155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    MÜSAHİBƏ - Mehmet Lütfi ARSLAN:

    PDF faylını alÇapE-poçt

      Share

      ROL MODELLƏR YERİNƏ ÜSVEYİ-HƏSƏNƏLƏRƏ EHTİYAC VAR!

      İrfan: Mehmet Lütfi bəy, öncə özünüz haqda qısa məlumat verin zəhmət olmasa.

      Mehmet Lütfi Arslan:1972-ci ildə dünyaya gəlmişəm. İqtisadiyyat və menecerlik təhsili almışam. 1997-ci ildə “Altınoluk” jurnalının yazı işləri bölümündə çalışdım. “Altınoluk English”, “Altınoluk Portal” və “Söz Ola” jurnalının baş redaktoru kimi fəaliyyət göstərdim. 2000-2002-ci illərdə ABŞ-ın Corctaun Universitetində iletişim sahəsində magistraturanı bitirdim.

       2006-cı ildə yeni bir jurnal - “Gənc” jurnalını çıxardıq. Beş il “Gənc”in baş redaktoru kimi fəaliyyət göstərdim. Jurnal vəsiləsi ilə bir çox ölkədaxili və xarici gənclik fəaliyyətlərində iştirak etdim. 2011-ci ildə Mərmərə Universiteti Sosial Bilimlər İnstitutunda İqtisadiyyat Tarixi sahəsində doktorluq ünvanı aldım. Həmin il İstanbul Mədəniyyət Universitetində iş fəaliyyətinə başladım. “Gənc” jurnalı ilə əlaqəmiz məsləhətçi kimliyimlə davam edir. Beynəlxalq Gənc Dərnəyində də Gənc Könüllülərlə bir sıra layihələrdə iştirak edirəm. Dərt Çağrısı, Hakim ilə Gənc, Yaşanmış Hekayələr, Gənc Peyğəmbər və Gənc Dostları, Dünya Bizi Gözləyir, 365 Örnək Davranış (Mehmet Köprülü təxəllüsü ilə) və 365 Səhabə Ölçüsü (Mehmet Köprülü təxəllüsü ilə) adlı kitabların müəllifiyəm.

      - Mehmet bəy, qeyd etdiyiniz kimi gənclərlə çalışırsınız. BU gün gəncliyin vəziyyətini necə xülasə edərdiniz?

      - Gənclərin halından söz açıldıqda hər kəs bədbin fikirlər söyləyir. “Gənc” deyərək yola çıxan bizlərin belə bir haqqı yoxdur. Əslində belə bir niyyətimiz də yoxdur, çünki biz hər kəsin gözünün qorxduğu yerdə böyük bir qazancın olduğuna inanırıq. Sokratdan bəri hər kəs gənclərdən şikayət edir, biz isə əksinə, ümidin orada olduğuna inanırıq. Modern mədəniyyətin istilası altındadırlar, oxumurlar, böyükləri eşitmirlər kimi ifadələrə sadəcə təbəssüm edirik. Bu dünyada başdan-sona kim məsumdur axı? O ki qaldı gəncləri bir kənardan dəyərləndirənlərə, onlar heç vaxt gəncləri anlaya bilməyənlərdir.Gəncləri yalnız onlarla birlikdə addımlayanlar anlayar. Qanı damarlarında dəli kimi axan dəliqanlılarla dil tapmağın yeganə yolu davamlı hərəkət halında olmaqdır. Bu da müştərək layihələr, işlər və fəaliyyətlərlə mümkündür. Əks təqdirdə əksəriyyətin dediyi kimi bədbinliyə qapılmanız doğru deyil.

      - Kapitalist zehniyyətin hakim olduğu, mədəniyyət adına könüllərin və beyinlərin istismar edildiyi modern dünyamızda sizcə Müsəlman Gənc necə olmalıdır?

      - Müsəlman gənc rədd edərək başlayan gəncdir. Mən buna “Lə iləhə illəllah” əxlaqı deyirəm. yaxud istiazə[1] tərbiyəsi... “Allah var” demək üçün əvvəlcə saxta ilahları, yaxud da Rəhamn və Rəhim olan Allahla bir işə başlamaq üçün əvvəlcə qovulmuş şeytanı rədd edirik. Eynilə bunun kimi, bizi, könüllərimizi və zehnimizi əhatə edən sapıq həyatı rədd edərək başlamalıyıq. Söylədiyiniz kimi bu həyat bizi bayağı istehlakçılara çevirməkdə mahir kapitalist zehniyyətinə malikdir. Bunu rədd etmədən bizi əbədi gəncliyə çatdıracaq sirrə vaqif olmaq imkansızdır. Əslində gənclik bu mənanın dərk ediləcəyi bir çağdır. Çünki gənclər təbiətləri etibarı ilə rədd etməyi, inadı sevirlər. Bizə geydirmək istədikləri dəli köynəklərini rədd edərək işə başlasaq nəyi geyinəcəyimizi də ortaya qoya bilərik. Bu, məsələnin bir tərəfi.

      Digər tərəfdən müsəlman gənc Hz. Şueybin qızlarının Hz Musanı tərif etmək üçün işlətdikləri iki vəsfə sahib olmalıdır.  Bu vəsflər “qavi” və “əmin” sifətləridir. Qavi; işini mükəmməl görən, əmin isə; dürüst və güvənilən deməkdir. Bunun digər ifadəsi Quran təbiri ilə desək, muhsin olmaqdır. Muhsin həm dinini Allahı görürmüş kimi dürüstlük və dəqiqliklə yaşayan, həm də işini, yaxud peşəsini ən gözəl şəkildə icra edən insandır.

      - Örnək almaq mövzusunda gənclər nələrə diqqət etməlidirlər?

      Pərəstiş edilən, yaxud rol modelləri deyil, üsveyi-həsənələri, yəni ən gözəl örnəkləri seçməlidirlər. Bu, eyni zamanda örnək alacaqları insanlarla obiri dünyada da əl-ələ tutub olmaq istədikləri yerə gedib-getməyəcəklərini də götür-qoy etmələri mənasına gəlir. Bizim gözümüzü qamaşdıran, önümüzü aydınladan sadəcə bu dünya ilə məhdud olmamalı, obiri dünyada da rəhbərimiz olmalıdır. Belə insanları tapmaq üçün onların dərdinə düşmək şərtdir. İçimizdə doğulmayan insan yanımızda gözümüzə dəyməz.

      - Yadınızdadırsa, bir zamanlar “Söz Ola” jurnalında gənc qələmlər arasında hansı səhabəni örnək götürdükləri ilə bağlı məqalə müsabiqəsi keçirmişdiniz. Sonrakı sayınızın qapağı isə “Gənclərdən Ulduzlarını Soruşduq” idi. Bəs sizin Ulduzunuz kimdir?

      - Mənim ulduzum Misir fatehi Amr bin Asın oğlu Abdullahdır. Abdullahın hər şeylə maraqlanmasına və analiz etmə qabiliyyətinə məftunam. O, dünyada ikən Allah Rəsulunun verdiyi müjdələrə nail olmaq qayğısı ilə yaşayan insan idi. Bir də Həzrət Peyğəmbərin ağzından çıxan hər sözü qeyd etməsi çox diqqətimi çəkmişdi. Hətta bununla bağlı Rəsulullaha şikayət etdikdə O, Abdullahdan nə yazdığını soruşmuşdu. “Ya Rəsulallah, ağzınızdan çıxanı yazıram” cavabına Hz. Peyğəmbər:“Yaz, Allaha and olsun ki, bu ağızdan yalnız doğru sözlər çıxar”,- buyurmuşdu. Daha sonra Abdullah qələmə aldığı hədis məcmuəsinə “Səhifeyi-Sadiqə” adını vermişdir.

      - Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.

      - Mənə belə bir fürsəti verdiyinizə görə təşəkkür edir, can Azərbaycanımızın ulduz nəşriyyatlarından biri kimi gördüyüm “İrfan” jurnalımıza və sizin kimi qiymətli mühərrirlərinə xeyirli xidmət ömrü arzulayıram.


      [1] Şeytandan Allaha sığınma 

       

      • Hits: 1155 clicks

      Tecox component by www.teglo.info