Firdovsi HƏSƏNOV - Ehtiyacımız olan HƏMRƏYLİK

      Share

      Dünyanın dörd bir yanında 50 milyondan çox  azərbaycanlı yaşayır. Dünyanın harasına gedirsən get, mütləq orada bir azərbaycanlı olmasa belə, axtarmağa, maraqlanmağa çalışırsan. Bu da bizim daxilən, mənən həmrəy olmağımızdan xəbər verir. Hər hansı bir ölkədə olduğun zaman bir həmyerlini gördükdə isə istər-istəməz sevinirsən.

      Dünya Azərbaycanlılarının Həmrəylik Günü hansı ölkədə yaşamağından asılı olmayaraq bütün azərbaycanlıların birlik rəmzidir. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma yurdu olan tarixi  Azərbaycan  ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablarhərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində tarixi Azərbaycan torpaqları parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıb səpələniblər. Hal-hazırda dünyanın bir çox ölkələrində həmyerlilərimiz yaşayır.  RusiyadaUkraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, AvropadaAmerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaradılmışdır.

      SSRİ-nin son günlərində, xalqın Arazın hər iki sahilində sərhəd yürüyüşü təşkil etməsi, dəmir tikanlı məftilləri kəsib dirəkləri qırması, özünü suya vurub doğma qardaş-bacısına qovuşması böyük sensasiya yaratmışdı. İki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların sərhədlərin ayıra bilməyəcəyi bir millət olduğunu dünya çapında bir daha canlandırmışdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

      Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu ildə dekabrın axırlarında Naxçıvanda baş vermiş sərhəd (SSRİ-İran sərhədləri) hadisələri zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Bu konfransda da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması qərarına dəstək verildi. “Berlin Divarı”nın sökülməsindən sonra bütün dünyada vüsət alan, parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Bu təsir həmin illərdəki sərhəd hadisələrində də özünü açıqca göstərmişdi.

      İndi dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.
      Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. 
                  Amerika Birləşmiş Ştatlarında 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə yaxın azərbaycanlı yaşayır. Amerika qitəsinin bir çox ölkəsində; Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşıblar.
      Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qism soydaşlarımızın bu qitəyə  axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib.

      Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsasən, Avropa azərbaycanlılarının sayı Türkiyədə  və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb  ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.

      Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə  İrandan və Azərbaycan Respublikasından köçənlərdir. 

      Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və  Orta Asiya respublikalarında yüz minlərlə,  İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə,  İraqda isə təqribən bir milyona yaxındır.

      Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda isə təxminən 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə  də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının  yaşadığı barədə məlumatlar  var.

      31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
      Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçun bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.
      31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.

      Son zamanlarda dünyanın müxtəlif ölkələrində Azərbaycanın və türk dünyasının əlamətdar günləri ilə bağlı keçirilən tədbir və yürüşlər zamanı Azərbaycan bayrağını tez-tez görmək qürurvericidir. Bu, Azərbaycan diasporunun dünyanın harasında olursa olsun getdikcə güclənən ümidverici fəaliyyətindən, inkişafından xəbər verir.

      Bu günün dünyasında bəlkə də, ən çox ehtiyacımız olan hissdir; birlik, bərabərlik. Odur ki, harada oluruqsa olaq, həmrəy olaq!

      • Hits: 777 clicks

      Tecox component by www.teglo.info