Kamran Məmmədov - QURAN GÜNDƏLİYİ-Qiyamət surəsi

      Share

      Qiyamət surəsi Məkkədə nazil olub, 40 ayədir. İman əsaslarından biri olan "öldükdən sonra dirilmə və hesab" mövzusunu ələ alır. Ağırlıqlı olaraq və xüsusi bir şəkildə qiyamət və onun qorxunc vəziyyətlərindən, ölmək üzrə olan insanın hallarından və axirətdə kafirin qarşılaşacağı çətinlik və sıxıntılardan bəhs edir. Bunun üçün bu surəyə “Qiyamət surəsi” adı verilmişdir.

      Bu mübarək surə, “öldükdən sonra dirilmə”nin şübhəsiz bir gerçək olduğuna dair qiyamət gününə və nəfs-i ləvvaməyə (özünü qınayan nəfsə) and ilə başlayır. “And içirəm qiyamət gününə;And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!) Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!.” (1-4)Elmən sabitdir ki, barmaqların dərisi son dərəcə incə xətlərlə örtülüdür. Bu xətlərdən bəziləri qövs, bəziləri düz ya da dairə şəklindədir. Bu cizgilərdə heç bir insanın digərinə bənzəməsi mümkün deyildir. Bu səbəbdən dövlətlər rəsmi olaraq bu barmaq xətlərinə (izlərinə) etimad edir. Və bu xətlər baş barmağı basmaqla insanı digərindən ayırıcı bir  işarə olmuşdur. Yaradanların ən gözəli olan Allah ucadır. Bu Quranın elmi möcüzələrindən biridir.

      Daha sonra surə, ayın batırılacağı, gözlərin çaşqına dönəcəyi, hesab və əməllərin qarşılığını almaq üçün insanların və bütün məxluqatın toplanacağı o qorxunc günün əlamətlərindən bir qisimini izah edir. “Göz (heyrətdən) bərələcəyi; Ay tutulacağı; Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!”  (7-11)

      Surə, Rəsulullahın (s.ə.s), Cəbrayıl (ə.s) özünə Quranı oxuduqda, onu yadda saxlamağa verdiyi əhəmiyyəti qeyd edir. Rəsulullah (s.ə.s), Cəbrayılın (ə.s) qiraətini təqib barəsində özünü yorur və oxuduğu ayələri tez əzbərləmək üçün dilini onunla birlikdə hərəkət etdirirdi. Bu səbəblə Uca Allah ona qiraəti dinləməsini, Cəbrayıl (ə.s) ilə birlikdə dilini hərəkət etdirməməsini əmr edir: (Ya Peyğəmbər! Cəbrayıl sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!) Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrayılın dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!” (16-19)

      Surə, axirətdə insanların xoşbəxt və bədbəxt olaraq iki qrupa ayrılacaqlarını izah edir. Xoşbəxtlər üzləri parlaq və nur saçarlar. Bunlar, Rəbbinə baxarlar. Bədbəxtlərisə, bunların üzləri qapqaradır və bu üzləri zillət bürümüşdür. “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır! O gün neçə-neçə üzlər tutulub qaralacaq, (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!(22-25)

      Daha sonra surə, ölmək üzrə olan adamın vəziyyətindən bəhs edir. Beləki, bu anda qorxulu və əziyyətli bir hal meydana gəlir. İnsan gözləmədiyi, hesabda olmayan "darlıq və çətinliklə” qarşılaşır.“Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, “(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi, (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı, Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! Beləliklə, o (kafir Əbu Cəhl)(Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi”. (26-33)

      Surə, əqli dəlillərlə axirət və həşri isbat edərək sona çatır: “Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! Məgər o tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!” (36-40) Rəvayətə görə Peyğəmbərimiz (s.ə.s) bu surənin son ayəsini oxuyanda  “Subhanəkə bəla -Bəli (elədir), Allahım Səni nöqsan sifətlərdən tənzih edirəm!”-deyərdi.

      • Hits: 575 clicks

      Tecox component by www.teglo.info