Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Şeyx Sədi (q.s) -1-

      Share

      Şeyx Sədi həzrətləri buyurur:

      “Xidmətdəki fəzilət özünü güclü və sağlam gördüyün zaman şükür əlaməti olaraq zəiflərin yükünü çəkməkdir”.

      Fərdi ibadətlər arasında ən mühüm və fəzilətli olanı “namaz”dır. İctimai ibadətlərin ən mühümü isə “xidmət”dir.

      Bizə saysız-hesabsız nemətlər lütf edən Haqq-Təalaya şükrün ən gözəl ifadəsi Onun lütf etdiyi nemətləri Onun rizası yolunda xidmət məqsədi ilə istifadə edə bilməkdir.

      “Hər nemətin şükrü öz cinsindəndir”, - deyiblər. Yəni Allah-Təala bizə güc-qüvvət, qabiliyyət, sərvət, elm, irfan, zaman, bir sözlə nə qədər nemət və imkan lütf edibsə, bütün bunlarla başqalarına ehsan və ikram etməliyik.

      Dil ilə “qövli şükür”ə əlavə olaraq Allahın möhtac qullarına Onun üçün edilən xidmət və fədakarlıqlar ən gözəl “feli şükür” ifadəsidir. 

      Allah-Təala ayeyi-kərimədə belə buyurur:

      “…Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən, şiddətlidir!” (İbrahim, 7)

      Ona görə də nail olduğu nemətlərin davamlı olmasını və bərəkətlənməsini arzu edən hər bir mömin qövli və feli şükrə sarılmalıdır. Özünə lütf olunan nemətləri məhrum olanlarla paylaşmağı ən böyük səadət bilməlidir. Əks təqdirdə şükür borcu ödənməyən nemətlərin əldən çıxacağı unudulmamalıdır. 

      Həzrət Əli t bu həqiqəti ifadə etmək üçün belə buyurmuşdur:

      “Kasıblayanda sədəqə verərək Allahla ticarət et. Əlinə nemət düşəndə çox şükür et. Diqqətli ol, az şükür edərək Allahın nemətlərini əldən çıxarma”.

      İnfaq və fədakarlıqla yerinə yetirilən feli şükrün nemətləri bərəkətləndirərək davamlı olmasını təmin edən ilahi bir sirr olduğunu bu hadisə necə də gözəl izah edir:

      Allah-Təala peyğəmbərlərdən birinə vəhy edərək belə buyurdu:

      “Filan qulumun ömrünün yarısını kasıblıq, yarısını isə zənginlik içində keçirməsinə hökm etdim. Hansını əvvəl istəyərsə, onu verəcəyəm. Ona söylə, arzusunu bildirsin”.

      Peyğəmbər həmin adamı çağırdı və gələn vəhy barədə onunla danışdı. O da əməlisaleh qadın olan həyat yoldaşı ilə məsləhətləşmək istədiyini bildirdi. Xanımı:

      - Zənginliyin əvvəl verilməsini seç, - dedi.

      Kişi hər nə qədər:

      - Zənginlikdən sonra kasıblıq çətindir. Kasıblıqdan sonra zəngin olmaqsa çox yaxşıdır, - desə də xanımı:

      - Bu işdə mənim dediyimi et, - cavabını verdi.

      Beləliklə, həmin adam peyğəmbərin yanına gedib zənginliyin əvvəlcə verilməsini istədi. Allah-Təala bütün zənginlik qapılarını onun üzünə açdı. Bolluq və bərəkətə qovuşdu.

      Sonra fərasətli qadın ərinə belə dedi:

      - Əgər bu nemətin ömrünün sonuna qədər davam etməsini istəyirsənsə, Allahın qullarına qarşı səxavətli ol. Özün üçün bir paltar aldığın zaman mütləq bir kasıba da al…

      Beləliklə, həmin adamın ömrünün ilk yarısı bolluq içində və şükürlə keçdiyi üçün Allah-Təala peyğəmbərinə vəhy edərək belə buyurdu:

      - Mən o qulumun ömrünün yarısını zənginlik, yarısını da yoxsulluqla keçirməsini təqdir etmişdim. Lakin o qulum bütün nemətlərimə şükür etdi. Şükür isə nemətin artmasını və davamlı olmasını vacib qılar. O saleh quluma müjdələ, ömrünün geri qalan hissəsini də zənginliklə keçirməsini təqdir etdim.[1]

      Şeyx Sədi həzrətləri buyurur:

      “Allahın sənə lütf və ehsan etməsini istəyirsənsə, o Allahın qullarına yaxşılıq et”.

      Yaradandan ötrü yaradılanlara mərhəmət Xaliqin şəfqət nəzəri ilə məxluqata baxış, ilahi rəhmət, məğfirət, riza və məhəbbəti cəlb edən ali əxlaqdır. Rəbbimiz qullarına lütf və ehsan etdiyi kimi mömin qullarının da möhtac olanlara, hətta bütün məxluqata ikram və ehsan etmələrini arzulayır. Necə ki, Allah-Təala ayeyi-kərimədə belə buyurur:

      “…Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara xərcləməklə) yaxşılıq et”. (əl-Qasas, 77)

      Qüdsi bir hədisdə də belə buyurur:

      “Ey Adəm oğlu, (Allah üçün) infaq et ki, sənə də infaq olunsun!” (Buxari, Təfsir 11/2, Nəfəqat 1)

      Rəbbimiz Qurani-Kərimdə özünü ən çox “Rəhman”“Rəhim” sifətləri ilə tanıdır. Çox sevdiyi Rəsulunu da “aləmlərə rəhmət” olaraq göndərdiyini bildirir. Beləliklə ilahi əxlaqla əxlaqlanan hər bir möminin mərhəmət, şəfqət və bunların feli təzahürü olan “infaq, fədakarlıq və xidmət”dən uzaq həyat sürməsi düşünülə bilməz. Çünki imanın ilk meyvəsi mərhəmətdir. Mərhəmət başqalarının məhrumiyyət hissini qəlbən hiss edərək onlara kömək əlini uzatmaqdır. Əldə olan nemət və imkanları Allah rizası üçün bunlardan məhrum olanlarla bölüşə bilməkdir.

      Bir gün Həzrət Peyğəmbər r:

      - “Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, bir-birinizə mərhəmət etmədikcə cənnətə girə bilməzsiniz”, - buyurmuşdu.

      Əshabi-kiram:

      - Ya Rəsulallah, hamımız mərhəmətliyik, - dedi.

      Allah Rəsulu sözünü belə izah etdi:

      - “Mənim qəsd etdiyim mərhəmət sizin fikirləşdiyiniz kimi yalnız bir-birinizə olan mərhəmət deyil. Əksinə, bütün məxluqata şamil olan mərhəmətdir, bəli, bütün məxluqata şamil olan mərhəmət!..” (Hakim, IV, 185/7310)

      Allah Rəsulu r başqa bir hədisi-şərifində belə buyurmuşdur:

      “Rəhman olan Allah mərhəmət edənlərə mərhəmət edər. Siz yer üzündəkilərə şəfqət və mərhəmət göstərin ki, göydəkilər də sizə mərhəmət etsin!” (Əbu Davud, Ədəb 58/4941; Tirmizi, Birr 16/1924; Əhməd, II, 160)

      Bu nöqteyi-nəzərdən Haqq-Təalanın rəhmət və yardımına nail olmağı ümid edən heç bir mömin mərhəmətdən məhrum və qatı qəlbli ola bilməz. Başda “insan” olmaqla heç bir məxluqun səsli və ya səssiz fəryadına biganə qala bilməz, əlindən gələn heç bir yaxşılığı əsirgəyə bilməz.

      Şeyx Sədi həzrətləri buyurur:

      “Adəm oğulları bir bədənin əzası kimidirlər. Çünki yaradılışları bir mayadandır, eyni maddədən yaradılıblar. Nə zaman vücuddakı əzalardan biri ağrıyarsa, digər əzalar da narahat olar. Əgər başqalarının dərd və acılarını hiss etmirsənsə, “insan” adlandırılmağa layiq deyilsən”.

      İnsanı insan edən vicdan, insaf, mərhəmət, qayğıkeşlik, fədakarlıq və məsuliyyət kimi ülvi vəsflərdir.

      Mömin özünü zəmanənin gedişatından məsul bilən, ümmətin dərdi ilə dərdlənən insandır. Bu səbəblə mömin ümmətin dərdinə dərman ola bilmək üçün gücü çatırsa, əli ilə yardım edər. Yəni malı və canı ilə şəxsən yardıma can atar. Əli ilə yardım edə bilməszə, dili ilə edər. Yəni imkanı və gücü olanları xeyrə təşviq edər. Bunu da edə bilməzsə, ən azından qəlbi dualarla dərdlilərin yanında olmağa çalışar.

      Haqq dostlarından Əbul Həsən Haraqani həzrətləri belə deyir:

      “Türküstandan Şama qədər olan torpaqlarda bir adamın barmağına batan tikan mənim barmağıma batmışdır. Ayağına dəyən daş mənim ayağımı incitmişdir. Əgər bir qəlbdə hüzn varsa, həmin qəlb mənim qəlbimdir”.[2]

      Mömin öz fani vücudundan daha çox bir parçası olduğu ümmətin həyatını, səadətini, salamat olmasını dərd edən qayğıkeş insandır. Qəlbin bu təlaşla dolması imanın kamilliyinə işarədir. Necə ki, hədisi-şərifdə buyurulur:

      “Möminlərin dərdi ilə dərdlənməyən onlardan deyil”. (Hakim, IV, 352; Heysəmi, I, 87)

      Bir sözlə, mərhəmət, qayğı, fədakarlıq və xidmət kimi ülvi vəsflərdən nəsibi olmayan, yəni yalnız öz rahatlığını düşünən eqoist bir adamın təkcə “müsəlmanlıq”dan deyil, Şeyx Sədinin ifadəsi ilə desək, “insanlıq”dan da nəsibi yoxdur.

      Şeyx Sədi həzrətləri buyurur:

      “Səxavətli kəs meyvə verən ağac kimidir. Səxavətdən məhrum olan insansa dağdakı odun kimidir.”

      Mömin hər zaman “alan əl” deyil, “verən əl” olma cəhdi ilə yaşayan, səxavətli və fədakar kəsdir. “Yar olub, bar olmamağı”, yəni yük olmamağı, əksinə, yükün altına girməyi həyat düsturu edən kəsdir.

      Allah yolundakı xidmət və çalışmalarda bu şüurdan uzaq qalanlarsa həyatı sanki quru odun kimi yaşayan qafillərdir. Quru odun tonqalda yanmağa layiq olduğu kimi həyatın çaşqın yolçuları olan, xəsis, eqosit insanlar da əbədi həyatlarını ağır əzabla keçirməkdən qurtula bilməzlər.

      Allah yolunda “can”“mal”dan fədakarlıq etmək Haqq-Təalanın rizasına nail ola bilmək üçün gərəkli olan iki mühüm şərtdir. Bu rəvayət bəhs etdiyimiz həqiqəti açıq-aydın ortaya qoyur.

      Bəşir bin Həsasiyyə t nəql edir:

      “Rəsulullah r -ə beyət etmək üçün yanına getdim. Mənə Allahdan başqa ilah olmadığına və Muhammədin Onun qulu və Rəsulu olduğuna şəhadət etməyi, namaz qılmağı, zəkat verməyi, İslami qaydada həcc etməyi, Ramazan orucunu tutmağı və Allah yolunda cihada getməyi şərt qoydu.

      Mən belə dedim:

      - Ey Allahın Rəsulu, vallahi, bunlardan ikisinə gücüm çatmaz. Onlar da cihad və sədəqədir. İnsanlar cihaddan qaçan adama Allahın qəzəb etdiyini deyirlər. Mən isə cihad olarsa, nəfsimi əsir alan ölüm qorxusu ilə qaçmaqdan əndişələnirəm. Sədəqəyə gəldikdə isə mənim malım kiçik bir qoyun sürüsündən və on dəvədən ibarətdir. Onlar da ailəmin dolanışığını təmin edir və minik heyvanlarımdır.

      Rəsulullah r əlimdən tutub silkələdikdən sonra belə buyurdu:

      - “Cihad yox, sədəqə yox, bəs cənnətə necə girəcəksən?!”

      Bu zaman:

      - Ya Rəsulallah, beyət edirəm, - dedim və Allah Rəsulunun qoyduğu bütün şərtləri qəbul edərək beyət etdim”. (Əhməd, V, 224)

      Deməli, öz rahatlığından başqa heç bir dərdi olmayan, İslamın ucalması uğrunda heç bir səy göstərməyən, saleh nəsillər yetişdirmə xidmətinə təkan verməyən, xülasə, Allah yolunda fədakarlıqdan qaçan nadan bir adamın Allahın rizasını və lütflərini umması bihudədir. Mərhum Necip Fazılın:

      “Tumurcuq dərdi olmayan ağac odundur” – ifadəsi məhz bu cür ömür sürənlərin halını necə də gözəl təsvir edir. Həqiqətən, tumurcuq açmaq, bar vermək, əmrinə verildiyi insanlara xidmət və ikram etmək dərdində olmayan quru bir ağac kəsilib oda atılmaqdan başqa nəyə yarayar?

      Mövlana həzrətləri də səxavətli insanla xəsisin fərqini bu ibrətli misalda belə göstərir:

      “Günəş quru budağa da, yaş budağa da yaxındır. (Hər ikisinə işıqlandıran və isidən şüalarını səxavətlə əks etdirər.) Lakin vaxtı gəldikdə yetişmiş, ləziz və gözəl ətirli meyvələrini yeyəcəyin yaş və təzə budağın günəşə yaxınlığı hara, quru budağın yaxınlığı hara?!

      Quru budaq günəşə yaxınlığı səbəbindən daha betər qurumaqdan (və yandırılacaq odun olmaqdan) başqa nə əldə edə bilər?!”

      Deməli, Allah qatında səxavətli insanla xəsisin mərtəbəsi bir-birindən çox fərqlidir. Səxavətli mömin xalqın da Haqqın da məhəbbətini qazanar. Necə ki, bir hədisi-şərifdə belə buyurulur:

      “Allah-Təala səxavətlidir, ehsan sahibidir, səxavəti və ali əxlaqı sevər…” (Süyuti, Camius-Sağir, I, 60)

      Qüdsi bir hədisdə də səxavətli olmağın Allah qatındakı ülvi dəyərinə işarə edilərək belə buyurulur:

      “Bu din (İslam) Zatım üçün seçib razı olduğum dindir. Ona ancaq səxavət və gözəl əxlaq yaraşır. Müsəlman olaraq yaşadığınız müddətdə onu bu iki xislətlə ucaldın!” (Heysəmi, VIII, 20; Əli əl-Müttəqi, Kənzul-Ümmal, VI, 392)

      Şeyx Sədi həzrətləri buyurur:

      “Haqq-Təala yaxşılıq qapısını heç kimin üzünə bağlamamışdır. Onu bil ki, hər kəsin yaxşılığı öz qüdrəti nisbətindədir. Bir zənginin xəzinəsindən bir qantar qızıl verməsi bir kasıbın əl əməyindən qazandığı bir qırat verməsi qədər ola bilməz. Çəyirtkə ayağı qarışqa üçün ağır yükdür”.

      Bir gün Rəsulullah r:

      - “Bir dirhəm yüz dirhəmi keçmişdir”, - buyurdu.

      Əshabi-kiram:

      - Bu necə ola bilər, ey Allahın Rəsulu? – dedikdə Allah Rəsulu bu cavabı verdi:

      - “Bir nəfərin iki dirhəmi vardı. Bunlardan ən yaxşısını sədəqə verdi. (Yəni malının yarısını sədəqə vermiş oldu.) Digəri isə (xeyli varlı idi) malının yanına gedib, malından yüz min dirhəm ayırdı və onu sədəqə verdi”. (Nəsai, Zəkat 49)

      Yəni Allah qatında dəyərli olan, infaq edilən malın miqdarından daha çox, infaq edənin fədakarlıq dərəcəsidir. Necə ki, ayeyi-kərimədə belə buyurulur:

      “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur…” (əl-Mülk, 2)

      Allah-Təala bu ayeyi-kərimədə “اَكْثَرُ عَمَلًا” deyil  “اَحْسَنُ عَمَلًا” buyurur. Yəni kimin “daha çox əməl” edəcəyinə deyil, “daha gözəl əməl” edəcəyinə əhəmiyyət verdiyini bildirir.

      Bu etibarla yalnız bir xurması olan onun yarısını infaq edərək cənnəti qazana bildiyi halda, böyük sərvət sahibi olan bir mömin tonlarla xurma infaq etsə də, sərvəti ilə müqayisədə mühüm yer tutmadığı üçün həmin yarım xurmanın savabını ala bilməz.

      “Füqərayi-sabirin”, yəni halına razı olub səbir edən yoxsullar da, “əğniyayi-şakirin”, yəni şükür edib infaq edən zənginlər də Allah qatında məqbul qullardır. Hər iki qrupa daxil olan möminlər insanlıq şərəfində və ilahi rizada bərabərdirlər.

      Haqq-Təalanın misilsiz örnək şəxsiyyət olaraq insanlığa ərməğan etdiyi Həzrət Peyğəmbər r hər iki qrupa ən gözəl misaldır. Necə ki, Rəsulullah r qənimətlər gəldiyi zaman zəngin olur, lakin misilsiz səxavət dəryası olan qəlbi həmin sərvəti qurtarana qədər möhtaclara infaq etmədən rahatlıq tapmırdı. Bu səbəblə mübarək evində uzun müddət ocaq yanmaz, yemək bişməz, xurma və sudan başqa yeməyə heç nə olmazdı. Lakin O, hər zaman həmd, şükür, səbir və riza halını qoruyaraq ümmətinə nümunə olurdu.

      Ayeyi-kərimədə buyurulduğu kimi:

      “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər…” (əl-Bəqərə, 286)

      Elə isə hamı gücü nisbətində fədakarlıq etməkdən məsuldur. Çox malı olan çox, az malı olan az, lakin mütləq surətdə infaq etməklə bu məsuliyyətdən qurtulmağa çalışmalıdır.

      Unutmayaq ki, zəkat dini cəhətdən zəngin sayılanlara, infaq və sədəqə isə varlı-kasıb – hər möminə ilahi əmrdir. Necə ki, Qurani-Kərimdə infaqa təşviq minimum vergi olan zəkatdan daha çox zikr olunur. İnfaq varlı-kasıb hər müsəlmanın mükəlləfiyyətidir.

      Kasıb səhabələrdən olan Əbu Zərr həzrətləri belə deyir:

      “Həzrət Peyğəmbər mənə yemək bişirəcəyim zaman suyunu çox etməyi, ondan qonşuma da infaq etməyi tapşırdı…” (İbn Macə, Ətimə 58)

      Əbu Zərr t -ın ən kasıb səhabələrdən olduğunu fikirləşdikdə əshab üçün infaq əmrini yerinə yetirmək xüsusunda yoxsulluğun belə bir bəhanə olmadığını görürük.

      Necə ki, səhabeyi-kiramın infaqdan azad olacaq qədər yoxsulları belə infaq əcrinə nail olmaq üçün kimisi dağdan odun gətirərək, kimisi də quyudan su çəkərək sədəqə vermişdir.

      Allah-Təala ayeyi-kərimədə belə buyurur:

      “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyərlər...” (Ali-İmran, 134)

      Yəni təqva ölçülərinə görə zəkata möhtac olan, darda qalmış bir möminin də infaq etməsi lazımdır. Belə olan təqdirdə varlı bir adamın nə qədər infaq etməli olduğunu düşünmək lazımdır.

      Allah-Təala başqa bir ayədə də belə buyurur:

      “…(Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!..” (əl-Bəqərə, 219)

      Deməli, mömin şəxsi həyatında da qənaətə riayət etməli, kifayət miqdarı ilə razılaşmalı və ehtiyacından artığını infaq etməlidir.

      Musa Əfəndi bu xüsusda belə buyurardı:

      “Övladım, mütləq riyazət halında yaşayın və Allahın verdiklərini Allah üçün infaq edin. Riyazət halınız sadəcə üç aylara məxsus olmasın. Riyazəti yalnız Ramazana da həsr etməyin. Onu həyatınızın hər anına yayın və ehtiyacınızdan artıq olanı Allah yolunda infaq edin. Onu bilin ki, Dolmabağça və ya Topqapı sarayında da yaşasanız, yenə də riyazətlə yaşamağa məcbursunuz. Bu səbəblə malı da, mülkü də ancaq qəlbinizdən kənarda daşıyın. Əgər ehtiyac olandan artığını Allah yolunda infaq etməsəniz, Allahın verdiyi nemətlərə qarşı nankorluq etmiş olarsınız. Unutmayın ki, infaq olunmayan nemətlər hədər edilmiş sayılır. Hədər edilən nemətlər də hesabı çox ağır olan axirət vəbalıdır”.

      Allah-Təala hər birimizə verdiyi nemətlərin hesabını asanlıqla verə bilməyi nəsib etsin. Hər birimizi lütfü ilə sevdiyi, razı qaldığı, səxavətli, fədakar, dini həssaslığı olan, xidmət əhli qulları arasına daxil eyləsin.

      Amin!..

       


      [1] Bax. Ramazanoğlu Mahmud Sami, Bakara Suresi Tefsiri, s. 33-34.

      [2] Feridüddin Attar, Tezkire, sf. 604.

       

      • Hits: 582 clicks

      Tecox component by www.teglo.info