BİR AYƏ/ Fuad QULİYEV

    PDF faylını alÇapE-poçt

      Share

                         بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

      قُلْهُوَاللَّهُأَحَداللَّهُالصَّمَدُلَمْيَلِدْوَلَمْيُولَد وَلَمْيَكُنْلَهُكُفُوًاأَحَدٌ

      “(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)O, nə doğmuş, nə də doğulmuşdur!Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”

      İxlas surəsi, 112/1-4

      Tövhid anlayışını ən vəciz bir şəkildə izah edən “İxlas” surəsinin ayələri Allah-Təalanın vəsflərindən bəhs edir. Surənin eniş səbəbi olaraq fərqli hadisələr göstərilir. Surənin Məkkədə endiyini irəli sürənlər müşriklərin Hz. Peyğəmbərin (s.ə.s) yanına gələrək “Bizə rəbbindən bəhs et!” dediklərini və bunun üzərinə surənin endirildiyini xəbər verən rəvayətləri dəlil göstərirlər. Mədinədə nazil olduğunu iddia edənlər isə yəhudilərlə xristianların Hz. Peyğəmbərə (s.ə.s) soruşduqları Allah haqqındakı suallara cavab olaraq Cəbrayılın (ə.s) Allah Rəsuluna gələrək “Qul hüvallahu əhəd” oxuduğunu bildirən rəvayətləri dəlil göstərmişdirlər. “İxlas” surəsinin fəzilətləri haqqında Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Canım qüdrət əlində olan Allaha and olsun ki, bu surə Quranın üçdə birinə bərabərdir.” (Buxari, Tövhid, 1). Bu surəni sevdiyi üçün hər namazda oxuyan bir səhabəyə Rəsulullah (s.ə.s) “onu sevmən səni cənnətə aparar” müjdəsini vermişdir. (Tirmizi, Fədailul-Quran, 11)

      Surə İslamın əsası olan tövhid (Allahın təkliyi) prinsipini qısa məzmunda ifadə etdiyi və Allahı tanıtdığı üçün eyni zamanda Peyğəmbərimizin də buyurduqlarına istinadən son dərəcə əhəmiyyətli bir yerə malik olduğunu görmək mümkündür.

      Təfsir alimləri bu surədə Allahın təkliyini ifadə edən “əhəd” termini ilə var olması baxımından heç nəyə və heç kimə möhtac olmadığını izah edən “səməd” termini üzərində durmuşdurlar. Belə ki, “əhəd” vəsfinin istisnalar xaricində Allahdan başqasına nisbət edilərək istifadə edilməsinin doğru olmadığını qeyd etmək lazımdır.

      “Səməd” ifadəsi “hər kəsin ona ehtiyacını ərz etdiyi, ancaq özünün kimsəyə ehtiyacı olmadığı” mənasında işlədilir. (Rağib əl-İsfəhani, Müfrədatul-Quran, “smd” maddəsi)

      Surədəki kontekstə görə “səməd” ifadəsi “əhəd” isminin açıqlamasıdır. Davamındakı “doğmamış və doğulmamış” mənasındakı ayə isə “səməd” ifadəsinin açıqlamasıdır. Təfsir alimi Təbəri “özündən başqasına ibadət edilməyə layiq olmayan tək məbud” ifadəsini işlədir bu məqamda.

      Ayənin “o doğulmamışdır” mənasındakı ikinci hissəsi Allah-Təalanın doğum yoluyla bir ana və ya atadan, bir kökdən meydana gəlmədiyini ifadə edir. Çünki doğulan hər şey sonradan meydana gəlir, hansı ki, Allah əzəl vəsfinə malikdir, yəni varlığının başlanğıcı yoxdur. Başlangıcı olan varlığın da sonunun olması lazımdır. Allah üçün belə bir xüsusiyyətdən bəhs etmək mümkün deyildir. Həmçinin “onun tayı bərabəri yoxdur” ifadəsi də heç bir varlığın onunla müqayisə edilə bilməyəcəyinin açıq ifadəsidir. Belə ki, yalnız sonradan yaradılanlar arasında müqayisə aparmaq mümkündür. Allah isə heç bir varlığa tay deyildir.

      • Hits: 861 clicks

      Tecox component by www.teglo.info