurum! Hər gün ictimai nəqliyyat vasitələrini işlədərək havasını tənəffüs etdiyin şəhəri bir də limuzinlə gəzməyə nə lüzum var? Deyək ki, pul sənin, kef sənin, heç nə deyəbilmərəm. Çox deyil, toydan tam bir ay sonra gələrək evinin elektrik borcunu ödəyə bilmədiyin üçün borc istəməyinə nə deyim? Bizdəki bir sözü Orta Asiya mədəniyyətinə uyğunlaşdıraraq desəm daha düzgün olar: “Qımızı yox içməyə, atla gedər çeşməyə”.

      Hummer maşını ilə satış edən adam maşını alanda “mən bunu bazar maşını olaraq işlədərəm” deyə düşünmüşdümü? “Gün çıxmadan, nələr çıxar” deyən atalarımız nə qədər də doğru deyiblər. Yaxşı bir alverçi 100 kilometrdə 25-30 litr arası benzin udan bu maşını işlətməz. Qasas surəsinin 79-cu ayəsində Qarunun malını-mülkünü görən insanların “kaş ki, biz də Qarun kimi zəngin olsaydıq” deyə paxıllıq etdiklərindən bəhs edilir. Qarunun sonunu görənlər isə bu paxıllıqdan peşman olmuşdular. Hummerin bazar maşını kimi işlədilməyindən xəbəri olmayan insanlar da: “kaş ki, biz də bunu sürən adam kimi pullu-imkanlı olsaq, belə bir maşınımız olsa” deyərlər. Adamın borcunu və niyə Hummeri bazar maşını kimi işlətdiyini eşitsəydilər: “yox, yox, bizdən uzaq olsun, azacıq aşım, ağrımaz başım, Hummer də istəmirəm...” deyərdilər.

      Azərbaycan yollarında 23 seriya nömrəli Göyçay maşınlarının (06-07) içini narla, alma ilə dolu görərdim. Hummerin satış maşını olaraq işlədildiyini gördüm, çaşıb qaldım. “Eşşəkdən düşənin halını eşşəkdən düşən başa düşər” deyiblər. İndi, Hummerdən düşənin halını da Hummerdən düşməyən başa düşməz...

       


      [1]http://www.haberler.com/hummer-araciyla-yollara-dusen-ayaz-ata-cocuklarin-7997914-haberi/

       

      • Hits: 631 clicks

      Tecox component by www.teglo.info