Səfa MURADOV/ BIR HƏDIS

    PDF faylını alÇapE-poçt

      Share

      عَنْ أَبِي هُرَيْرَةَ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ العَبْدَ إِذَا أَخْطَأَ خَطِيئَةً نُكِتَتْ فِي قَلْبِهِ نُكْتَةٌ سَوْدَاءُ، فَإِذَا هُوَ نَزَعَ وَاسْتَغْفَرَ وَتَابَ سُقِلَ قَلْبُهُ، وَإِنْ عَادَ زِيدَ فِيهَا حَتَّى تَعْلُوَ قَلْبَهُ، وَهُوَ الرَّانُ الَّذِي ذَكَرَ اللَّهُ {كَلاَّ بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ}

                  Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Bəndə bir xəta etdiyi zaman qəlbinə qara bir nöqtə düşər. Əgər (xətasını anlayıb) geri addım ataraq tövbə və istiğfar edərsə, qəlbi cilalanar (təmizlənər). Əgər tövbə etməzsə, qara nöqtələr qəlbini tamamilə örtər. Diqqət edin! Allahın buyurduğuXeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür” (Muttəffifin 83/14) ayəsində keçən “ranə” kəlməsinin mənası bax budur.” (Tirmizi, Təfsir, 74; İbn Macə, Zöhd, 29)

                  Qəlb nəzərgahi-ilahidir. Qəlb vücudun mərkəzidir. Qəlb bütün hal və davranışların birləşdiyi nöqtədir. Qəlb bəndənin aynası və ‘qara qutu’sudur. Qəlb zahiri etibarilə bir ət parçası, batini etibarilə insanın gözlə görünməyən dünyasıdır. Burada qeyd olunan və olunmayan bir çox məziyyətləri səbəbilədir ki, İslam dini qəlbi həyatın mərkəzində yerləşdirmişdir. Təmiz bir qəlbə sahib olanları diri, qəlbi günah kirləri ilə qaralmışları isə ölüyə bənzətmişdir.

                  Dünyaya qədəm basan hər bir bəşər övladı yeni açılmış tərtəmiz səhifə kimi təmiz bir qəlbə sahib olur. Olum (doğum) ilə başlayıb, ölüm ilə sona çatan bu ömür yolçuluğunda əsas hədəflərdən biri insana bəxş olunan bu təmiz qəlbin saflığını qoruması və aldığı kimi əsl sahibinə (Allaha) qaytarmasıdır. Hədisi-şərifdə Rəsulullah (s.ə.s) qəlbin günahlarla, xətalarla kirləndiyinə diqqət çəkərək qəlbin saflığını qorumaq üçün günahlardan uzaq durulması lazım gəldiyinə diqqət çəkmişdir. İşlənən hər bir günahın qəlbdə iz buraxdığını və günahlar çoxaldığı nisbətdə qəlbin də qaralmağa başladığını buyuran Allah Rəsulu (s.ə.s) eyni zamanda qəlbin günah ləkələrindən təmizlənməsi üçün tövbə və istiğfarı çarə olaraq göstərmişdir. Günah işlədiyi halda tövbə və istiğfara yönəlməyən insanların qəlblərinin günah ləkələriylə tamamilə örtüldüyü də hədisimizdə vurğulanan məqamlardandır. Allah-Təala Qurani-Kərimdə günah bataqlığında boğulan kafirlərdən bəhs edərkən “Allah onların qəlblərini möhürləmişdir...” (Bəqərə 2/7) “Onların qəlblərində xəstəlik vardır...” (Bəqərə 2/10) buyurmaqdadır. Belə bir qəlbə sahib olan insanlar artıq Allahın nəzərindən uzaq qalar və günah bataqlığına batdıqca batarlar.

      Günahlar qəlbə sıxıntı verdiyi halda savablar və gözəl əməllər qəlbə rahatlıq gətirər. Unutmamaq lazımdır ki, qəlblər Allahın zikriylə rahatlıq tapır. Qəlbinin hakimi Allah olan bir bəndənin ömrü hüzur içində keçər.

                  Bu hədisi-şərif eyni zamanda Rəsulullahın (s.ə.s) Qurani-Kərimin ilk müfəssiri olaraq ayədə keçən və mənası gizli olan bir kəlməni təfsir etdiyinə dair bir nümunə təşkil etməkdədir.         

       

      • Hits: 878 clicks

      Tecox component by www.teglo.info