Nurlan MƏMMƏDZADƏ - FƏRZ ET Kİ, ÖLDÜN…

      Share

      İnsan oğlu ən bariz vəsflərindən biri ilə - unutqanlıq xüsusiyyəti ilə həyat sürər.Bəzən böyük bir nemət olan bu xislət bəzən ən böyük bəlamıza çevrilir. Belə ki, insanın haradan gəlib hansı diyara səfər etdiyini unutması dünyaya gəliş məqsədindən bixəbər yaşaması onu varlıq qayəsindən uzaqlaşdıraraq özünə yadlaşdırır, qulluq şüurunu itirməsinə səbəb olur.

       Ona görədə zaman-zaman nəsihətə ehtiyacımız olduğunu hiss edərik. Bizə kimliyimizi xatıraladacaq, yolumuza işıq tutacaq nəsihətçi axtararıq. Eynilə bir dost kimi, müdrik bir ata kimi… Bəzən doğru bir söz eşitmək istəyərik, qulaq verdiyimiz bir kəlmə ilə dəyişər həyatımız. Getdiyimiz əyri yoldan dönər, etdiyimiz yanlışa tövbə edərik. Bəzənsə bir hadisə ilə qarşılaşarıq və hər şey alt-üst olar bizim üçün. Pis əməllərimizə görə peşmanlıq hissi keçirər, insanlara bəslədiyimiz kinə, yuxarıdakılara həsədimizə, aşağıdakılara xor gözlə baxmağa, qarışqa ehtirası ilə yığmağa çalışdığımız dünya malına heç bir məna verə bilmərik. Hər şeyin boş və gərəksiz olduğunu dərk edərik, beləcə əlimiz-qolumuz boşalar. Özümüzü taqətdən düşmüş kimi hiss edərik. Aldığımız bir ölüm xəbəri, səhər evdən çıxarkən qarşılaşıb salam verdiyimiz birinin dünyadan köçdüyünü duymaq, telefonumuzu inlədən amansız bir mesaj, boğazımızda düyünlənən acı bir qəhər taqətimizi kəsər. Sabaha olan ümidlərimiz sönər,“Allah bəs, baqi həvəs” deyərik qeyri-ixtiyari. Hələ gənc yaşda birinin bizə əlvida deməsi, ömrünün baharında ikən saralıb-solması “əslində hər kəs öləcək yaşdadır” gerçəyini pıçıldayar qulağımıza. Arzu və istəklərimizə can atarkən, heç ölməyəcəkmiş kimi çalışıb-çabalayarkən əcəlin hər şeyi yarıda kəsdiyini hiss edərik bir anda. Ümidlərimiz xəzan olub tökülər. Hər səhər cırıb atdığımız təqvim vərəqlərinin əslində ömür ağacımızdan aramla düşən bir yarpaq olduğunu anlayarıq. Bəzən qarşımızda cansız yatan cənazənin göyərmiş dodaqlarından eşidərik ən gerçək və ən acı həqiqəti: “Hər bir nəfs ölümü dadacaqdır”… (əl-Ənbiya, 35)

      Deyirlər, dükanı şəhərin girişində olan bir tacir varmış. Dükanınındivarına vurduğu mismardan bir kuzə asmışdı. Nə vaxt şəhər qapısından bir cənazə çıxıb məzarlığa doğru yol alsa, həmin kuzəyə bir meyvə çəyirdəyi atarmış.Ayın sonunda kuzəyə atdığı meyvə çəyirdəklərini sayaraq: “bu ay filan qədər adam kuzəyə düşdü”, - deyərmiş. Günlərin birində əcəl toxmağı onun da qapısını döyür. Aradan uzun müddət keçdikdən sonra onun ölümündən xəbərsiz olan bir dostu şəhərə ziyarətinə gəlir. Dostunu dükanda görməyib qonşulardan soruşur: “Burada bir tacir vardı, haralardadır?” Oradakılar bir ağızdan bu cavabı verirlər: “O da kuzəyə düşdü”.

      Bu hikmətli qissə əslində hər birimizin halını özündə əks etdirir. İnsan oğlu hər gün ölümlərlə üzləşsə də, ölməyəcəyini, başqalarını yola salacağını düşünür nədənsə. Eynilə kuzəyə çəyirdək atan tacir kimi həmişə başqalarının cənazə namazını qılacağımızı, başqalarını kəfənləyib qara torpağın qoynuna qoyacağımızı zənn edirik nədənsə. Qaşla-göz arasında olanölümü özümüzdən çox uzaqda görürük. Kiminsə ardında ailə üzvlərini boynubükük qoyub getdiyini görür, lakin bir gün özümüzün də sevdiklərimizi yaşlı gözlərlə tərk edəcəyimizi ağlımıza da gətirə bilmirik. Uzun müddətli planlar qurur, dünyadan köçməyi xəyalımıza da gətirmirik. Hər gün getdiyimiz qəbiristanlıqdan bir nəfər azalaraq qayıtdığımızı görə-görə bir gün bizsiz dönəcəkləri ağlımıza gəlmir. Halbuki saçımıza düşən hər bir dən yaxınlaşmaqda olanölümün ayaq izidir. Üzümüzdə yaranan hər bir qırış əcəlin gəldiyi cığırdır. Şairin dediyi kimi:“Hər naxışdan o məna: öləcəyik nə çarə?..”

      Hz. Peyğəmbər hədisi-şərifində:“Sizə iki nəsihətçi qoyuram. Biri susar, digəri danışar. Susan nəsihətçi ölüm, danışan isə Qurani-Kərimdir”,- buyurmuşdur. Susaraq nəsihət edən ölümü tez-tez xatırlamalı olduğumuzu da:“Ağız dadını bıçaq kimi kəsən ölümü çox zikr edin”,- deyərək xəbər vermişdir. Qurani-Kərimin də bir çox ayələrində hər bir canlının mütləq surətdə öləcəyi, ölümün bir sınaq vasitəsi olduğu, bu dünyadan ayrılan insanın axirətə açılan qapısı olduğu bildirilmiş və insanın ölümdən sonrası üçün hazırlıq görməsinə təşviq edilmişdir. Çünki insanın ölümü təfəkkür etməsi, ölümdən sonra başına gələcəkləri düşünməsi hər şeydən əvvəl onu bu dünyada gözəl insan olmağa səsləyir. Hər şeyin fani olduğunu xatırladaraq onu dünyaya aldanmaqdan uzaqlaşdırır. Axirəti abad etməyin yolunun bu dünyanı abad etməkdən keçdiyini təlqin edərək insanı xeyirli və saleh əməllər işləməyə sövq edir. Ona görə də Allah dostları və mənəviyyat pillələri ilə Mövlaya yüksəlməyi hədəfləyənlər, nəfsdən ruha hicrət edənlər səhər vaxtlarında ölümü təfəkkür etməyi həyat düsturu halına gətirmişlər. Günəşin doğuşu hər səhər ölümü təfəkkür edən bir insan üçün ölümdən sonra qazanılan yeni bir həyat mənasına gəlir. Tabeun alimlərindən olan Allah dostu Rəbi bin Heysəmin halı necə də ibrətlidir.

      Rəbi bin Heysəm (q.s) evində bir məzar qazdırmışdı. Qəlbinin qatılaşdığını hiss etdiyi zaman bu qəbrə girər, bir müddət orada uzanıb təfəkkürə dalardı.

      “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm!” mənasına gələn Muminun surəsinin 99 və 100-cü ayələrini oxuyardı.

      Məzardan çıxdıqdan sonra da öz-özünə belə deyərdi:

      “Ey Rəbi! Gördüyün kimi geri qaytarıldın. Geri qaytarılmayacağın gün gəlmədən saleh əməllər işlə!”

      Bir gün hamımız ölüm qapısından girib geri qaytarılmayacağımız bir məkana düşəcəyik. Elə isə həmin gün gəlmədən, həmin an yaşanmadan o anı tez-tez gözümüzün önündə canlandırmalı, həyatı fəzilətlərlə canlı hala gətirməyə çalışmalıyıq.İmam Qəzalinin bu sözü qulağımıza sırğa olsun:

      “Fərz et ki, öldün. Yalvardın, yaxardın və sənə bir gün də möhlət verdilər. Bu günü həmin gün bil, ona görə yaşa”.

      • Hits: 847 clicks

      Tecox component by www.teglo.info