155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Səfa MURADOV / BİR HƏDİS

    PDF faylını alÇapE-poçt

      Share

      قَالَ رَسُولُ الله صَلَّى اللهُ عَلَيْهِ وَ سَلَّمَ : فَاتَّقُوا اللَّهَ فِي النِّسَاءِ، فَإِنَّكُمْ أَخَذْتُمُوهُنَّ بِأَمَانَةِ اللَّهِ

             Rəsulullah (s.ə.s) belə buyurmuşdur: Qadınlarınız barəsində Allahdan qorxun. Çünki siz onları Allahın əmanəti olaraq aldınız”  (Müslim, Həcc, 19; Əbu Davud, Mənasik, 56)

         Hər bir cəmiyyətin təməli ailə vasitəsilə qurulur. Güclü, hər cəhətdən inkişaf etmiş sağlam cəmiyyətlər sağlam ailələrin məhsuludur. Elə bu səbəblədir ki, dinimiz ailə yuvasının sarsılmaz əsaslar üzərində qurulması üçün müəyyən nüanslara işarə etmişdir. Qadın və kişi, valideyin və övladlar, ailə fərdlərinin qohum-əqrəba ilə olan münasibətləri bu qəbildən sayıla bilər. Qadın və kişi ailənin əsasını təşkil etdikləri üçün onların münasibətləri üzərində müəyyən məqamlara işarə etmək lazımdır. 

         Qeyd edilən hədisi-şərif Rəsulullahın (s.ə.s) Vida xütbəsində ümmətinə tövsiyə etdiyi əsas mövzulardan birini əhatə etməkdədir. Allah Rəsulunun (s.ə.s) son tövsiyəsi olan bu hədisdə kişilərin xanımlarına hansı nöqteyi-nəzərdən baxmaları və onlara qarşı necə münasibət göstərmələrinə dair önəmli dərslər vardır. “Qadınlarınız üçün Allahdan qorxun!”- deyə buyuran Allah Rəsulu (s.ə.s) kişilərin qadınlara qarşı münasibətlərini Allahın razı qalacağı şəkildə tənzimləmələrini bildirmişdir. Çünki Allah-Təala Qurani-Kərimdə: “Qadınlarınıza qarşı gözəl rəftar edin!” (Nisa 4/19) buyurmuşdur. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, ailə daxilində kişinin xanımına qarşı Allahın buyurduğu şəkildə rəftar göstərməməsi, Allah və Rəsulunun bir əmri olduğu üçün bu əmrə itaətsizlik insanı bəlaya düçar edər. Çünki qadınlar Allahın kişilərə həvalə etdiyi bir əmanətdir. Əmanətə sahib çıxmaq, onu qorumaq və sahibinə hər hansı bir zərər toxundurmadan təslim etmək əmanətçinin etibarlılığını və dəyərini ortaya qoymaqdadır. Qadınlar da Allahın bir əmanəti olduqlarına görə kişilərin onlara qarşı münasibətləri əslində onların Allahın dərgahındakı dəyərlərinin göstəricisidir.

         Rəsulullahın (s.ə.s) gətirdiyi bu yeni nizam ilə bərabər qadınlar haqqında o günə qədər mövcud olan baxış tərzi tarixin qara səhifələrinə insanlığın utanc sətirləri olaraq həkk olunmuşdur. Çünki bəşəriyyətin iftixarı olan Allah Rəsulu (s.ə.s) qadını bir əşya olmaqdan çıxararaq, layiq olduğu dəyərli bir insan məqamına yerləşdirmişdir. İnsanlar arasındakı üstünlüyün irqə, rəngə, cinsə görə deyil, Allaha olan yaxınlığa görə ölçüldüyünü bəyan etmişdir. O, ailəsinə qarşı ən yaxşı münasibət göstərən kimsənin özü olduğunu bəyan edərək, əməlləri ilə də bunu təkid etmişdir. “Sizin ən xeyirliniz xanımlana qarşı gözəl davranandır” (İbn Macə, Nikah, 50) buyuran Rəsulullah (s.ə.s) xanımları ilə olan münasibətində insanlıq üçün nümunəvi bir örnək olmuşdur.

         Qadınların haqq və hüquqlarının pozulmaması və onlara gözəl rəftar olunması mövzusu üzərində Rəsulullahın (s.ə.s) bu qədər ciddi və təkidlə durması İslamın qadına baxış tərzini ortaya qoyan ən önəmli amillərdəndir. Günümüzdə qadın haqlarının müdafiəçisi adıyla ortaya çıxan müəyyən cərəyanların bu mövzuda İslami prinsipləri əsas qəbul etmələri ən doğru və ən ideal yol olacaqdır.

      • Hits: 1017 clicks

      Tecox component by www.teglo.info