Ağsaqqal Nəsihəti - Mayıs baba

      Share

      Niyyətin hara, mənzilin ora...

      (Mayıs baba ilə müsahibə)

      İrfan:Zəhmət olmasa, özünüzü təqdim edərdiniz...

      Mayıs baba: Mən, Sadiqov Mayıs Sadiq oğlu, 1941-ci il yanvar ayının 13-də, keçmiş Qutqaşen rayonunun mərkəzində, yəni indiki adıyla Qəbələ şəhərinin özündə anadan olmuşam.

      İrfan: Uşaqlıq illərindən danışsanız?Neçə uşaq olmusunuz, neçənci uşaq olmusunuz, dolanışıq necə idi?

      - Yeddi uşaq olmuşuq. Altı qardaş, bir bacı. Mən üçüncü oğul olmuşam. Böyük qardaşım çox böyükdür, aramızda olub vəfat edənlər də olub. O, qırx yeddinci ildə evlənib. Ondan sonrakı qardaşım da, altmış birinci ildə evlənib. Mən əsgərlikdən gəldikdən sonra, yetmiş ikinci ildə evlənmişəm. Əsgərlikdən sonra Sumqayıtda Aliminium zavodunda işlədim. Sonra Bakıda Əl Əməyi kombinatında işlədim. O vaxt bura (həyətində oturduğumuz məscidi göstərir) məscid yox, mədəniyyət evi idi. Burada kassir-mühasib işlədim. Şofer işlədim, elektro-mexanik işlədim – texnikumda bu sahədə oxumuşdum, beşinci dərəcə almışdım.

      İrfan: Atanız nə işlə məşğul idi?

      - Atambərbər olub. O vaxt həkim də çox az idi. Həkimliyi də o edərdi, diş çəkərdi, sünnət edərdi. Sətəlcəm olan olanda, neştərlə qan alardı, gözünə pərdə gələni kəllə qəndlə götürərdi. Belə müalicələri olurdu, otlardan dərman da hazırlayardı. Nənəm də xeyli bilikli idi, o sınıq da bağlayardı. Dindar adamlar idi.

      İrfan: Babanızı görmüsünüz?

      - Xeyr, babamı görməmişəm. Bir ana nənəmi görmüşəm. Dayılarım da müharibəyə gedib gəlməyiblər, onları da görməmişəm. Atam yaşına görə və xəstə olduğu üçün; gözündən zəif olduğuna görə müharibəyə getməmişdi. Sonra atamın gözləri tamam tutuldu. Əlli dördüncü ildən ailəni saxlamaq üçün başladım atamın yerində işləməyə. Altmış birdə əsgərliyə gedəsi oldum. Evdəki qardaşım on üç yaşında idi. Onabərbərliyi öyrədib öz yerimə qoydum və əsgərə getdim. Əsgərlikdən gələndən sonra oxumaq üçün çox həvəsləndim, amma maddi olaraq çətinlik çəkdiyim üçün ali məktəb oxuya bilmədim.

      İrfan: Müharibədən sonrakı illərdə vəziyyət necə idi, yadınıza gəlirmi?

      - Baxmayaraq ki, atam belə bir peşənin sahibi idi, ümumi vəziyyət ağır idi. Qıtlıq idi, əlli yeddinci ilə kimi çətinlik davam elədi. Kolxozlarda işləyənlərin də çoxu qadınlar idi. Tək-tük kişi tapılardı, o da müharibədən yaralanıb gələnlər və s. Qalanı qadınlar və bizim kimi uşaqlar idi. Yer belləmək, arx çəkmək, əkin-biçin, zəmi bağlamaq, hamısında işləmişəm. Elə adamlar olurdu ki, ora gələndə yanında bir tikə çörək gətirə bilmirdi. Sabit bir əmək haqqı da yox idi. Talonla çörək verirdilər. Səhər tezdən, dörddə-beşdə gedib növbəyə dayanırdıq. Çörək də at daşqasıyla gəlirdi. Adambaşına 100-200 qram çörək verirdilər. Taxıldan evə aparmağa qoymurdular. Əkin-biçin qurtarandan sonra, yerə töküləni belə yığdığını görsələr tutar, iş verərdilər. Meşəyə gedib meyvə axtarardıq yemək üçün. Bazarda çörək satmaq da qadağan idi. İsmayıllıdan taxıl gətirib meşədə gizlədərdilər və gəlib tanış adamlara xəlvət satardılar. Onu da gedib alıb axşam vaxtı gizlicə evə gətirərdik.

      İrfan: Bəs o illərdə hökumətin dini sahədə təzyiqi necə idi?

      - Mən öz adıma deyə bilərəm ki, bu barədə şəxsən bir sıxışdırma görməmişəm. Bizim bir evimiz bazarın yanında idi. Bazara gələnlər bizə gəlib namazını qılıb gedərdilər. Heç kəs buna görə bizi incitməyib.

      İrfan: Namaz qılanların arasında cavanlar da var idi?

      - Xeyr, cavanlar bilmirdilər. Öyrətməyə qoymurdular. Öyrədən də yox idi. Mən özüm neçə dəfə öyrənmək üçün bilənlərə yanaşsam da öyrətmirdilər.

      Əlli birinci ildə, atamla bərabər bir mövlud yerinə getmişdim, bir çardağın altında idi. Çoxlu camaat yığışmışdı. Milis işçiləri də gəlmişdi. Onlar da oturub aşdan yedilər, dua verib çıxıb getdilər. Düzdür, cümə namazı və digər namazlar yox idi, amma bayram namazlarını o vaxtdan həmişə qılmışıq. Rejim dəyişəndən sonra isə vaxt namazlarıdır, orucdur, bunların hamısına riayət eləmişəm.

      İrfan: Dini sahədə məlumatları necə olub əldə eləmisiniz?

      - Dörd-beş yaşlarımda ikən atamın dilindən Quran ayələrini, bəzi surələriöyrənmişəm. Hələ məktəbə getmirdim. Atam özü də oxuma-yazma bilmirdi. O da öz atasından, ağızdan öyrənmişdi. Yasini, Təbarəkəni, surələri bilirdi. Əzbərlədikdən sonra həmişə yatmadan əvvəl oxuyurdum və ya harasa gedirəmsə yolda oxuyurdum. Əsgərlikdə də bu vərdişimi buraxmadım. Əsgərlikdən gələndə istədim ki, Quranı üzündən oxumağı öyrənim. Bir neçə nəfərə üz tutdum, amma heç biri öyrətmədi. Namazı da istədim öyrənim, amma öyrədən olmadı. Elə ki, hökumət dağıldı, sərhədlər açıldı, Türkiyədən bir kitab gəldi: “Dini Biliklər”. Bir də əlifba tapdım. Bilənlərdən bir hərf, iki hərf, soruşa-soruşa öyrəndim. İndi də, qrammatik olaraq tam mükəmməl olmasa da, müəllimlərin də təsdiqlədiyinə görə kifayət qədər, özümə yetəcək qədər oxuya bilirəm. Hər ayda bir dəfə Quranı xətm edirəm. Hər bayramda, mübarək günlərdə xətm edirəm. Allahın rizası üçün, peyğəmbərlərin, şəhidlərin, səhabələrin, tabiinlərin, imamların və cəmi Allah dostlarının ruhlarına, həm də öz rəhmətə getmiş yaxınlarımın ruhlarına bağışlayıram. Mənə bu dini bilikləri, Quranı öyrənməyə kömək eləyənlərin də, səbəb olanların da, kimin kitabları gəlib çıxıbsa hamısının keçmişlərinə bağışlayıram.

      Hər səhər bura namaza gəlirəm. O vaxtdan, iyirmi iki ildir bu məscidin qapısını səhər-səhər mən açıram, işıqlarını mən yandırıram. Əvvəllər peç var idi, peçləri mən qalayırdım. Mən gəlib buranı hazırlayırdım, ondan sonra camaat gəlirdi.

      İrfan: Eviniz məscidə yaxındır?

      - Evimiz bir kilometr aralıda, Qəbələyə dönən yoldadır. Buranın məscid olaraq bizə geri verilməsi üçün də əziyyət çəkənlərin içində olmuşam. Sovet vaxtı buranı muzey kimi istifadə edirdilər. Halbuki bu məscid tikiləndə mənim atam da bunun tikintisində işləmişdi. Hər dəfə bağlı görəndə ürəyim ağrıyırdı. O vaxt biz “səkkiz guşəli” məscidə yığışar, namazları orada qılardıq. Bir cümə günü mən də dedim ki:“Ay camaat! Bütün rayonlarda məscidlər geri qaytarılır, biz də öz məscidimizi istəyək”. İmam Ağasəlimlə birgə bütün camaat bu fikirdə idi. Orada yığışıb ərizə yazdıq. Altmış iki nəfərin imzasıyla ərizə hazırladıq. Hamısı da yaşlı-başlı adamlar idi. Bütün etirazlara, incikliklərə baxmayaraq bu tələbimdən dönmədim. Dəfələrlə yığışıb bu tələbimizi təkrarlamaq üçün müraciət etdik. Mərhum prezidentimiz Heydər Əliyev o vaxt rayonumuza gəlmişdi. Onun adına da yazıb ərizə verdim və mənə müsbət cavab gəldi ki, məscidiniz geri veriləcək. Rayonda verilən “oruc-açdı”larda da, orada iştirak edən deputatımızın yanına yaxınlaşıb məsələni tez-tez xatırladırdım. Bu arada iki aylıq Rusiya səfərim oldu, oğlumu gətirməyə getmişdim. Gələndə eşitdim ki, məscidi qaytarıblar. İnana bilmirdim. Gecəliklə durub gəldim məscidə. Toz-torpaq içində idi. Mən məscidi tələb edəndə, oranın muzey kimi qalmağını istəyən bir-iki nəfər demişdi ki, sən burada namaz qıla bilməyəcəksən. O sözü xatırladım, çox pis təsir eləmişdi. O gecə, orada, toz-torpağın içində olsa da, namaz qıldım. Sevindiyimdən ağlayırdım. Beləliklə buranın təmirində, təmizlənməsində, hər işində iştirak eləmişəm. Məhləsində otuz səkkiz dənə ağac əkmişəm. Güllərini məhləmizdən söküb gətirmişəm, Əjdərlə bərabər əkmişik. Hələ də hər səhər gəlib məscidi açıram, işıqlarını yandırıram, namaza hazırlayıram. Bunu öz gücümlə bacara bilməzdim, bu Allahın yardımı ilə olan işdir. Buna görə də hər gün Allaha şükür edirəm, yüzlərlə dəfə keçmiş günahlarım üçün tövbə-istiğfar edirəm. Bəzi hərəkətlərimizi, məsələn gecə namazlarını gecə edirik, o bizimlə Allah arasındadır. Bəzi işlərimizi də açıqdan deyirik ki, bilməyənlər öyrənsinlər. Kimin bunu bildiyini görüb, gəlib soruşsunlar. Mən də öləcəyəm, amma məndən kimsə, nəsə öyrənibsə mənə qalan bu olacaq. Dua edəndə də deyirəm, “Allahım, var-dövlət istəmirəm, ehtiyacıma görə ver! Çox verib azdırma, az verib heç kimə möhtac eləmə!”. Bu Həzrət Ömərin duasıdır, ondan öyrənib mən də bu duanı edirəm.

      İrfan: Köhnə kişilərlə indikiləri, köhnə ailələrlə indikiləri müqayisə eləsək, aralarında nə kimi fərq görürsünüz?

      - Pis adamlar o vaxt da olub, indi də var. Yaxşı adam da, o vaxt da olub, indi də var. Amma keçmiş kişilərdə, mənim gördüyüm qədərilə, ağsaqqallarda daha çox dinə yaxınlıq var idi. İndi dindarlar çoxalıb, amma iman zəifdir. Qrup-qrup bölünüb məscidə gəlirlər. Bu bölüşmələr camaatın evini yıxıb. Allahın dini birdir, Quranı birdir və Həzrət Muhammədə gəlib. Bu üçündən başqasına uyursansa Allaha şərik qoşursan. Bu işdə çox diqqətli olmaq lazımdır. Təkcə Quran oxumağı öyrətməklə iş bitmir. Müəllimlərə çox iş düşür.

      İrfan: Bizə vaxt ayırdığınız, xatirələrinizi bölüşüb qiymətli məsləhətlər verdiyiniz üçün təşəkkür edirik.

      - Mən də sizə və bütün İrfan ailəsinə təşəkkür edirəm.

       

      • Hits: 715 clicks

      Tecox component by www.teglo.info