Osman Nuri TOPBAŞ / HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Cəfəri-Sadiq (q.s) -5-

    PDF faylını alÇapE-poçt

      Share

           Cəfəri-Sadiq həzrətləri buyurur:

           “Heç vaxt kimisə əfv etdiyim üçün peşman olmaram! 

           Bu əfvə görə böyük zərər görsəm də, mənim üçün əfv etmək verdiyim bir cəzaya görə min dəfə peşman olmaqdan daha xoşdur”.[1]

           [Mömin rahatlqıla münasibət qurula bilən insandır. Nəyin bahasına olursa olsun, din qardaşları ilə xoş rəftar etməyə çalışan və asanlıqla münasibət qurulan insandır. Bir anlaşılmazlıq baş verdikdə “mən haqlıyam, sən haqsızsan” kimi mübahisələrə girmədən qardaşının xəta və qüsurlarını örtərək əfv etmə böyüklüyünü göstərə bilən kəsdir. Çünki din qardaşı ilə üç gündən artıq küsülü qalmağın halal olmadığını,[2] bir il davam edən küsülülüklərinsə qardaşının qanını tökmək qədər ağır günah olduğunu[3] bilən bir möminin başqa cür hərəkət etməsi düşünülməzdir.

           Lazım gələrsə Allah rizası üçün nəfsindən fədakarlıq edərək aranı düzəltmək iman və təqvanın gərəyidir. Necə ki, ayeyi-kərimələrdə belə buyurulur:

            “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”. (əl-Fussilət, 34)

           “…Əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!”. (əl-Ənfal, 1)

           “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!”. (əl-Hucurat, 10)

           Möminlərin xəlifəsi Həzrət Əlinin (r.a) Misir valisi Malik bin Haris əl-Əştərə göndərdiyi “Əmrnamə”də yer alan bu tövsiyələr əfv etmək xüsusunda gözlərimiz önündə necə də gözəl könül üfüqü sərgiləyir:

           “Əmrin altında olan və idarə etdiyin xalqa qarşı mərhəmət, məhəbbət və gözəl rəftarla qəlbini bəzə!..

           Əhali (insan olduqları üçün) xəta edə bilər. Qəsdən və ya səhvən bəzi yanlış adımlar ata bilərlər. Allahdan özün üçün əfv və bağışlanma dilədiyin kimi sən də onları bağışla və gözəl rəftar et. Əsla kimisə bağışladığın üçün peşman olma. Cəzalandırarkən də sevinmə!..”

           Buna rəğmən (hər məsələdə olduğu kimi) əfv və bağışlamada da ölçünü qaçırmamaq lazımdır. Fəzilət olan əfv xətasını anlayıb peşmanlıq çəkənə qarşı göstəriləndir. Xəta, üsyan və zülmdə inad edəni əfv etmək isə fəzilət deyil, əksinə, zəiflik və acizlikdir. Çünki xəta və səhvində israr edəni bağışlamaq onun həmin xətanı təkrarlamasına fürsət vermək sayılır.

           Mövlana həzrətlərinin ifadəsi ilə:

           “Ədalət meyvə ağaclarını, zülm isə tikanları sulamaqdır…”

           Həmçinin əfv və bağışlama əfv edəcək insanın şəxsinə qarşı işlənən cinayətlər üçün keçərlidir. Lakin elə günahlar və cinayətlər var ki, müqəddəslərə, milli dəyərlərə və cəmiyyətin hüququna təcavüz mahiyyəti daşıyır. Belə vəziyyətdə əfv etmək yerinə islah etmək üçün cəzaya əl atmaq, ədaləti bərqərar etmək və doğru ilə yanlışı açıq şəkildə ortaya qoymaq lazımdır. Çünki belə bir günahkar əfv olunarsa, daha böyük haqsızlıqlara yol açar və nəticə etibarilə də cəmiyyətə zülm olunar.

           Necə ki, Həzrət Aişə (r.a) anamız Allah Rəsulunun bu məsələdə necə rəftar etdiyini belə xəbər verir:

           “…Rəsulullah (s.ə.s) şəxsinə qarşı pislik edən adamdan (onu cəzalandırmağa qadir olduğu halda) intiqam almazdı. Lakin Allahın yasaqları tapdalayanları Allah adına cəzalandırardı” (Müslim, Fəzail, 79; Əbu Davud, Ədəb, 4)]

           Cəfəri-Sadiq həzrətləri buyurur:

           “Mömin qardaşın haqqında naxoş bir söz eşitsən, onun üçün birdən yetmişə qədər üzrlü səbəb axtar. Tapmasan, “bəlkə də mənim bilmədiyim və ya anlamadığım bir üzrü var”,- de, sonra da mövzunu bağla!”.[4]

           [İslam əxlaqı başqalarında qüsur axtarmaqdansa, əvvəlcə öz qüsurlarını görüb onları düzəltməyə çalışmağı tələb edir.

           Mömin din qardaşına qarşı daim xeyirxah olmalıdır. Yənin onun üçün hər zaman xeyir diləyib yaxşılığını istəməlidir. Nəfsi bir mübahisəyə girərək və ya həsədə qapılaraq özünü haqlı çıxarmaq üçün qardaşının xəta işləməsini gözləmək kimi çirkin xasiyyətdən həssas ölçüdə uzaq olmalıdır.

           Necə ki, Allah Rəsulu (s.ə.s):

           “Müsəlman qardaşının başına gələn fəlakəti sevinclə qarşılama! Allah-Təala rəhmətiylə onu fəlakətdən qurtarıb səni imtahan edər”,- buyurmuşdur (Tirmizi, Qiyamət, 54)

           Figər tərəfdən mömin adam bir din qardaşının səhvini gördükdə dərhal sui-zənnə qapılmamalı, tələsərək yanlış bir hökm verməməlidir. Ehtiyatla hrəəkət edərək əvvəlcə onun bu hərəkətinin məqbul bir üzrü olub-olmadığına baxmalıdır. Zira ona hüsnü-zənn bəsləmək və xoş gözlə baxmaq İslamın təlqin etdiyi qardaşlıq ədəbindəndir.

           Allah-Təala ayeyi-kərimədə buyurur: “…(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın!..” (əl-Hucurat, 12). Bununla da möminlərə din qardaşlarının gizli və məhrəm olan xəta, qüsur və eyiblərini araşdırmağı qadağan edir.

           Hətta İslam əxlaqına görə, bir möminin yalnız şəxsi ilə əlaqəli və ümuma zərəri toxunmayan eyib və qüsurlarına vaqif olduqda onları örtüb gizlətmək və münasib bir dillə xəbərdarlıq etmək mühüm qardaşlıq vəzifəsidir.

           Bu hadisə sözünü etdiyimiz həqiqəti necə də gözəl ifadə edir:

           Həzrət Ömər (r.a) bir gecə Mədinə küçələrində gəzərək şəhəri təftiş edirdi. Evində mahnı oxuyan bir nəfərin səsini eşitdi. Divardan keçib yanına gələndə həmin adamın yanında bir cariyə və içli olduğunu gördü. Ona:

           “- Ey Allahın düşməni, sən Allaha üsyan edərkən Onun işlədiyin günahı örtəcəyini zənn edirdin?”,- deyə hiddətlə sual verdi.

           Həmin adam bu cavabı verdi:

           “- Ey möminlərin əmiri, mənə qəzəblənməyə tələsmə! Mən Allaha qarşı bir dəfə üsyan etmişəmsə, sən üç dəfə asi olmusan:

           Birincisi, Allah-Təala “…(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın!..” buyurur (əl-Hucurat, 12), sən günahımı araşdırdım.

           İkincisi, Allah-Təala “Evlərinizə arxa tərəfdən girməniz yaxşı iş deyildir”,- buyurur (əl-Bəqərə, 189), sən divarı aşıb mənə basqın etdin və evin arxasında izinsiz girdin.

           Üçüncüsü də odur ki, Allah-Təala Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin”,- buyurur (ən-Nur, 27), sən isə salam vermədən girdin!”.

           Həzrət Ömər (r.a):

           “- Səni əfv etsəm, bu halını düzəldərsənmi?”,- deyə soruşdu.

           O:

           “- Vallahi bəli, ey möminlərin əmiri! Əgər məni bağışlasan, əsla bir daha belə günah işlərə əl atmaram!”,- dedi.

           Həzrət Ömər (r.a) da onu əfv etdi və evdən çıxıb getdi.[5]

           Rəsulullah (s.ə.s) hədisi-şəriflərində belə buyurmuşdur:

           “Kim yoldaşının eyibini örtərsə, Allah da qiyamət günü onun eyibini örtər. Kim müsəlman qardaşının eyibini üzə çıxarsa, Alalh da onun eyibini üzə çıxardar. Hətta evinin içində də olsa, onu eyibləri ilə rəzil edər” (İbn Macə, Hüdud, 5)

           “Kim bir qardaşını (tövbə etdiyi) günahı səbəbilə ayıblayarsa, o günahı işləmədən ölməz” (Tirmizi, Qiyamət, 53/2505)

           Gözəl əxlaqı tamamlamaq üçün göndərilən Hz. Peyğəmbər (s.ə.s) heç kimin açığa çıxmayan eyib və qüsurları ilə məşğul olmadığı kimi, bu kimi halların araşdırılmasını da şiddətlə qadağan edərdi. Hətta o Rəhmət Peyğəmbəri heç kimin üzünə eyibini araşdırırmış kimi diqqətlə baxmazdı.

           Möminin də vəzifəsi din qardaşlarına qarşı gözünü və könlünü eyib axtarmaqdan qoruyub əvvəlcə öz daxili dünyasını mənəvi xəstəliklərdən təmizləməklə məşğul olmaqdır.

           Onu da yaddan çxarmamaq lazımdır ki, Allahın sifətlərindən biri də “Səttarul-Uyub”, yəni eyib və qüsurları gizləyəndir. Ona görə həqiqi bir möminin də ilahi əxlaqdan maksimum dərəcədə nümunə götürməsi lazımdır.

           Ayeyi-kərimələrdə buyurulur:

           “Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir…(ən-Nur, 19)

           “Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!..” (ən-Nisa, 148)

           Bir din qardaşımızın şəxsinə aid eyib və qüsurunu ifşa etmək onun xətasını daha da sahiblənərək, səhvini müdafiə etməsinə, bununla da tövbə qapısından və halını islah yolundan tamamən uzaqlaşmasına səbəb ola bilər. Ona görə də ən düzgün hərəkət din qardaşımızı təcrid edib xəta və qüsurları ilə baş-başa qoymaqdansa, ona islahedici üslubla yanaşmaqdır. Hikmətli sözlərlə, gözəl nəsihətlərlə və münasib bir dillə xəbərdarlıq etməkdir. Bu, eyni zamanda Xaliqin şəfqət və mərhəmət nəzəri ilə məxluqata baxış tərzinin ali ruhlardakı təzahürüdür.

           Çünki kamil bir mömin günahkara deyil, günaha düşməndir. Ona görə də günaha olan nifrətini günahkara sirayət etdirməz. Əksinə, günahkarı o günahdan qorunmaqdan aciz, yaralı bir quş kimi mərhəmətə möhtac görər. Onu nifrət və həqarətlə təcrid etmək yerinə, alçaltmadan, nəzakətli üslubla xəbərdar etməli və irşada çalışar. O, qardaşını düşdüyü günah çuxurundan qurtarıb təmzi həyata qovuşdurmaq üçün ona yardım əlini uzadar. Əfv və təbəssümlə könlünü almağa cəhd edər.

           Xəta və günaha sürüklənmiş din qardaşlarımıza necə yaxınlaşmalı olduğumuz xüsusunda Yezid bin Əsamın nəql etdiyi bu hadisə necə də gözəl bir misaldır:

           Şam əhalisi arasında gülcü-qüvvətli və nüfuzlu bir adam vardı. Hərdən Həzrət Ömərin yanına gəlirdi. Bir ara Hz. Ömer (r.a)onu görmədi. Ətrafındakılara:

           “- Filankəs nə işlə məşğuldur, uzun zamandır görünmür?”,- dedi.

           “- Ey möminlərin əmiri, o içkiyə qurşandı”,- dediler.

           Həzrət Ömər katibini çağıraraq:

           “- Yaz!”,- dedi, “Ömər bin Xəttabdan filankəsə! Salam olsun sənə! Özündən başqa ilah olmayan, günahları bağışlayan, tövbələri qəbul edən, əzabı şiddətli və kərəmi bol olan Allaha həmd edirəm. Ondan başqa heç bir ilah yoxdur. Dönüş Onadır”.

           Həzrət Ömər (r.a) məktubu yazdırdıqdan sonra yanındakılara:

           “- Allaha yönəlməsi və Allahın da tövbəsini qəbul etməsi üçün qardaşınıza dua edin!”,- buyurdu.

           Həmin adam Həzrət Ömərin məktubunda zikr etdiyi  Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allah)…” (əl-Mumin, 3) ayəsini dəfələrlə oxudu və:

           “- Allah məni həm əzabıyla qorxutmuş, həm də günahlarımı bağışlayacağını vəd etmiş”,- deyərək ağladı və tövbə etdi.

           Həzrət Ömər (r.a) onun tövbə etdiyini öyrəndikdə:

           “- Bir qardaşınızın yoldan çıxdığını, günaha düşdüyünü gördükdə onu düz yola gətirməyə, Allahın əfvindən ümidvar olmasını təmin etməyə çalışın. Allahın ona tövbə qismət etməsi üçün dua edin. Ona bəd-dua edərək şeytana yardımçı olmayın”,- dedi. (İbn Kəsir, Təfsir, IV, 76)]

           Cəfəri-Sadiq həzrətləri buyurur:

           “Əvvəli qorxu, sonu üzrxahlıq olan günah insanı Haqqa yaxınlaşdırır. Əvvəli arxayınlıq, sonu lovğalıq olan ibadət də insanı Haqq-Təaladan uzaqlaşdırır. Özündənrazı itaətkar əslində asidir. Üzr istəyən asi də əslində itaətkardır”.[6]

           [Şeytan Allahın əmrinə etiraz edib Ona qarşı üsyan etdikdə təkəbbür və ənaniyyətin əsirinə çevrilib xətasında israr etdi və inadkarlığının qurbanı oldu. Beləliklə də Allahın lənətinə düçar oldu.

           Həzrət Adəm (ə.s) ilə Həzrət Həvva anamız isə şeytana uyub Allahın qadağan etdiyi ağacın meyvəsindən dadaraq insan nəslinin ilk günahını işlədilər. Lakin onlar şeytanın etdiyi kimi bəhanələr gətirərək günahlarını örtbasdır etmədilər, səmimi qəlblə həqiqəti etiraf etdilər.

           “(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər.” (əl-Əraf, 23)

           Xətadan dönmə fəziləti sərgiləyib peşmanlıq və utanc içində Allahın rəhmət və məğfirətinə sığındılar. Səmimi göz yaşları ilə etdikləri tövbə-istiğfarları Allah tərəfindən qəbul olunduqdan sonra ilahi lütfə nail oldular. Beləliklə qiyamətə qədər nəsillərindən gələcək insanlara günah çuxuruna düşməkdən qoruna bilmədikləri zaman necə xilas olacaqlarına dair gözəl nümunə oldular.

           Nəfs və şeytan kimi iki böyük düşmənlə imtahan aləminə göndərilən Adəm oğlunun (insan olduğu üçün) xətadan və unutqanlıqdan tamamilə uxaq qalması mümkün deyil. Əsas məsələ hər hansı bir günaha sürükləndikdə bağışlayan Rəbbin olduğunu unutmamaq, Onun rəhmətindən ümid kəsmədən günahın bağışlanması üçün dua etmək və işlənən xətanı düzəltməyə çalışmaqdır.

           Günahına peşman olaraq Nasuh tövbə edib səmimi göz yaşları tökən elə günahkarlar var ki, Allahın vəli qullarına çevrilmişlər. Bunun əksinə, özünü cənnətlik görən elə abidlər də var ki, əməllərinə arxayınlıqları Allahın rəhmətinə olan ümidlərini keçəcək nöqtəyə gəldiyi üçün ilahi qəzəbə düçar olmuşlar.

           Elə xor görülən günahkarlar var ki, günü gəldikdə tövbə ilə təmizlənmiş və onu xor görənlərdən daha yüksək dərəcələrə çatmışdır. Bunun əksinə, zöhd və təqva üzrə yaşayan elə abidlər də var ki, nəfs və şeytanın haqq kimi görünən tələlərinə düşərək axirətlərini məhv etmişlər… Son nəfəsi imanla vermək xüsusunda peyğəmbərlər və onların müjdələdikləri insanlar xaric heç kimin əlində zəmanəti yoxdur.

           Rəsulullahın (s.ə.s) xəbər verdiyi bu hadisə necə də ibrətlidir:

           “Bir nəfər:

           “- Vallah, Allah filankəsi bağışlamayacaq”,- deyərək qəti söz söylədi.

           Allah-Təala isə:

           “- Filan adamı bağışlamayacağıma and içən kimdir? Mən onu bağışladım, sənin əməlini isə puç etdim!”,- buyurdu.” (Müslim, Birr, 137)

           Deməli, yalnız Allahın biləcəyi mövzularda danışarkən hədsiz dərəcə diqqətli olmalı, həddi aşan bir söz söyləməkdən uzaq durmalıyıq. Unutmayaq ki, dünyadakı qulluq imtahanını kimin necə bitirəcəyi yalnız Allah-Təalaya məlumdur. Ona görə kamil mömin:

           - gözəl halına və əməllərinə baxıb əsla arxayın olmaz,

           - aqibətindən əmin olaraq lovğalıq etməz,

           - xəta və qüsurlarına görə insanları xor görərək, dolayı yolla özünü yüksək tutacaq hərəkətlər sərgiləməz…

           Rəsulullahın (s.ə.s) xəbər verdiyi bu hadisə də mövzu ilə bağlı mühüm xəbərdarlıq mahiyyətindədir:

           “İsrail oğulları arasında bir-birinin ziddi olan iki nəfər vardı: biri günahkar idi, digəri isə ibadət əhli. Abid olan digərini günah işləyərkən görər və: “bu əməlindən əl çək”,- deyərdi. Bir gün yenə onu günah işləyərkən gördü və “bu işdən əl çək”,- dedi. Digəri isə:

           “- Məni Allahla baş-başa qoy. Sən başıma müfəttişsənmi?”,- dedi. Abid adam:

           “- Vallahi, Allah səni bağışlamaz” və ya “Allah səni cənnətinə qoymaz”,- dedi. Bunun üzərinə Allah hər ikisinin canını aldı. Onlar aləmlərin Rəbbinin hüzuruna gəldilər. Allah-Təala ibadət əhli olana:

           “- Sən Mənim əlimdəkinə qadirsən?”,- dedi. Sonra günahkara:

           “- Get rəhmətimlə cənnətə gir”,- buyurdu, digəri üçünsə

           “- Bunu cəhənnəmə atın”,- deyə əmr etdi”.

           Əbu Hüreyrə (r.a) deyir ki:

           “(Zavallı adam Allahın qəzəbinə toxunan münasibətsiz) bir söz söylədi və bu söz dünyasını da, axirətini də məhv etdi” (Əbu Davud, Ədəb, 43/4901)

           Deməli, kimin necə olacağını və qəlblərdə gizli olanı yalnız Allah bilir. Bizim borcumuz ilk növbədə öz xətalarımızla məşğul olaraq tövbə-istiğfara sarılmaqdır. Bir sözlə, bu fani dünyada minalanmış ərazidə gəzən adamlar kimi hər halımıza diqqət etməliyik.

           Onu da unutmayaq ki, özümüzdə olduğunu düşündüyümüz gözəl vəsflərdən daha üstünü heç təxmin etmədiyimiz adamlarda ola bilər. Ona görə də Allahın bəndələrini xəfifə almaq, xor görmək əslində özümüzü kiçildən çirkin bir hərəkətdir.

           Bir sözlə möminin Allahın yaratdığı bir bəndəni, hətta heyvanları belə xor görməkdən diqqətlə uzaq durması lazımdır.

           Necə ki, Həzrət Nuh (ə.s) yaralı bir köpəyə baxmaqdan imtina edərək başını çevirdiyi üçün:

           “- Ey Nuh! Məni eyiblə ittiham etdin? Onu Mən yarattım!”,- deyə xəbərdarlığa məruz qalmışdı. Yaradandan ötrü heyvanlara belə bu qədər dərin həssaslıqla yanaşmaq lazımdırsa, insanları xor görüb incitməyin nə qədər böyük xəta olduğu daha asan anlaşılır.

           Xülasə, mömin saleh əməllərinə və həyat tərzinin düzgün olmasına baxaraq lovğalanmamalı, özünü xilas olmuş zənn etməməlidir. Əksinə, səhv əməllərindən dərhal əl çəkib, istiğfar halını qorumalıdır.

           Allah-Təala ayeyi-kərimədə:

            “Sənə yəqin (ölüm) gələnə qədər Rəbbinə qulluq et!” (əl-Hicr, 99) buyuraraq, son nəfəsimizə qədər xovf və rica, yəni qorxu və ümid duyğuları arasında qulluq etməmizi istəyir. Hədisi-şərifdə buyurulduğu kimi:

           “Necə yaşasanız elə ölərsiniz, necə ölsəniz, o cür də həşr olunarsınız” (Münavi, Feyzul-Qədir, V, 663)

           Bununla yanaşı, bu ümumi həqiqətin bəzi istisnalarının da ola biləcəyini heç vaxt göz ardı etməməliyik. Çünki Quran və Peyğəmbərimiz istiqamət üzrə həyat yaşayıb, cənnətə bir qarış qalmış əbədi səadəti əldən verənləri, bunun müqabilində istiqamətdən uzaq yaşadığı halda, cəhənnəmə bir qarış qalmış qazananları xəbər verir.

           Onu da unutmayaq ki, Allahın rəhməti də, qəzəbi də bəzən kiçik, bəzən orta, bəzənsə böyük bir əməldə təcəlli edə bilər. Ona görə kiçik bir günahdan da böyük həssaslıqla çəkinməliyik. Ən kiçik bir xeyir işi də böyük qənimət bilərək ifa etməyə çalışmalıyıq.]

           Allah-Təala qəlblərimizi rizası ilə birləşdirsin. Hər birimizi razı qaldığı əməllərə nail etsin. Lütf və kərəmi ilə aqibətimizi xeyir eyləsin!

           Amin…


      [1] İbn Əbdilbərr, Ədəbul-Mücaləsə, s. 116.

      [2] Bax. Əbu Davud, Ədəb, 47/4912.

      [3] Bax. Əbu Davud, Ədəb, 47/4915.

      [4] Hani, əl-Hədaiq, s. 132.

      [5] Haraiti, Məkərimul-Əhlaq, Qahirə: Darul-Afak, 1419, s. 152.

      [6] Əttar, Təzkirə, s. 55.

       

      • Hits: 1337 clicks

      Tecox component by www.teglo.info