Nürəddin RÜSTƏMOV\ EŞQ SULTANI MÖVLANA CƏLALƏDDİN RUMİ

    PDF faylını alÇapE-poçt

      Share

           “Mən o eşqi qısaca söylədim, tamamilə anlatmadım. Əgər anlatsam, həm dodaqlar yanar, həm də dil”. Bu kəlamı söyləyən Mövlana dünya durduqca unudulmayan bir könül sultanıdır.

           Hər könüldə özünə sevgi qazanan, Yaradanı özünə dost, həmdəm seçən, əsl həqiqətin özünə aşiq olub, yaradılışında tərki-dünya olan, eşq həsrəti ilə gecə-gündüz alışıb yanan, günü-gündən sevdiklərinə yaxınlaşan və bu gün dünyanın hər bir yerində sevilən Mövlana Cəlaləddin Rumi  bəşəriyyətin mənəvi şəfqət simvollarındandır.

           Aciz, sadə bir qulun Allaha olan sevgisi və hər anı ilə dil və bədən ibadəti onun mənəvi yüksəlişinə səbəb oldu. Hər yerdə onu görmək həsrəti, ürəyinin yaradanına olan bağlılığı, ruhunda tüğyan edən eşqi ətrafına yayıldı. Dərin düşüncələri ilə eşq fəlsəfəsinin qurucusu sayılan Mövlana bu yolda özündən sonra gələnlərə yeni bir yol açdı. O, eşqin mahiyyətini və onun  mənbəyini Allaha bağladı. Beləcə,  onunla eyni əhvalı yaşayan hər kəsə həqiqəti tapmaq üçün əsl eşqin yolunu göstərdi. O, hər zaman sevdiyinə bu cür səsləndi: "Sevgili..! Səni gözümün bəbəyinə nəqş etmişəm, hara baxsam səni görürəm". Dünyanın faniliyi onun üçün həsrət və zindan kimi idi. Mövlana öz qəlbi ilə sirli məna aləmlərinə açıq olan feyz və bərəkətli bir insan oldu. O, yaşadığı dövrdə insanlarla səmimi və təvəzökar davranardı. Adi insanlar kimi yaşayar, ən sadə adamlarla oturub-durar və Yaradanın yaratdığı məxluqların heç birinə fərq qoymazdı. Allah ilə özü arasındakı ünsiyyətin mübhəmliyini sirbilməzlərdən qorumağa çalışar  və imanına uyğun yaşayan bir mürşid kimi hər zaman könüllərə nüfuz etmək üçün yollar axtarardı. O, hər kəsə: "Gəl-gəl, yenə gəl! Nə olursan-ol, yenə də gəl, istər xristian, istər məcusi, istər bütpərəst ol, bizim dərgahımız ümidsizlik dərgahı deyil, tövbəni yüz dəfə pozmuş olsan belə yenə gəl" – deyirdi.

           Günlərin bir günü Mövlana Şəms Təbrizi ilə rastlaşır. Həmin yer sonralar "Mərəc əl-Bəhreyn", yəni  iki dənizin qovuşduğu yer adlandırılmışdır. Gözlərini Mövlanadan çəkməyən Şəms:

           - Ey söz sərrafı, de görüm, kimin məqamı daha ucadır, Muhəmmədin (s.ə.s), yoxsa Bistaminin? – deyə ondan soruşur.

           Mövlana:

           - Bu nə sualdır? Əlbəttə, Məhəmmədin (s.ə.s),- cavabını verir.

           Şəms:

           - Bəs, Məhəmməd (s.ə.s) "mənim qəlbim pasla örtülür və gündə yetmiş dəfə Allaha tövbə edirəm" - deyir, Bəyazid Bistami isə "mən hər cür günahlardan xaliyəm, məndə Allahdan başqa heç kim yoxdur", - deyir.

           - Məhəmməd (s.ə.s) hər gün yetmiş məqam qət edir və hər dəfə yeni mərhələyə çatanda əvvəlki mərhələdəki qeyri-kamilliyinə görə tövbə edirdi. Bəyazid Bistami isə nail olduğu yeganə mərhələdən vəcdə gəlib bu sözləri deyib,- deyə Mövlana cavab verdi.

           Bu cavab Şəms Təbrizi ilə Cəlaləddini bir-birinə bağladı. Bir neçə ay ərzində Cəlaləddin tamamilə yeni bir insana çevrildi. Təbrizdən olan "İnam Günəşi" Cəlaləddinin ilham mənbəyi və müəlliminə oldu. Müəlliminin Şəms – "günəş" adına müvafiq olaraq Cəlaləddin "Rumi" təxəllüsünü götürdü. "Rumi" sözü əbcəd hesabı ilə 256 edir. İki yüz, əlli və altı rəqəmlərinin hərfi işarələrindən isə "nur" sözü düzəlir. Şəms Təbrizi üç ilə öz missiyasını həyata keçirib birdən-birə peyda olduğu kimi, birdən-birə də yoxa çıxdı. Amma onun təsiri bütün ömrü boyu Rumini izlədi. Mövlananın "Məsnəvi" qırx dörd min misralıq Böyük Divan, dörd min misralıq rübailər kitabı və "Fihi ma fih" (Onda olan Ondadır) kimi əsərlərində günümüzə kimi Şəmsin nişanəsi görünür.

           Mövlana üçün dost anlayışı da fərqli idi və dostluqda düzgünlüyü, əhdə sadiq qalmağı əsas amillərdən sayırdı. Bəzən eşqlə dostluğu bərabər tuturdu və hər ikisini xəyanətdən uzaq sayırdı. İnsanın kamilləşməsi üçün dostluğu eşqin bir parçası hesab edirdi. İnsanın bir olan Allaha əsil dost eşqini bağlılıq hesab edir və bu minvalla aralarında könül dostluğu yaradırdı.

           Həsrətlə eşq deyib dostuna qovuşmaq onun ən böyük arzusu idi. Özünü Allaha dost sayan və vaxtının çoxunu onunla keçirdən, ona hər zaman şükür edən bu nəcib insan çəkdiyi zülmü, əziyyəti dostdan gələn payı sayırdı. O, heç vaxt dostuna qarşı üsyan etməzdi və dostu ona hər nə verərsə, sevinərdi.  Ona görə,  ölüm həsrətin sonu və sevdiyinə qovuşmaq idi. O, heç vaxt ölümü ayrılıq saymırdı və ölüm anını xoşbəxtlik sayıb: “Canım bədəndən çıxsa, sanmayın öldüm... onu dost alıb apardı” – söyləyirdi. O, hətta öz öləcəyi günü toy gecəsi mənasına gələn “Şəbi-Arus”a bənzədirdi. Öz vəsiyyətində "Mən öləndə cəsədimin ardından ah-vay edib ağlamayın! O gün ayrılıq yox, vüsal günüdür. Günəş batırsa, demək bir də doğacaq, toxum torpağa düşdümü, cücərəcək”,- demişdi.

           Bu necə sevda? Bu necə eşq? Saxta məhəbbətin qurbanı olanlar necə anlaya bilərlər əsl eşqi? Dünya çirkabında kirlənmiş qəlblər, dillər, dodaqlar Mövlana eşqinin, şərbət dadını necə hiss edə bilərlər ki?

      • Hits: 1283 clicks

      Tecox component by www.teglo.info