Osman Nuri TOPBAŞ /TƏSƏVVÜF QURAN VƏ SÜNNƏ İLƏ KAMİLLƏŞMƏKDİR - 4

    PDF faylını alÇapE-poçt

      Share

      Allah-Təala biz bəndələrini heç bir əvəz ödəmədiyimiz halda “əhsəni-təqvim”, yəni ən gözəl şəkildə və İslam fitrəti üzrə yaratdı. Fəqət bizi imtahan etmək üçün “təqva”ya da, “fücur”a da, yəni xeyrə də, şərə də, savaba da, günaha da meyilli “nəfs” ilə təchiz etdi.

      Dünya həyatında qulluq imtahanından üzüağ çıxmaq üçün keçməli olduğumuz ən çətin maneə öz nəfsimizdir. Nəfs maneəsindən keçmək üçün də onu təzkiyə etməli, yəni mənəvi tərbiyə və təkamül yoluna girməliyik.

      İmam Qəzali həzrətləri belə buyurur:

      “İnsan mum kimidir. Tərbiyə ilə ona müsbət və ya mənfi, istənilən formanı vermək mümkündür”.

      Məsələn, üç yaşlı iki uşaqdan biri qarşısına çıxan zavallı küçüyə süd verir, digəri isə daş atır. Bu hərəkət onların fərqli tərbiyə görmələrinin nəticəsidir.

      İnsanın fitrətindəki mənfi təmayüllərdən qurtulub, müsbət istedadları inkişaf etdirmək üçün mənəvi tərbiyəyə ehtiyacı var.   

      İmam Qəzali həzrətləri insanın hal və davranışlarını formalaşdıran üç fitri gücdən söz açır:

      1) Qüvveyi-Əqliyyə (ağılın gücü)

      2) Qüvveyi-Qəzəbiyyə (qəzəbin gücü)

      3) Qüvveyi-Şəhəviyyə (arzuların gücü)

      Bu fitri güclər həyata üç cür əks edər: ifrat, təfrit və etidal.

      - ifrat həddi aşmaqdır.

      - təfrit həddi aşmanın əksidir. Yəni səhlənkarlıq edib mərkəz xəttin altına düşməkdir.

      - etidal isə ifrat və təfritin ortası, yəni hal və davranışların məqbul olan səviyyəsidir.

      Qüvveyi- əqliyyənin ifratı hiylədir, təfriti axmaqlıq. Məqbul olan etidalı isə hikmətə ram olmaqdır.

      Qüvveyi-qəzəbiyyənin ifratı hiddət, yəni hirsdə həddi aşmaqdır. Təfriti qorxaqlıqdır. Məqbul olan etidalı isə şücaətdir. Güc və cəsarəti yerində və lazımınca istifadə etməkdir.

      Qüvveyi-şəhəviyyənin ifratı fücur, ədəbsizlik və əxlaqsızlıqdaır. Təfriti durğunluqdur. Məqbul olan etidalı isə ədəb, iffət və həyadır.

      Mənəvi tərbiyə məhz insanın güc və təmayüllərini ifrat və təfritlərdən qoruyub məqbul olan etidal (orta) səviyyəsinə gətirmə cəhdidir. Bu fitri təmayüllər özbaşına buraxılaraq tərbiyə edilmədiyi zaman xeyrə deyil, şərə vasitə olur. Fayda vermək yerinə zərərə səbəb olur. Ona görə də insan mütləq təlim-tərbiyəyə möhtac varlıqdır.

      Allah-Təala da peyğəmbərləri ən böyük insan tərbiyəçiləri olaraq bəşəriyyətə ərməğan etmişdir. Xüsusilə haqq-ədalətin, insanlıq duyğularının yox olduğu, cəhalətin tüğyan etdiyi dövrlərdə peyğəmbərlərini göndərmişdir. Peyğəmbərlər özlərinə tabe olanları vəhyin tərbiyəsi ilə yetişdirib kamilləşdirərək cəhalət bataqlığından xilas etmiş, onları fəzilətlər mədəniyyəti inşa edəcək ulduz şəxsiyyətlərə çevirmişlər.

       

      PEYĞƏMBƏRLƏRİN ÜÇ VƏZİFƏSİ

      Ayeyi-kərimədə buyurulur:

      “Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi təzkiyə etmək (günahlardan təmizləmək), Kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik!” (əl-Bəqərə, 151).

      Allah-Təala bu ayeyi-kərimədə Həzrət Peyğəmbər r-in üç əsas vəzifəsinə diqqət çəkir:

      1) Allahın ayələrini oxuyub dini təbliğ etmək.

      2) Daxili aləmi təzkiyə etmək; duyğuları təmizləmək.

      3) Bu ruhi tərbiyə nəticəsində Kitabın dərinliklərini; kainat, hadisələr və baş verənlərlə sərgilənən ilahi sirr və hikmətləri öyrətmək.

      Bildiyimiz kimi Hz. Peyğəmbərin ümmətini İslama və tövhid inancına dəvəti gələn vəhyi oxuyub təbliğ etməsi ilə başlamışdır. Ancaq bu vəzifə insanları son hədəfə çatdırmaq üçün ilk mərhələdir.

      Tövhid dəvətinin əsl məqsədinə çatması isə nəfsləri küfr, şirk, nifaq, riya, təkəbbürhəsəd kimi mənəvi kirlərdən tamamən təmizləyib ixlas, təqva, xüşu hüzura nail etməklə mümkündür.

      Bu xüsusda Əbul-Həsən Haraqani həzrətləi belə buyurur:

      “Necə ki, namaz və oruc fərzdir, ifası məcburidir; kibir, həsəd və ehtirasdan  təmizlənmək də zəruridir”.[1]

      “Təndirdən paltarına bir qığılcım sıçrasa, tez onu söndürməyə çalışırsan! Bəs dinini yandıracaq olan alovun, yəni təkəbbür, həsəd və riya kimi pis xislətlərin qəlbində kök atmasına necə razı olursan?!”.[2]

      Təzkiyə bütün duyğuların iman süzgəcindən keçirilərək təmizlənməsi, bir növ süzülərək xalis hala gəlməsidir.

      İbn Abbas t ayeyi-kərimələrdə zikr olunan təzkiyə / təmizlənmə” ifadəsini təfsir edərkən belə qeyd edir: “Bu, insanın “lə iləhə illəllah!” deməsidir”[3] Çünki təzkiyənin ilk adımdı qəlbin küfr və şirkdən təmizlənməsidir.

      Kəlmeyi-tövbid “nəfy”lə başlayır. Yəni “lə iləhə” deyərək sanki qəlbdə bütləşən nəfsani həvəslər və çirkin xislətlər kənarlaşdırılır. Sonra “isbat” gəlir. Yəni “illəllah” deyərək ilahi nəzərgah olan qəlb Allah-Təalanın tövhid nurları ilə doldurulur.  

      Şair bu həqiqəti necə də gözəl ifadə edir:

      Sür çıxar əğyarı dildən, ta təcəlli edə Haqq,

      Padişah girməz saraya xanə məmur olmadan…

      Allahdan başqa nə varsa hamısını könül sarayından çıxar. Çünki gözəl və təmiz olmayan saraya padşah təşrif buyurmaz.

      Bu qəlbi təmizlikdən keçdikdən sonra isə ilahi əmr və qadağaları bəyan edən “Qurani-Kərimin təlimi” mərhələsi başlayır.

      Quranın təfəkküründə dərinləşə bilmək də bu qəlbi təmizliyə nail olmaqla mümkündür. Çünki Qurani-Kərim təmiz bir qəlb ilə oxunub idrak edilə bilər.

      Həzrət Osman t belə buyurur:

      “Əgər qəlbləriniz tərtəmiz olsaydı, Allahın kəlamından doymazdınız” (Əli əl-Müttəqi, II, 287/4022)

      Ona görə də daxili aləmin batil fikir və süfli duyğuların təsirindən qurtarılaraq səhih etiqad, yəni düzgün inanc və gözəl əxlaq ilə bəzədilməsi şərtdir. Məhz bütün bu mərhələlərdən sonra qul “hikmət” təcəllilərinə, yəni baş verən hadisələrin və əşyanın batini həqiqətlərinə, sirlərinə məzhər olmağa başlayar.

       

      FAYDASIZ ELM

      Ayeyi-kərimələrdə “təzkiyə” ilə “Kitab və hikmətin təlimi”nin birlikdə zikr edilməsi də diqqət çəkir. Bu, eyni zamanda təzkiyə olunmamış bir qəlblə həqiqi mənada elm təhsil etməyin mümkünsüzlüyünün, öyrənilən emlin isə sahibinə əbədi qurtuluş yolunda heç bir fayda verməyəcəyinin ifadəsidir.

      Buna görədir ki, Hz. Peyğəmbər r:

      “Allahım, fayda verməyən elmdən, titrəməyən qəlbdən, doymayan nəfsdən və qəbul olunmayacaq duadan Sənə sığınıram.” duasını etmişdir. (Müslim, Zikr, 73)

      Qəlbən mərhələ qət etməmiş bir insan nə qədər elm sahibi olsa da, xam qalmağa məhkumdur. O, bu xamlığı ilə oxuyub həkim olsa, insanlara şəfa bəxş edəcəyi yerdə nəfsani ehtiraslarının ram olaraq orqan qaçaqçılığı ilə məşğul olan insan qəssabına çevrilər. Hüquqçu olsa, ədalətin keşiyində durmalı olduğu halda, hansısa cinayət şəbəkəsi liderinə, yaxud zalım bir cəllada çevrilər.

      Çünki ehtirasların əsirinə çevrilən xam bir nəfs sahib olduğu elmi bayağı mənfəətlərə alət edər. Əldə etdiyi elmlə cahilin cəhaləti səbəbilə edə bilməyəcəyi zülmdən daha dəhşətlisinə səbəb olar. Yəni elm onları Haqqa yaxınlaşdırmalı olduğu halda daha da uzaqlaşdıran qəflət pərdəsinə çevrilər.

      Mövlana həzrətləri buyurur:

      “Bir çox alim var ki, irfandan nəsibi yoxdur. Elmi əzbərləyib onunla yoğsulsa da Allahın sevdiyi dostu ola bilməmişdir!”.

      Onu da unutmamaq lazımdır ki, bütün elmlər Allah-Təalanın kainata qoyduğu qaydaları öyrənməyə xidmət edir. Həqiqi elm isə o mərhələdə qalmayıb bir addım da ataraq həmin qaydaları qoyan uca qüdrəti tanımaq, beləliklə də ilahi sirr və hikmətlərə agah ola bilməkdir.

      Necə ki, Mövlana həzrətləri zahiri elmlərin zirvəsində olduğu, lakin hələ Haqqa yaxınlığın mənəvi həzzini dada bilmədiyi halını “xamdım”, könül iqlimində ilahi sir və hikmətlərə vaqif olmağa başlayaraq kainat kitabının səhifələrini vərəqlədiyi dövrünü “bişdim”, ilahi sirlərin hərarətindən qovrulub həqiqi eşqə nail olduğu mərifətullah mərhələsini də “yandım” sözləri ilə ifadə etmişdir. 

      Digər tərəfdən könlünü Quran və Sünnə ölçüləri ilə istiqamətləndirə bilməyən bir adamın elm təhsilində olduğu kimi heç bir əməlindən də fayda gəlməz. Həzrət Əlinin dediyi kimi:

      “Əyrinin kölgəsi də əyri olar”.

      İnsanın bütün hal və hərəkətləri daxili dünyasının üzə çıxmasıdır. Əyri xətkeşlə düz xətt çəkməyin imkansız olması kimi, qəlb aləmi şəffaf olmayan bir insandan da fəzilətli davranışlar gözləmək qeyri-mümkündür. Niyyəti qaranlıq olanların yolu işıqlı olmaz. Küpün içində nə varsa, çölünə də o sızar. Bulanıq könüldən təmiz hal və hərəkət zühur etməz.

      Əsil elm təhsili sadəcə məlumatları zehində toplamaq deyil. Emlin dünya və axrətdə insana fayda verməsi üçün mənəvi tərbiyə nəticəsində qəlbən səviyyə qazanması, vicdanının və əxlaqının kamilləşməsi zəruridir.

      Təsəvvüfün qayəsi də nəfsi təzkiyə edərək qəlbi həssasiyyətlərin inkişafına zəmin hazırlamaqdır. Çünki əsil elm və hikməti əldə edə bilmək üçün onun məkan tutacağı zəmin olan qəlbin ilk növbədə zərərli şeylərdən, hətta lüzumsuz və gərəksiz düşüncələrdən belə təsfiyə  olunması (təmizlənməsi) lazımdır.

      Məcəllənin bir qaydasında belə deyilir:

      “Dəfi-məfasid cəlbi-mənafidən əvladır”.

      Yəni pisliklərin uzaqlaşdırılması faydalı olanların qazanılmasından daha mühümdür. Necə ki, bir yaraya məlhəm qoyub sarımadan əvvəl mikrobu təmizlənir. Əks halda qoyulan məlhəm nə qədər mükəmməl də olsa, yara sağaılmaz.

       

      TƏXƏLLİ, TƏHƏLLİ, TƏCƏLLİ

      Təsəvvüfdəki mənəvi təkamül yolçuluğu bu cümlə ilə xülasə edilmişdir:

       

      « اَلتَّخَلِّي ثُمَّ التَّحَلِّي ثُمَّ التَّجَلِّي »

      Yəni mənəvi yolçuluq:

      - Əvvəlcə təxəlli / təxliyə, yəni daxili aləmi Allahdan uzaqlaşdıran hər şeydən – şirk, küfr, nifaq, riya, təkəbbür, ucüb, həsəd kimi mənəvi xəstəliklərdən təmizləmək.

      - Sonra təhəlli / həmhal olmaq, yəni insanı Rəbbinə sevdirəcək, ilahi məhəbbəti cəlb edəcək gözəl əxlaq və saleh əməllərlə təchiz olunmaq. Bunların başında isə fərzlərdən əlavə əda edilən nafilə ibadətlərlə comərdlik, mərhəmət, şəfqət, xidmət və fədakarlıq kimi əxlaqi keyfiyyətlər gəlir. 

      - Bütün bunların nəticəsində isə təcəllilərdən öz payına düşəni almaqdır. Yəni qəlbin riqqət də zəriflik qazanmasının ardından mərifətullah və məhəbbətullah zirvələrinə doğru məsafə qət etməkdir.

      Zira Allah-Təala Qurani-Kərimdə və kainatda sərgilədyi ilahi qüdrət və əzəmət təcəllilərinin sirr və hikmətlərini yalnız müsəffa qəlblərə, yəni mənən təmizlənmiş səlim qəlblərə ehsan edər.

       

      MÜRŞİDİ KAMİLLƏR…

      Allah-Təala bəşəriyyət üçün kamil insan modelini ən mükəmməl formada Hz. Peyğəmbərin şəxsində sərgiləmişdir. Ona görə də ən böyük rəhbərimiz, örnəyimiz və mürşidimiz şübhəsiz ki, Allah Rəsuludur.

      Bununla yanaşı Həzrət Peyğəmbərin üç vəzifəsindən biri olan ayələri oxuyub halal-haramları təbliğ etmək alimlər tərəfindən, nəfsləri təzkiyə, qəlbləri təsfiyə olan irşad vəzifəsi isə mürşidi-kamillər tərəfindən zəmanəmizə qədər gəlib çatmışdır.

      Həqiqi mürşidi-kamillər peyğəmbər varisi olan örnək şəxsiyyətlərdir. Nəbəvi irşad və davranış mükəmməlliyinin zamanlara yayılmış zirvələridir. Yəni onlar Həzrət Peyğəmbər r və əshabını görmək şərəfindən məhrum olanlar üçün nümunə götürüləcək “kamil insan modelləri”dirlər. Onların rəhmət dili ilə könülləri əhya edən irşad və nəsihətləri də əsasən nəbəvi mənbədən süzülüb gələn ruhaniyyət şəbnəmləri mahiyyətindədir.

      Mürşidi-kamillərin etdikləri xidmət peyğəmbərlərin təzkiyə vəzifəsinin ifası və davam etdirilməsi səyləridir. Bu mənada təsəvvüf də Həzrət Peyğəmbərə varis olmuş həqiqi tərbiyəçilərin əlində nəfsin təzkiyə, qəlbin təsfiyə edildiyi mənəvi bir məktəbdir. 

       

      SÜNNƏYƏ RİAYƏT HƏSSASLIĞI

      Həqiqi mürşidlərin ən mühüm xüsusiyyəti və özünəxaslığı Allah Rəsuluna olan müstəsna bağlılıq və itaətləridir. Onların ən çox önə çıxan vəsfi Qurani-Kərimə və onun canlı təfsiri olan Rəsulullah r -in sünnələrinə həssaslıqla riayət etmələri, sevənlərini də eyni həssaslıqla yetişdirmələridir.

      Nəticə etibarilə Sünnəyə riayət etməyən və ya bu xüsusda nöqsan və səhlənkarlıqları olan birinin kamil mürşid olması imkansızdır.

      Qeyd edəcəyimiz hadisə bu xüsusu necə də gözəl izah edir:

      Böyük mürşidi-kamillərdən Bəyazid Bistami həzrətləri bir gün insanlar arasında vəli kimi məşhur olan bir nəfəri görmək üçün müridləri ilə səfərə çıxır. Ziyarətinə getdikləri şəxsin evdən çıxıb məscidə gedərkən qiblə istiqamətinə tüpürdüyü görür. Bəyazid həzrətləri onun bu dərəcədə xam və laqeyd halını görüb hüznə qərq oldu, heç salam da vermədən dərhal geri qayıtdı. Tələbələrinə də belə dedi:

      “Bu şəxs Rəsulullah r -in öyrətdiyi ədəblərdən birinə riayət xüsusunda belə etibarsızdır. Allahın sirləri xüsusunda ona necə etibar etmək olar?!”[4]

      Həmçinin Bəyazid Bistami həzrətləri hər halını Rəsulullah r-in halıyla müqayisə edərdi. Allah Rəsulu onun üçün feli etalon idi. Mühüm nəsihətlərindən biri də belədir:

      “Kim Qurani-Kərim qiraətini və zöhd həyatını tərk etdiyi, camaatla namaza davam etmədiyi, cənazələrdə iştirak etmədiyi, xəstələri ziyarətə getmədiyi halda sufi olduğunu iddia edərsə, o adam yalnız bidətçidir”.[5]

      Yəni mürşid bir tərəfə, hər hansı bri mürid belə bu kimi sünnələrdən, yəni fərdi və ictimai qulluq vəzifələrindən uzaq qalırsa, onun yaşayışının təsəvvüflə heç bir əlaqəsi yoxdur.

      Təhəccüd namazı və səhər vaxtlarının əhyası da mühüm sünnələrdəndir. Rəsulullah r təhəccüd namazını uzun və məşəqqətli səfərlərində də olsa tərk etməmişdir. Ona görə də təsəvvüf əhlinin təhəccüd namazına və səhər vaxtlarına biganə qalmasını düşünmək qeyri-mümkündür. Necə ki, Bəyazid Bistami həzrətləri:

      “Gecələr gündüz olmadan heç bir sir mənə agah olmadı”,- buyurmuşdur.

      Həmçinin Bəyazid həzrətlərinin bu sözləri Sünneyi-Səniyyəyə riayət həssaslığına dair necə də gözəl ölçü qoyur:

      “Allah-Təaladan məni yemək-içmək və zövcə ehtiyacından qurtarmasını istəməyi düşünürdüm, sonra öz-özümə:

      “Rəsulullah r belə bir şey istəmədiyi halda mən Allahdan belə bir şeyi necə istəyə bilərəm, bu nə dərəcədə düzdür!”,- dedim və bu fikirdən daşındım”.[6]

      Deməli, zöhdtəqva adı altında Allah Rəsulunun sünnəsində olmayan hal və davranışlara dalan kəslərin ardınca getməmək lazımdır. Çünki bu kimi adamlar girdikləri ağır riyazət və mücahidə həyatı ilə özlərini sanki Allah Rəsulundan daha dindar və zahid göstərməyə çalışırlar ki, bu da yalnız böyük cürət, qəflət və azğınlıqdılr.

      Necə ki, ayeyi-kərimədə bu kimi hədsizlik və ədəbsizliklərdən çəkindirmək üçün belə buyurulur:

      “Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. ” (əl-Hucurat, 1)

      Unutmamaq lazımdır ki, Allaha ən yaxın qul olan Həzrət Peyğəmbər r hər xüsusda etidalı tövsiyə etmiş, özü də bunun canlı nümunəsi olmuşdur.

      Qeyd edəcəyimiz hadisə bu xüsusu necə də gözəl izah edir:

      Rəsulullah r bir gün əshabi-kirama qiyamət haqqında söhbət etmişdi. Onlar da çox təsirlənib ağladılar. Sonra onlardan on nəfər Osman bin Məzunun evinə yığışdılar. Məşvərət edərək bundna sonra dünyadan uzaqlaşmağa, özlərini kişilikdən məhrum etməyə, gündüzləri orucla, gecələri isə səhərə qədər ibadətlə keçirməyə, ət yeməməyə, xanımları ilə münasibəti azaltmağa, gözəl ətirdən istifadə etməməyə və yer üzündə gəzib dolaşmamağa qərar verdilər.

      Rəsulullah r bundan xəbər tutan kimi onlara xəbərdarlıq etdi, sonra əshabi-kiramı toplayıb belə buyurdu:

      “Bəzilərinə nə olur ki, xanımları ilə birlikdə olmağı, yeyib-içmək, gözəl ətirsən istifadə etmək, yatmaq və bu kimi halal olan dünya zövqlərini özlərinə haram edirlər? Əlbəttə ki, mən sizə keşiş və ruhban olmağı əmr etmirəm. Mənim dinimdə ət yeməyi tərk etmək, qadınlardan uzaqlaşmaq yoxdur. Tərki-dünyalıq edib monastırlara qapanmaq da yoxdur..[7] Ümmətimin səyahəti oruc, ruhbanlığı (təqvası) isə cihaddır.

      Allaha ibadət edin, Ona heç nəyi şərik qoşmayın, həcc və ümrə edin, namazlarınızı qılın, zəkatınızı verin, Ramazan orucunu tutun. Siz istiqamət üzrə olun ki, başqaları da elə olsun. Sizdən əvvəlki ümmətlər həddi aşdıqları üçün həlak oldular. Dini özlərinə çətinləşdirdilər, Allah da onlar üçün çətinləşdirdi. Bu gün kilsə və monastırlarda olanlar onların davamçılarıdır”.

      Bunun üzərinə ayeyi-kərimə nazil oldu:

      “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!” (əl-Maidə, 87 Bax. Vahidi, s. 207-208; Əli əl-Qari, əl-Mirqat, I, 182-183)

      Deməli, Allah Rəsulunun bəşəri həyata dair qoyduğu ölçülərdən kənara çıxan həyat tərzində xeyir yoxdur. Əksinə, bu, insan üçün müəyyən peoblemlərə səbəb ola bilər. Hüzursuzluq, stres, müvazinəti itirmə, əsəbilik və ya şəri olmayan yollara düşmək kimi…

      Bu nöqteyi-nəzərdən baxanda, ən doğru yol halal dairəsindəki təbii ehtiyaclarımızı sünnəyə uyğun təmin etməyə çalışmaqdır. Dinə xidmət və ya Allaha daha yaxın olmaq üçün haqlı görünən bəhanələrlə bəzi halaları özünə haram etmək əsla dindarlığın şərti kimi başa düşülməməlidir.

      Mömin hər şeydən əvvəl ən böyük rəhbərinin Allah Rəsulu r olduğunu unutmamalıdır. Onu yaxından tanımağa səy göstərməlidir. Hər halını Onun halı ilə müqayisə etməlidir. Bunu etdikdən sonra kimin Allah Rəsulunun yolunda olduğunu, kimin olmadığını, kimə tabe olub, kimə tabe olmamalı olduğunu anlaması çox asandır.

      Müfəssir Bursəvi bu haqda belə deyir:

      “Tabe olacaqsansa, peyğəmbərlərin öndəri Muhamməd r -ə tabe ol! O Muhamməd ki, Adəm u və ondan sonrakı bütün peyğəmbərlər və vəlilər bayrağı altındadır.

      Onun ümmətindən birinə tabe olmaq istədikdə isə kiməsə sırf camaat arasında məşhur, idarəçilər və sultanların yanında məqbul olduğu üçün tabe olma! Sənin edəcəyin iş əvvəlcə haqqı tanımaq, sonra insanları onunla götür-qoy etməkdir. Bu məsələdə Rəbbani emlin qapısı Həzrət Əli belə t deyir:

      “Haqqı (qafil) insanlar vasitəsilə tanıyan azğınlıq girdabında çırpınar. Bunun üçün əvvəlcə (Quran və Sünnədən) haqqı tanı, beləliklə haqq əhlini tanımış olarsan” (Ruhul-Bəyan, c. 6, səh. 370-371, Erkam Yayınları).

      Bu baxımdan həyat tərzində Quran və Sünnəyə riayət həssaslığına riayət etməyən kəslərə -xalq arasında mürşid kimi məşhurlaşmış olsalar da- etibar edilməməlidir. Onlardan kəşf, kəramət və fəzilətə bənzər hallar zühur etsə də ehtiyatla yanaşmaq lazımdır. Çünki belə qeyri-adiliklər çox vaxt kəramət və fəzilət yox, şeytanın tələsi və istidrac olur.[8]

      Cüneyd Bağdadi həzrətləri bu həqiqətə diqqət çəkərək belə buyurmuşdur:

      “Bir adamı havada uçan görsəniz, halı Kitab və Sünnəyə uyğun deyilsə, bu, (kəramət deyil) istidracdır”.

      Abdulxaliq Gücdivani həzrətləri də “fənayi-nəfs” mərtəbəsinə yalnız bir əlinə Qurani-Kərimi, digər əlinə isə hədisi-şərifləri alıb, bunların nuru ilə işıqlı yolda adımlayan kəslərin çata biləcəyini ifadə etmişdir.[9]

      Bir müridinə də belə nəsihət etmişdir:

      “Heç vaxt elm öyrənməkdən uzaq qalma! Fiqh və hədis emlini öyrən! Cahil sufilərdən uzaq dur, çünki onlar din yolunu zəiflədənlərdir… Sünneyi-Şərifədən möhkəm yapış və sələfi-salehin imamlarının yolu ilə get!..”.

       

      DİNİNİ KİMDƏN ÖYRƏNDİYİNƏ DİQQƏT ET!

      Rəsulullah r Abdullah bin Ömər v -yə belə buyurmuşdur:

      “Ey İbn Ömər, dinindən bərk yapış, dinindən bərk yapış! Çünki o həm ətin, həm də qanındır. Dinini kimdən öyrəndiyinə diqqət et! Dini elmləri və hökmləri istiqamət sahibi alimlərdən al, sağa-sola meyil edənlərdən olma!”.[10]

      Mömin ilk növbədə Quran və Sünnədən haqq və həqiqətin mahiyyətini öyrənməlidir. Sonra isə Quran və Sünnə ölçülərinə görə rəhbər qəbul edəcəyi kəsləri müəyyənləşdirib yenə Quran və Sünnə istiqamətində irəliləməyə çalışmalıdır. Zira Quran və Sünnəyə tabe olmayana həqiqi mürşidi-kamilin də faydası olmaz.

      Mövlana həzrətləri necə də gözəl buyurur:

      “Qurani-Kərim peyğəmbərlərin hal və vəsfləridir. Oxuyub həyatına tətbiq etsən, fərz et ki, peyğəmbər və vəlilərlə görüşmüsən! Quran oxuduğun halda əmrlərinə tabe olmazsan və Quran əxlaqı ilə əxlaqlanmazsan, peyğəmbər və vəliləri görməyindən nə fayda?..”.

      Allah-Təala hər birimizə Quran və Sünnə istiqamətində ömür sürməyi, sevdiklərinin yolunda adımlamağı və saleh bəndələri ilə həşr olunmağı nəsib etsin.

      Amin!..

       

       


      [1] Əttar, Təzkirətul-Övliya, s. 629.

      [2] Haraqani, Nurul-Ulum, s. 239.

      [3] Qurtubi, əl-Cami, XX, 22.

      [4] Quşeyri, Risalə, s. 57, 416-417.

      [5] Beyhəqi, Şuab, III, 305; İbnul-Cövzi, Təlbisu iblis, s. 151.

      [6] Quşeyri, e.a.ə, s. 57; Münavi, Feyzul-Qadir, VI, 108.

      [7] Təsəvvüfün təlqin etdiyi də məhz budur. Yəni kəsrətdə vəhdəti yaşaya bilmək, izdiham içində də qəlbən Allah-Təala ilə birlikdə ola bilməkdir.

      [8] İstidrac: Kəramətin ziddidir. Kafir, fasiq və yalandan şeyxlik iddiasında olan bəzi adamlardan zühur edən fövqəladə hallardır. Bunlar ilahi imtahandır və sahiblərini yavaş-yavaş həlaka sürükləyir.

      [9] Abdurrahman Cami, Nəfəxatül-Üns min Həzəratil-Qüds (thq. Mahmud Abidî), Tehran 1375 hş./1996, s. 384.

      [10] Xatib əl-Bağdadi, əl-Kifayə fi İlmir-Rivayə, əl-Mədinətül-Münəvvərə, əl-Məktəbətul-İlmiyyə, s. 121.

       

      • Hits: 1211 clicks

      Tecox component by www.teglo.info