Mesut KAYA - Yaxşının Yanında Səf Tutmaq

      Share

      Əmri bil-məruf və bəhyi anil-münkər... Yəni yaxşılığı əmr etmək, psilikdən çəkindirmək... 54 fərzdən biridir. Namaz, oruc, zəkat, həcc kimi ibadətlərdən sonra gələn, ikinci dərəcəli bir ibadətdir... Əhməd b. Hənbəl əmri bil-mərufun Quran və sünnə ilə sabit bir fərz olduğunu deyir. Müsəlman üçün mühüm məsuliyyət olaraq görüldüyü üçün bu qədər ön plana çıxmışdır.

      İbadətlər Rəbbimizlə əlaqələrimizi möhkəmləndirir. İbadətlərin bu cəhətini dəruni tərəf adlandıra bilərik. Eyni zamanda hər ibadətin ictimai tərəfi də vardır. İbadət edərkən eyni zamanda müsəlmanlar və insanlarla bir növ qarşılıqlı münasibət qurarıq. Namazda camaat ruhu, Ramazanda paylaşma şüuru, zəkatda zəngin-kasıb dialoqu, həcdə ümmət idrakı...

      “Əmri bil-məruf”da isə birbaşa ictimai əlaqədən söz gedir. Bundan məqsəd cəmiyyətdə xeyirxahlıq ruhunu canlı tutmaq, yaxşılığı hakim qılmaq, pisliklərin yayılaraq toplumu istila etməsini və vicdanları susdurmasını əngəlləməkdir. “Əmri bil-məruf” xoşbəxt cəmiyyətin təhlükəsizlik kəməri, toplumun özünü nəzarətdə saxladığı bir sistemdir. Pisliyin cəmiyyətdə yayılaraq orqanizmin qanqrena olmasını əngəlləyən əməliyyatdır.

      “Əmri bil-məruf”peyğəmbərlərin sənətidir. Bütün peyğəmbərlər yaxşılığı əmr və tövsiyə etmiş, pislikdən çəkindirmişlər. Allah Rəsulu da yaxşılığı əmr edən peyğəmbər olaraq xarakterizə edilir. “Əmri bil-məruf” Hz. Peyğəmbərin risalət vəzifəsinin bir parçasıdır. Ayeyi-kərimədə belə buyurulur: “...(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər...(əl-Əraf, 157)

      “Əmri bil-məruf”müsəlmanın əsas xarakteridir. Hətta onu inanmayanlardan fərqli qılan amildir. O, yaxşılıqların yayılması, pisliklərin kənarlaşdırılması üçün çalışar. Bu cəhəti ilə peyğəmbər yolunun yolçusudur. Bu, kişi-qadın hər kəsin vəzifəsidir. “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər”. (ət-Tövbə, 71)

      Hər bir müsəlman gücünün çatdığı sahədə əmri bil-mərufla məsuldur. Ailədə, məktəbdə, iş yerində və s. Allah-Təala: “İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!”(Ali-İmran, 104) buyurur. Əks təqdirdə bütöv cəmiyyətin tənəzzülünü izləməkdən başqa çarə qalmayacaq.  Digər tərəfdən Qurani-Kərimdə “əmri bil-məruf”a riayət etməyənlərin həlakından söz açılaraq bizə ibrət dərsi verilir. (əl-Bəqərə, 66-67; əl-Əraf, 163-166)

      Həzrət Peyğəmbər buyurur: “Bir pis əməl gördüyünüz zaman onu əlinizlə düzəldin, buna gücünüz çatmasa dilinizlə düzəldin. Buna da gücünüz çatmasa qəlbinizlə nifrət edin. Bu da imanın ən zəif nöqtəsidir”. (Müslim, İman 78)

      Bu hədisin izahında əli ilə yaxşılığı əmr etmək dövlət başçılarının, dili ilə pislikdən çəkindirmək alimlərin, qəlbi ilə nifrət etmək məsuliyyəti də camaatın məsuliyyətidir deyilmişdir.

      Lakin bu təkbaşına yetərli deyil. Peyğəmbər varisi alimlər yaxşılığın hakim olması üçün xüsusi cəhd sərf etməlidirlər. Bu zaman “əmr”, “irşad”, “təbliğ” və “tövsiyə” məfhumları ön plana çıxır.

      Qəlbində nifrət etmək camaatın işidir dedik. Ancaq bu laqeyd qarşılanmamalıdır. İlk növbədə belə bir addım yaxşılıq tərəfdarı olmaqdır. Hansı səfdə olduğunu göstərməkdir. Pisliyin yanında yer almadığını, onu qəbul etmədiyini bədən dili ilə söyləməkdir. Bir duruş sərgiləməkdir. Hədisdə keçən “əmr” burada “işarə” mənası qazanır.

      “Əmri bil-məruf” fərdiləşməyin və laqeydliyin yayıldığı zəmanəmizdə məsuliyyətin altına girmək adına həyata keçiriləcək mühüm bir ibadətdir. Yəni müsəlman içində olduğu vəziyyət və şərtlərə görə bu məüuliyyəti dərk edəcəkdir. Əlindəki imkan və fürsətləri bu məqsəd istiqamətində dəyərləndirəcəkdir. İdarə və güc strukturunun yanında QHT-lər, vəqflər, dərnəklər, radio, televiziya, kitab, qəzet, jurnal; bütün xidmət vasitələrini bu yolda səfərbər edəcək. Bir sözlə yaxşılığın yanında olacaq.

      Bu bir həqiqətdir ki, jurnallar son əsrdə cəmiyyətdə müəyyən fikir və təmayüllərin vüsət tapmasında böyük rol oynamışdır. Kütlələri istiqamətləndirmədə son dərəcə təsirli yayın orqanı olmuşdur. İdeoloji hərəkatlar, ədəbi fəaliyyətlər, sənət fəaliyyətləri insanlara jurnal vasitəsi ilə çatdırılmışdır. Eyni şəkildə İslamın könüllərə çatdırılmasında və insanlara İslam şüurunun aşılanmasında da jurnalların mühüm yeri var. Televizor, internet və bu kimi vasitələr artıq həyatımızda daha çox yer etmişsə də, yaxşılıların yayılması və pisliklərin aradan qaldırılmasında jurnallar hələ də öz yerini qoruyub saxlayır.

      Oxucu nöqteyi-nəzərindən baxsaq, jurnallar hər ay sevdiyimiz bir dostdan bizə gələn bi məktub kimidir. Bu qədər yaxın, bu qədər şirindir. Jurnalların işlədiyi mövzular, verdiyi mesajlar həyati əhəmiyyət kəsb edir. Yaxşılığa yönləndirmək, pislikdən çəkindirmək və jurnalların üzərinə düşən ən əsas vəzifələrdəndir. Bu baxımdan jurnalların, ümumiyyətlə isə qəzet və televiziya kimi informasiya vasitələrinin məsuliyyəti çox böyükdür. 

      • Hits: 754 clicks

      Tecox component by www.teglo.info