Anar QURBANOV - Sual Cavab

      Share

      Sual – Cavab

      Bir müsəlmanın evli olduğu halda xanımından xəbərsiz olaraq gizlində ikinci bir qadınla nikah kəsdirməsi dini cəhətdən caizdirmi?

      Cavab: Ümumiyyətlə, İslam ailə hüququnda gizli evlilik caiz deyildir. Evli cütlərin gizlincə, heç bir şahid olmadan və ya şahidlər olduğu halda gizlilik şərtilə nikah kəsdirmələri məqbul sayılmır. İmam Malik gizli nikahı belə tərif edir: “Ərin, şahidlərdən nikahı; evlidirsə əvvəlki xanımından və ya ailəsi olsa belə digər insanlardan gizlətmələrini istədiyi nikahdır”. 

      Bundan əlavə, bu kimi evliliklərdə rəsmiyyət olmadığı üçün hüquqi baxımdan da etibarsız olur və ər-arvadın bir-birinə qarşı olan hüquq və vəzifələri ilə bağlı hər hansı məcburiyyət əmələ gəlməmiş olur. Həmçinin, müsəlmanın yaşadığı dövlətin qanunları ikinci evliliyə icazə vermirsə, müsəlman buna riayət etmək məcburiyyətindədir. Çünki dinin mübah saydığı işlərə, hərəkətlərə və davranışlara dövlətin qadağa qoyma səlahiyyəti vardır.

      Qəza namazı olan kimsə, əvvəlcə hazırkı vaxt namazını qılmalıdır, yoxsa qəzaya qalmış namazını?

      Cavab: Əgər namazı qəza edən şəxs “tərtib sahibi”dirsə, qəza namazı ilə vaxt namazı arasında sıraya riayət etməlidir. “Tərtib sahibi” deyilsə, bu namazı qəza etmədən digərlərini qıla bilər. Bir müsəlmanın “tərtib sahibi” ola bilməsi üçün altı vaxtdan çox namazı qəzaya qalmamalıdır. Altı vaxt namazı qəzaya qalan zaman tərtib sahibi olmaqdan çıxar. Artıq onun nə qəza namazları arasında, nə də qəza namazları ilə vaxt namazları arasında sıranı gözləməsi vacib olmaz. Məsələn; tərtib sahibi olan kimsə sübh namazı vaxtında yatıb qalarsa, bu namazı o günün günorta namazından əvvəl qəza etməlidir. Əgər günorta namazını əvvəl qılarsa, sıranı gözləmədiyi üçün bu namaz İmam Məhəmmədə görə fasid olar. Əbu Yusifə görə, fərz olmaqdan çıxar, nafilə namaza çevrilər. Əbu Hənifəyə görə isə, müvəqqəti olaraq səhih olmaz. Belə ki, bundan sonra o, sübh namazını qəza etmədən beş vaxt namazını əda edərsə, bu altı vaxtın hamısı səhih olar. Lakin beş vaxt namazını qılmadan səhər namazını qəza edərsə, arada qılınmış olan vaxt namazları fasid olub təkrar qılınmaları vacib olar. Qəzaya qalan namazlar müxtəlif olub, vaxt bunlardan yalnız bir qismi ilə vaxt namazını qılmağa əlverişli olarsa, sıranı gözləməyə məcbur olmaması daha etibarlı görüşdür. Tərtib sahibinin sıranı gözləməsinin dəlili Rəsulullahın (s.ə.s) Xəndək müharibəsində dörd vaxt namazı qıla bilmədikdən sonra bunları sıraya düzərək və vaxt namazından əvvəl qılmasıdır. Başqa bir dəlil isə İbni Ömərin (r.a) bu sözüdür: “Sizdən biri bir namazı qıla bilməz, ancaq imamla birlikdə namazı qılarkən xatırlayarsa, namazını tamamlasın. Bundan sonra unutduğu namazı təkrar etsin. Sonra da imamla birlikdə qıldığı namazı yenidən qılsın”.

      Tərtibi ortadan qaldıran səbəblər üçdür: 1. Qəzaya qalan namazların sayının vitrdən başqa altı vaxt və daha çox olması;

      2. Müstəhəb olan vaxtın həm qəza, həm də vaxt namazının birlikdə qılına bilməyəcək qədər dar olması;

      3. Vaxt namazının qılınması sırasında qəza namazını yaddan çıxartmaq. Çünki unutma halı bir üzrdür.

      Bu üç halda sıra pozularaq qılınan namaz caiz olar.

      İmam Şafeiyə görə isə; qəzaya qalan namazlar ilə vaxt namazı arasında sıranı gözləmək şərt olmasa da müstəhəbdir.

      Palçığa bulaşmış paltarla qılınan namaz məqbuldurmu?

      Cavab: Əgər paltara bulaşan palçıqda nəcasət yoxdursa, bunun namaza hər hansı maneəsi yoxdur. Belə ki, tərkibinə görə dinən təmiz sayılmayan şeylər, namazın etibarlılığına mane olan miqdarları baxımından “qəliz və xəfif” olmaqla iki qisimdir. Qəliz növünə girən pislik əgər qatıdırsa, təxminən dörd qram ağırlığındakı miqdarı, maye olarsa bədən və ya paltarda ovuc içindən çox bir yerə bulaşmışsa, namaza əngəldir. Xəfif nəcasət isə bədənin və ya paltarın dörddə birindən çox yerə bulaşmışsa, namaza mane olar.

      Qəliz olan nəcasətlər bunlardır: İnsandan çıxan və ya qopub düşən şeylərdən sidik, nəcis, məni, vədi, məzi və qan. Əti yeyilməyən heyvanların sidikləri, ağız selikləri, quşların xaricində digər heyvanların nəcisləri və bütün heyvanların axan qanları. Əti yeyilən heyvanlardan toyuq, qaz və ördək nəcisi.

      Xəfif sayılan nəcasətlər bunlardır: Atların, qatırların, uzunqulaqların və həmçinin ətləri yeyilən heyvanların sidikləri və nəcisləri xəfif pislikdir. Ətləri yeyilməyən heyvanlardan çaylaq quşu, qartal və şahin kimi havada nəcisini edən quşların nəcisləri də belədir.

      İmam yatsının üçüncü vəya dördüncü rükətində səhvən “Fatihə” surəsini səsli oxusa, sonra da yadına düşüb normal rüku eləsə və namazı tamamlasa nə etməlidir, səhv səcdəsi lazımdırmı?

      Cavab: Namazlarda bərkdən və yavaşdan olmaqla oxuma qaydalarına riayət etməmək səhv səcdəsini vacib edən hallardandır. Çünki bunlar namazın vacib əməlləridir. Bir vacibin tərki nəticəsində isə səhv səcdəsi etmək vacib olur. Bir şəxs yavaşdan oxunan günorta və ikindi (əsr) namazlarında bərkdən oxuyar və ya imamın bərkdən oxumalı olduğu namazlarda yavaşdan oxuyarsa, namazın axırında səhv səcdəsi etməlidir. Yavaş oxumaq əvəzinə “Fatiha”nin bir hissəsini bərkdən oxuyan geri qalanını yavaşdan oxumalıdır. Bunun əksinə, qiraəti bərkdən oxunan bir namazda “Fatiha”nın bir hissəsini yavaşdan oxuyar, sonra xatırlayarsa “Fatiha” təzədən bərkdən oxunmalı və axırda səhv səcdəsi edilməlidir. 

      • Hits: 587 clicks

      Tecox component by www.teglo.info