Nurəddin Rüstəmov / SALEH və SADİQLƏRLƏ BƏRABƏRLİK

    PDF faylını alÇapE-poçt

      Share

      Hər gün Allaha yaxınlaşan, Onunla könül bağlılığı olan mömin əslində Hz. Muhammədin (s.ə.s) həyatına bənzər həyat yaşamağa səy göstərir. Hal və hərəkətləri ilə yanaşı demək olar ki, bütün davranışlarında - gülüşü, yerişi, ədəb və əxlaqında Ona bənzəməyə çalışır. Məhz bu, insandakı Rəsulullah (s.ə.s) sevgisinin əlamətidir.

      Bütün həyatı ilə yaddaşlarda silinməz izlər buraxan, qəlblərə hakim olmağı bacaran, Rəsulullah (s.ə.s) insanları haqq və həqiqətlərə inanmağa, həmçinin günah bataqlığından çıxaraq siddiqlərlə, salehlərlə birgə olmağa səsləyirdi. Onun (s.ə.s) sözləri yanındakı əshabı üçün qanun oldu. Bu səbəbdən hərəsini bir ulduza bənzətdiyi əshabı bütün varlıqlarını - canlarını, mallarını Onun (s.ə.s) yolunda fəda etməyə, qurban verməyə hazır idilər. Çünki Onun (s.ə.s) ətrafında olanlar hamısı sadiqlər və salehlər idi. Həmin o sadiqlər və salehlər ki, Məkkəni, Mədinəni, Həbəşistanı, Bədri, Uhudu, Xəndəyi, bütün uğurlarını Onunla (s.ə.s) birlikdə qazanma şərəfinə nail olmuşdular.

      Rəsulullahın (s.ə.s) vəfatından sonra İslam məhz həmin sadiqlər və salehlər vasitəsilə dünyanın dörd tərəfinə yayıldı. Rəsulullahı (s.ə.s) sevdilər və Onu hər kəsə sevdirdilər. Müsəlmanlar arasında qardaşlıq və sevgi bağları qurdular. Onların fədakarlığı sayəsində möminlər bir-birindən öz yardımlarını əsirgəmədilər. Salehlər bağçasında yetişən sahabələr bu baxımdan İslam ümmətinə öz tövhəsini verdi.

      Sadiqlər və salehlərlə  bərabər olmaq müsəlmanlara Allahın əmridir.  Ey iman gətirənlər, Allahdan qorxun və sadiqlərlə birlikdə olun! (ət-Tövbə, 119)

       Kənardan saleh və sadiqlərə baxdığımız zaman onlarda bir çox gözəlliklərə şahid oluruq.  Lakin şeytanın vəsvəsəsisinə uyan nəfsimiz bəzən bizi onlardan uzaqlaşdırır. Beləliklə nəfs şeytanın vəsvəsəsinə uyaraq insanın dinini, imanını, ədəbini, həyasını, əxlaqını əlindən almağa çalışır.

      Ona görə də möminlərdəki mənəvi gözəlliklərin memarı Allahdır. Bu gözəl sifətləri möminlərə verən də odur.  Ona görə ki, möminlər Uca Yaradanın  saleh və sadiq qullarıdır.

       

      Allahın saleh və sadiq qulları heç vaxt Uca Yaradandan ayrı durmazlar. Rəsulullahın (s.ə.s) sünnəsindən bir an belə ayrılmazlar. Hər halı ilə ibadətdə olarlar. Mömin kəslər də məhz onlardır.  Onlar haqqında da Quranda belə buyrulur: Bilin ki, Allah dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.” (Yunus, 62)

      İnsan həmişə iman sahibləri ilə bərabər olmağa və  onlarla dostluq etməyə çalışmalıdır. Ona görə ki, möminlərlə dost olmağın mənfəəti axirətə qədər davam edir. Saleh və sadiq kimsələrlə görüşmək, onlarla həmhal olmaq insanın təqvası artırır.

      Hikmət sahiblərinin sözlərində qeyd etdikləri kimi, salehlərlə birlikdə olan onlardan heç bir şey öyrənməsə belə yeddi fəzilətə qovuşar: Elm öyrənməyə çalışan tələbə kimi savab qazanar. Onlarla birlikdə ikən günahlardan uzaq olar. Evindən çıxandan etibarən ona rəhmət olunar. Onlara enən rəhmətdən faydalanar. Onları dinləyərkən savab yazılar. Mələklər ondan məmnun olub dua edər.

      Salehlərlə bərabər olmayan insanların isə Qurani-Kərimdən ibrət alması lazımdır.  Əshabi-Kəhfin köpəyi Qitmir sadiqlərlə birlikdə olduğu üçün böyük şərəfə nail oldu, adı Qurani-Kərimdə zikr edildi. Lakin Hz. Nuh və Hz. Lutun xanımları isə fasiqlərlə qəlbi birlik içində olduqları üçün cəhənnəmə vasil oldular. (Peyğəmbər xanımı olmaları da onlara fayda vermədi).

      İmam Malik bin Ənəs (r.a) rəvayət edir: Böyük bir qəlb memarı olan Peyğəmbərin (s.ə.s) yanına Mədinədən kənarda, səhrada yaşayan biri nəfər gəldi və: “Ey Allahın Rəsulu! Qiyamət nə zaman qopacaq?”,- deyə soruşdu. Rəsulullah (s.ə.s):

       “Sən qiyamət üçün nə hazırlanmısan?”,- deyə soruşdu. Adam: “Elə çox ibadətim yoxdur, ancaq mən Allah və Rəsulunu (s.ə.s) sevirəm”,- deyə cavab verdi. O zaman Rəsulullah (s.ə.s):

       “Sən sevdiyinlə bərabər olacaqsan”,- buyurdu. Oradakılar Rəsulullahdan: “Biz də onun kimiyik, bizə də eyni müjdə var?”, -  deyə soruşdular. Rəsulullah  (s.ə.s):

       “Bəli”,- buyurdu. Həmin gün bu müjdəyə o qədər çox sevindik ki, daha öncə heç belə sevinməmişdik”.

      Kamil insan olmağın birinci şərti müsəlman olmaqdır. Kamil müsəlman olmaq isə çox çətindir. Buna görə də kamil müsəlman olmaq üçün saleh insanlarla bərabər olaraq onlardan faydalanmağa çalışmalıyıq. Hz. Mövlananın qeyd etdiyi kimi: “Qarğalarla uçan zibilliyə, bülbüllə uçan isə gülə qonar”.

      • Hits: 1150 clicks

      Tecox component by www.teglo.info