İntizar MÜRSƏLOV / YURDUMUZUN TARİXİNDƏN SƏHİFƏLƏR

    PDF faylını alÇapE-poçt

      Share

         Deyirlər ki, keçmişini bilməyən gələcəyini qura bilməz. Əsrlər boyu tarixdə baş verən hadisələri şifahi də olsa qədirbilən xalq nəsildən-nəsilə ötürməyi bacarmışdır. Tarixin elə hadisələri olub keçmişdir ki, onlar haqqında nə qədər də deyilsə tükənməz.  1918-ci ildə Müstəqil Azərbaycan dövlətinə qarşı rus bolşevizmi hərtərəfli təcavüzə və daşnak erməni birləşmələrini irəli verərək qırğınlar törətməyə başladılar. Demək olar ki, bu qırğınlar Azərbaycanın bütün bölgələrində törədilirdi. Bu qırğınların qarşısını almaqdan ötrü, qeyrətli azərbaycanlılar ayağa qalxdılar. 

         Müstəqillik uğrunda çarpışan oğullarımızın köməyinə qardaş Türkiyədən gələn ən səriştəli sərkərdələrin əvəzsiz rolu danılmazdır. Tarixdən də bizə məlumdur ki, Qafqaz İslam Ordusunu yaranması 1918-ci ilin əvvəllərində reallaşmağa başladı. Azərbaycanda bolşevik daşnak rejiminin türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımın qarşısını almaq məqsədi ilə Osmanlı dövlətindən Azərbaycana yardım üçün müraciət ediləndən sonra Qafqaz İslam ordusu yaranması qərara alındı və Türkiyənin Hərbi Naziri Ənvər Paşa Azərbaycana yardım göstərdi. Göndərilən xeyli zabitin komandanlığı Nuru Paşaya tapşırıldı.

         Türkiyəli qardaşların azadlıq missiyası təkcə Bakı şəhərində məhdudlaşmamış, hətta cümhuriyyət hökuməti 1920-ci ilin aprel işğalından sonra da sovetlərə qarşı ciddi müqavimətin təşkili işində uğurla davam etdirilmişdir. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş ilk müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin yerlərdə, o cümlədən Azərbaycanın dilbər güşələrindən sayılan cənub bölgəsi olan Lənkəran-Astarada da müdafiəçiləri çox olmuşdur. Həmin illərdə bölgədəki evlər yandırılır, əhaliyə divan tutulurdu. Əhalinin müraciətindən sonra cənuba gəlmiş türk sərkərdələrindən Camal Paşnın (Yusif Camal bəyin) mərdliyi unudulmazdır. Astaranın Pensər kəndi (qədimdə Butəsər adıyla məşhur olan) Lənkəran ilə Astaranı özünə birləşdirən kənddir. Məhz buna görə də Camal paşa bu kənddə qərərgah qurub, XI Rus Ordusunun əsgərlərinə qarşı vuruşurdu. Türkiyənin İstanbul şəhərində təhsil almış, dövrünün xeyriyyəçi, maarifpərvər insanlarından olan Hacı Osman Əfəndi türk zabitinə bələdçilik etmiş, son nəfəsinə kimi onunla birlikdə mübarizə aparmışdır. Bölgənin müxtəlif məntəqələrinə Sovet qüvvələri Xəzər dənizindən zərbələr endirir və dənizdən sahilə çıxmağa cəhd göstərirdi, yerli əhali isə mərd sərkərdəyə bel bağlamışdı... Əzmkar, şücaətli Camal Paşa və silahdaş dostu olan Hacı Osman namərdlərin satqınlığı nəticəsində Pensər kəndindən 2-3 km aralıqda yerləşən Kolatan kəndi deyilən ərazidə düşmənin qurduğu hədəflə top atəşinə tuş gəlirlər. Yaralı halda qan içində olan Camal Paşa qırmacını qaldıraraq özünün son sözünü belə deyir: “Mən dedim ki, kafirin gülləsi mənə dəyməz. Bizi öz içimizdən olan namərdlər satdı”. Dostu olan Hacı Osman isə son vəsiyyətində belə deyirdi: “Bizi atamın kəndimizdə tikdirdiyi məscidin həyətində dəfn edərsiniz”. Həqiqətən, hər ikisini kənddəki Hacı Teymur adına məscidin həyətində dəfn ediblər. Sovet dövründə Camal Paşa və Hacı Osman barədə çox mənfi fikirlər söylənilmişdir. Bu da hakimiyyətin tələbi idi.

         Həmin səpkidə yazılmış bir məqalədən sətirlər: “Pensər kəndi  üçün 1919-cu ilin payızı və 1920-ci ilin əvvəli son dərəcə mürəkkəb bir dövrdür. Bu elə bir dövrdür ki, Lənkəran qəzasında və Astarada Sovet hakimiyyəti qurulması uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Bandit dəstələri, əksinqilabçılar əhalini qarət edir, sovetlərə müqavimət göstərirdilər. Türkiyəli Camal Paşa böyük quldur dəstəsi ilə Astaraya soxulmuş, Pensər kəndini tutub oranı özünə iqamətgah etmişdi. Pensərli Hacı Osman da quldur dəstələriylə bu yerlərdə at oynatmış, kəndi çapıb talamışlar, yerli əhali isə var-yoxunu atıb meşələrə, dağlara qaçmışdır... 1920-ci ilin yazında may günlərinin birində bu yerlərdə də Sovet hakimiyyəti yaradıldı. Zülmə, istibdada əbədi son qoyuldu, yeni həyat başladı”. Bəli, bu yerlərdə Camal Paşa və Hacı Osman kimi mərd oğullar at oynatmış, rus ordusuna qarşı mübarizə aparmışlar, amma əsla və əsla deyildiyi kimi xalqı talamamış, kəndlərə divan tutmamışlar.

         Çox yaxşı yadımdadır qonşu Telman kəndində yaşayan molla Rəhim adında bir ruhani var idi (1875-2000). Rayonumuzun ən uzun ömürlülərindən biri olmuşdur. O, qonşu kəndlərdəki dini ayinləri də icra edərdi. Nə vaxt kəndimizə yas mərasiminə gətiriləndə keçmişdən mənə babam Hacı Osman haqqında gözəl xatirələri söyləyərdi. O, Camal Paşa ilə Hacı Osmanın dəfninin şahidlərindən biri olmuşdu. Bəli, qardaş və dost ölkədən Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparmağa gəlmiş, öz canını dost yolunda fəda etmiş Camal Paşanın (Yusif Camal bəyin) Astara rayon Pensər kəndindəki Hacı Teymur məscidinin həyətində dəfn olunması tarixi bir gerçəklikdir. Camal Paşanın qəbirüstü başdaşı indiyədək qalmaqdadır. Daşın üzərində sərkərdənin surəti və Türkiyənin bir neçə rəmzləri həkk olunub.  Daş köhnə olduğundan ovulmaq üzrədir. Əslində Camal Paşa buralarda qərib deyildir. Uyuduğu torpaq bir inanc yeri, ziyarətgahdır. 

      • Hits: 1049 clicks

      Tecox component by www.teglo.info