Eldar Kərimov / ƏN BÖYÜK XƏZİNƏ

    PDF faylını alÇapE-poçt

      Share

         O, hələ maddi problemləri düşünə bilməyəcək qədər kiçik yaşda idi. Hər şey istəyir, amma heç nə istədiyi kimi olmurdu. Xəyallarında geyinmək istədiyi paltarlar, yemək istədiyi yeməklər elə xəyal olaraq da qalırdı. İstədiyini ala, aldığını da doya-doya istifadə edə bilmirdi. Düşündüyü və yaşamaq istədiyi dünya çox uzaqlarda görünürdü. 

         Dostlarının yaşadığı və haqqında danışdıqları maraqlı dünyanın heç adını belə eşitməmişdi. Evdə ailə üzvlərinin hər biri onun oxuması üçün bütün güclərini səfərbər etmişdilər. Ancaq ailənin çətinliklə qazanıb ona verdikləri birillik pul, onun məktəb yoldaşlarının bir günlük xərclərinə bərabər idi. Onu görənlərin diqqətində ilk olaraq geyindiyi paltarlarla seçilirdi.  Bir ayaqqabını ən azı iki, çox çətinliklə ailəsinin aldığı kostyumu isə ən azı üç il idiki geyinirdi. Üzərindəki paltarlar getdikcə köhnəlsə də beynindəki fikirlər gündən-günə yenilənir və gözəlləşirdi.

         O, sadəcə bir şeyə inanırdı; çalışan qazanar. Hələ ilk olaraq  çaılışdıqca müəllimlərin gözündə hörməti və gözəl qiymətləri qazanmışdı.  İllər tez vaxtda bir-birini əvəzləyirdi. Artıq universitet üçün verdiyi imtahanın nəticələrini gözləyirdi. Çox keçmədi ki, onun adı ən yüksək balla ən çox istədiyi universitetin tələbələrinin siyahısı arasında göründü.  Çalışqanlığının bəhrəsi yavaş-yavaş görünürdü. Hər zaman həyatlarına qibtə ilə baxdığı məktəb yoldaşlarının indi qibtə olunacaq halları yox idi. Hamısı onu təbrik edir, onun yerində olmaq istəyirdilər. Çalışqanlığının verdiyi uğurlar çətin günlərinin verdiyi acıları unutdurmuşdu. Universitetdə qazandığı uğurlar da onun həyatına başqa bir rəng qatmışdı. Sel kimi axıb gedən illər onun məşhur bir həkim olmasına şahidlik edirdi. Dünyanın dörd bir yanından insanlar onun yanına pənah gətirirdilər. İndi o kasıb insanların ümid yerinə çevrilmişdi. Özü yaşadığı həyatı düşünüb, o çətinlikləri yaşamamaları üçün aztəminatlı ailələrə yardım edirdi.  Bəlkə də yaşadığı çətin həyat onu bu uğura gəlməyə məcbur etmişdi. Amma yox, o bunu belə düşünmürdü. O, hər şeyin çalışmağının bəhrəsi olduğuna inanırdı. Sevə-sevə çalışmağı və daha çox sevdiyi üçün az sevdiklərini qurban verməyi öyrənmişdi. Hər zaman ümid etdiyi xoşbəxt həyatı indi başqalarına qazandırırdı.

         O Allahdan sonra, bütün uğurlarının qaynağını kasıb günlərində oxuduğu bu hekayəyə borclu idi: Bir vaxtlar Fars diyarında dul bir qadın varmış. Bu qadın, öləcəyini hiss etdiyi zaman yeganə oğlunu yanına çağıraraq ona: “Məni yaxşı dinlə övladım! Olduqca kasıb olduğumuzdan çox çətinlik çəkdik. Sənə bir kitab miras qoyuram. Bu kitabdakı təlimatları tətbiq etsən çox zəngin olacaqsan”,- deyir. Anası vəfat etdikdən sonra oğlu o kitabı oxumağa başlayır. Kitabın baş qismində “Xəzinəyə çatmaq üçün səhifələri atlamadan oxuyun. Əgər bir səhifəni belə oxumadan keçsəniz, xəzinəyə daxil ola bilməyəcəksiniz” yazılır. Kitabda ərəb dilində mətnlər olur. Gənc oğlan, başqalarının da bu sirri öyrənib xəzinəyə sahib olmalarından qorxduğu üçün mətni tərcümə etdirmək yerinə ərəb dilini öyrənməyə başlayır. Sonunda ərəb dilində olan bütün mətnləri mükəmməl şəkildə oxuyacaq hala gəlir. Lakin bir nöqtədən sonra kitab çin dilində davam edir. Sonra da başqa dillər gəlir. Gənc əzmlə və səbirlə bu dillərin hamısını öyrənir. Bir müddət sonra da paytaxtın yaxşı tərcüməçilərindən biri olur. Kitabın irəliləyən səhifələrində xəzinənin necə idarə ediləcəyinə dair təlimatlar yer alır.  Gənc bu səfər də iqtisadiyyat və ticarəti öyrənir, bundan başqa xəzinəni bir dəfə ələ keçirdikdən sonra aldanmamaq üçün qiymətli şeylərin dəyərini də təyin etməyi öyrənir. Çox dil bilən və maliyyədən yaxşı anlayan biri olaraq şöhrəti sultana qədər gedib çatır. Sultan onu dövlətinin ümumi qubernatoru təyin edir. Kitabın sonlarına doğru əsərdə daha texniki məlumatlar yer alır. Böyük daş qapılar açılarkən böyük daş kütlələr necə çıxardılır, yol tikintisində yolları düzəltmək üçün dolanbac yollar necə doldurulur və buna bənzər mövzular izah edilir. Bu sirləri heç kimsəylə paylaşmağı düşünməyən və dolayısı ilə heç kimdən kömək almayan o dul qadının oğlu, beləcə müdrik və sayılıb-seçilən bir adam olur. Daha sonra mühəndislik edir və şəhərin planlamasında çalışır. Nəhayət, mədəniyyətini və məlumatını çox təqdir edən sultan onu vəkili və sarayın memarı təyin edir. Elə bu minvalla sonunda vəzirliyə yüksəlir. Gənc nəticədə son səhifəyə gəlir. Bu son səhifəni oxuyacağı gün padşahın qızı ilə evlənir. Cavan son vərəqi çevirib bu son cümləni oxuyur: “Bilmək, elm və həqiqət ən böyük xəzinədir”.

      • Hits: 895 clicks

      Tecox component by www.teglo.info