Nurlan MƏMMƏDZADƏ / QURANLA BÜTÜNLƏŞMƏ MÖVSÜMÜ

    PDF faylını alÇapE-poçt

      Share

           610-cu ilin bir Ramazan günü... Qədr gecəsi...

           Bütləri tanımayan və uzun zamandan bəri Hira mağarasında kainatı, yaradılışı və ilahi nizamı təfəkkürlə məşğul olan Həbibullah Muhammədə ilk vəhyin nazil olması... İnsanlığı  doğruya istiqamətləndirən, haqq ilə batili ayırd edən, dünya və axirət səadətinin yollarını göstərən ilahi kitabın yer üzünə nazil olma prosesi belə başladı və iyirmi üç il davam etdi.

           İyirmi üç illik bir zaman zərfində imandan məhrum bir cəmiyyəti bütün fərdləriylə əsri-səadətə çevirdi. Hər birindən bir şəxsiyyət inşa etdi. Pakistanlı İslam mütəfəkkiri Muhamməd İqbalın dediyi kimi “Bir zamanlar kol kəsənlər Quranı oxuyaraq yol göstərən ulduzlar oldular”.

           Bir Ramazan gecəsi enməyə başlayan, əsas məqsədi insana yaradlılış qayəsini öyrədən, Yaradanını göstərən Qurani-Kərim əsrlərdən bəri inananların həyat yoluna işıq saçmağa davam edir. Məhz onun ətrafında birləşən, ümmət kimi formalaşan müsəlmanlar  namaz, oruc, zəkat, sədəqə, üstün əxlaq kimi gözəllikləri öyrəndilər və öyrənməyə davam edirlər.

           2013-cü ilin bir Ramazan günü... Ramazanın birinci günü...

           Bütləşən sevdalardan üz döndərən, ilahi nizamı təfəkkür etmək istəyən iman sahiblərinə yeni bir çağırış... Quranın nazil olduğu bu mübarək ayda ilahi kitabla yenidən görüşmək, tanışlıq və həmhal olma fürsəti... Hər il təkrarlanan Ramazanın bərəkətindən maksimum faydalanmaq üçün vazkeçilməz düstur: Hər gün Quranla yenilənmək...

           Allah-Təala Qurani-Kərimdə Ramazan ayından və orucundan bəhs edərkən “Ramazan ayı insanlara doğru yolu göstərən Quranın nazil olduğu aydır”, buyurmuş və inananların diqqətini ilk növbədə buraya çəkmək isltəmişdir. Çünki Ramazanı digər aylardan üstün edən əsas amil məhz Quranın bu ayda enməsidir. Eynilə Allah kəlamının insanların kəlamına olan üstünlüyü kimi Ramazan ayı da məhz bu sayədə digər aylardan üstündür. İlahi rəhmətin, feyz və bərəkətin yağdığı bu mübarək mövsümdə hər anı dəyərli keçirməyə çalışmaq müsəlmanın əsas mqəsədi olmalıdır. Hər bir iman sahibi bu ayı Quranla bəzəməlidir. Rəbbini tanıyan bir insanın ömrü Quransız düşünülə bilməz. Əslində müsəlman hər günə Quranla başlamalı və bunu düstur halına gətirməlidir. Ramazan isə Quranla olan yaxınlığı və ünsiyyəti bir qat daha artıran, bu yaxınlığı gücləndirən fürsət ayıdır. Bu mübarək ay eyni zamanda Quranla ünsiyyət əskikliyi olanlar üçün bir təlim xararkteri daşıyır. Bu ayı fürsət bilərək Quranla ünsiyyətimizi gücləndirmək üçün fərdi proqramlar tərtib etməli və Ramazana bərəkət qatmalıyıq. Məsələn:

           - Sahura bir az erkən qalxıb təhəccüd namazını əda etməli və bu zaman Qurandan bildiyimiz surələri, müxtəlif bölümləri tilavət etməliyik. Beləliklə əzbərimizi də təkrarlamış olarıq. Sahur etdikdən dərhal sonra sübh namazını qılıb yatmaq yerinə bir cüz oxumağa çalışmalıyıq. İmkan varsa, əsrlərdən bəri Ramazan ənənəmizdə “müqabilə” adı ilə məşhurlaşan qarşılıqlı tilavət məclisləri qurmalı, yaxud da müqabilə oxunan yerlərə getməliyik. Həzrət Peyğəmbər “sahurda bərəkət var”,- buyurmuşdur. Elə isə Quranla ünsiyyətimizin də bərəkətli olması üçün buna səy göstərməliyik.

           - Günün Quran oxumaq üçün əlverişli olmayan saatlarını (məsələn, səhər evdən çıxıb işə gedərkən) sevdiyimiz qarilərin səsindən Quran dinləyərək keçirməyə çalışmalıyıq. Məsələn, maşın sürərkən Quran CD-ləri dinlənməli, demək olar ki, hər kəsin ayrılmaz əşyasına çevrilən USB-pleyerlərə, telefonlara Quran yazaraq mümkün fürsətlərdə qulaq asmalıyıq.

           - Sadəcə Quranı üzündən oxumaqla kifayətlənməyib, tərcüməsi ilə də maraqlanmalı, təfsir mütaliələri təşkil etməli ən azından müəyyən surələrin təfsirini oxumalıyıq. Məsələn, iftardan sonra yatsı namazına qədər olan vaxtımızı təfsir oxumaları ilə bərəkətli hala gətirə bilərik. Ailə üzvlərimizi də bu kimi fəaliyyətlərə cəlb etməklə fəaliyyətləri daha maraqlı hala gətirə bilərik.

           - Qurani-Kərimlə bağlı yaşadığımız bölgədə keçirilən proqramlarda iştirak etməyə çalışmalıyıq. 

           - Ramazanın tətil mövsümünə təsadüf etməsindən istifadə edərək ailəmizdə və ətrafımızda Quran oxuya bilməyənlərə bu işdə kömək etməliyik. Xüsusilə bizə əmanət verilmiş övladlarımızı Quran təliminə cəlb etməliyik.

           Bu siyahını hər kəs öz imkanlarına görə uzada bilər. Əsas məsələ Ramazanı Quransız keçirməməkdir. Həzrət Peyğəmbərin qiyamət günü Allah-Təalaya Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi! (əl-Furqan, 30) deyərək bizdən şikayət etməməsi üçün Ramazanın bu təliminə könül vermək zəruridir. Quranı sanki bizə yenidən nazil olurmuş kimi oxumaq diləyi ilə...

      • Hits: 1197 clicks

      Tecox component by www.teglo.info