Belə məclislərin keçirilməsində əsas məqsəd həyat və yaradıcılıqlarını dövlətimizin və millətimizin mənafeyinə həsr etmiş insanlara minnətdarlıq etmək, həyatda öz sözünü deyən tanınmış insanların şərəfli həyat yolları ilə gənc nəsli yaxından tanış edib, onların adlarını gənc nəslin hafizəsində əbədiləşdirməkdir.
Qeyd edək ki, İrfan Məclisinin ilk mövzusu Azərbaycanın və Türk dünyasının tanınmış şairi Məmməd Aslanın həyat və yaradıcılığına həsr edilmişdir. Jurnalın redaktoru Nurlan Məmmədzadənin açılışını etdiyi bu məclisdə tanınmış xalq şairləri və yazıçılarla birgə kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən digər tanınmış qonaqlar iştirak etmişlər. Tədbirdə xalq şairi Zəlimxan Yaqub, Aşıq Ədalət, Aşıq Elbrus, Gəncliyə Yardım Fondunun nümayəndəsi Ali Çınar və digər qonaqlar öz gözəl çıxışları ilə Azərbaycanın və Türk dünyasının tanınmış şairi Məmməd Aslanı bu gün münasibəti ilə təbrik etdilər. Şairin ömür yolundan bəhs edən slayd və fotoxronikanın da göstərildiyi tədbirin sonunda səbəbkar qonaqlarla birlikdə xatirə şəkilləri də çəkdirdi. Ümid edirik ki, şair Məmməd Aslan hələ bu xalq üçün çox yaşayacaq və gözəl əsərlər ərsəyə gətirəcəkdir.