Fuad QULİYEV/ BİR AYƏ

    PDF faylını alÇapE-poçt

      Share

      بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

      يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحًا عَسَىٰ رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعهَ 

      “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz” (Təhrim surəsi, 66/8).

       Bağışlamaq və əfv etmək ən böyük və fəzilətli keyfiyyətlərin başında gəlir. Belə ki, əlində hər cür imkan, güc və iqtidar sahibi bir kəs ona qarşı edilmiş xoşa gəlməz bir hərəkətə qarşı sərt reaksiya verə biləcəyi halda, intiqam alma duyğusunu cilovlayaraq qarşı tərəfi bağışlaya bilməsi çox çətin bir hadisədir...Uca Yaradan insana hər cür naz-nemət verdiyi halda bunun müqabilində nankorluq edənlərə də daim bir fürsət tanıyır ki, yanlışından geri dönsün. Məhz bu əvəzedilməz imkana “tövbə” deyirik. O bizə möhtac olmadığı halda “əşrəfi-məxluqatı” özünə cəzb edə bilmək üçün geniş imkanlar vermişdir. Ancaq təəssüf olsun ki, bunu düzgün qiymətləndirmədə acizlik çəkir məxluqatın ən şərəflisi..

      Qeyd olunan ayeyi-kərimə, Allaha ən sağlam dönüş və sığınmanın “nasuh tövbə” ilə, yəni “səmimi qəlbdən duyulan bir peşmançılıq” ilə gərçəkləşəcəyini vurğulayır.  Allaha şərik qoşma xaricində hər bir günahın bağışana biləcəyini vəd edir Uca Allah. Yetər ki, günahlarda israr edilməsin və insan işlədiyi günahın Allah nəzdində məqbul bir davranış olmadığını dərk etsin və təkrar eyni xətaya düşməsin.

      Həzrət Peyğəmbər tövbənin mahiyyətini bir misalla belə izah edir:

      Allah, bəndəsinin tövbə edib Ona doğru yönəlməsinə ucsuz-bucaqsız səhrada dəvəsi ilə səyahət edən adamın, dəvəsini itirdikdən sonra onu tapdığı zaman yaşadığı sevincdən daha çox sevinir. Səhralıqda üzərində azuqəsi olan dəvəsini bir kənara buraxıb istirahət edən bir adam təsəvvür et! Yuxudan ayılınca dəvəsinin itdiyini görən adam təlaşlı halda dəvəsini axtarmağa başlayar, ancaq əbəs... Uzun zaman axtarandan sonra aclıq və susuzluqdan bitab düşər. Yaşamaqdan ümidini kəsərək özü-özünə “heç olmasa əvvəlki yerimə qayıdım orada yatıb ölümü gözləyərəm” deyər və ardından ölmək üçün başını yerə qoyub yataraq ölümü gözləməyə başlayar. Bir müddət yatdıqdan sonra anidən oyanar və itirdiyi dəvəsini azuqəsi ilə birlikdə başının üstündə görər və yaşadığı sevincin misli bərabəri olmaz. Yaxşı bilmək lazımdır ki, Allah bəndəsinin tövbə edib Ona yönəlməsinə bu adamın dəvəsini tapmasından daha çox sevinər.

      Tövbənin üç mərhələdə tamamlandığı qeyd olunur:

      * Gördüyü işin pis əməl olduğuna qənaət gətirib peşman olmaq

      * Yenidən günah işləməyə bir daha təşəbüs göstərməmək.

      * İşlədiyi günahın səbəb olduğu zülüm və ya haqsızlığı ortadan qaldırmaq üçün bir yaxşılıq etməyə cəhd etmək.

      Bu üç ölçüyə riayət edilərək edilən tövbə Allah qatında məqbul hesab edilər inşallah. Bəşər övladı nəfsinin də gücü və təlqini ilə günah işləməyə təmayül göstərən xüsusiyyətlərə malikdir. Ancaq təqva ipinə möhkəm sarılan insan əlbəttə qurtuluşa nail olacaqdır...

      Allah Təala cümlə möminlərin günahlarını əfv, tövbələrini qəbul etsin...

      • Hits: 1086 clicks

      Tecox component by www.teglo.info