Mən Babamı Sevmirəm! Ona görə ki... / Bakıxan ABDULLAYEV

      Share

      Salam Dostlar!Mənim adım Fidandır. Əgər siz İrfan jurnalını oxuyursuzsa, onda biz demək olar ki, sizinlə tanışıq.

      Bu dəfə mən sizə maraqlı bir əhvalat danışmaq və bir neçə məsləhət vermək istəyirəm.

      Deməli belə!

      Günlərin bir günü mən kəndə babamın və nənəmin yanına qonaq getdim. Kənd mənim çox xoşuma gəlir.Ora çox maraqlıdır.Çoxdandır ki, kəndə getmirdim.Hardasa iki il idi ki, kəndə getməmişdim. Bu iki ildə mən çox böyümüşəm. Artıq beş yaşım var. Daha böyük qızam və hər şeyi başa düşürəm.

      Mən həmişə atama kənd həyatı barədə çoxlu suallar verirdim. Ümumiyyətlə mən atama həddindən çox sual verirəm.Demək olar ki, mənimlə atam arasındakı söhbətlər həmişə sual və cavabdan ibarət olur. Mən həmişə ona nə isə bir sual verirəm, O, da mənə bezmədən cavab verir. O, hər şeyi mənə başa salır. Hətta O,  mənə deyir ki, mən ona hər gün  ən azı beş yüzdən çox sual verirəm. Mən minə qədər saya bilirəm və onu da yaxşı bilirəm ki, beş yüz mindən az olsa belə, beş yüz suala cavab vermək atam üçün heç də asan iş deyil.Amma nə edim?! Mənim bilmədiyim şeylər o qədər çoxdur ki! Bilmədiklərimi öyrənmək istəyirəm axı! Həm də atam özü mənə deyib ki, "Bilməmək eyib deyil, öyrənməmək eyibdir. Öyrənmək üçün isə çox sual vermək lazımdır." Mən də belə edirəm.

      Babam isə heç də atama bənzəmirmiş.Kəndə nə arzularla getmişdim.Bilmədiyim nə qədər şey var idi.Amma bütün arzularım gözümdə qaldı.

      Babam mənim suallarımdan çox tez bezdi.Heç bir gün keçmədi ki, mənim suallarım onu cana gətirdi.O, mənim suallarıma ya cavab vermir, ya da yalandan elə-belə cavab verirdi. Axı mən heç də pis iş görmürdüm. Başa düşə bilmirdim ki, babam nə üçün belə edir. Buna baxmayaraq mən öz suallarımı verməya davam etdim. Ta o vaxda kimi ki, sevimli babamın səbr kasası doldu, mənə acıqlandı və mən də öz sevimli babamdan küsdüm.

      Əziz dostlar!

      İndi mən olanları sizə danışacam və siz də görəcəksiz ki, mənim babamdan küsməyə haqqım var.

      Bir gün səhər babam atı arabaya qoşub meşəyə odun gətirməyə gedirdi. Mən babama dedim ki;

      - Baba! Mən də səninlə getsəm olarmı?

      Babam da bir az dayandı və gecdən-gec "Olar" dedi. Çünki, babam yaxşı bilirdi ki, "olmaz" desə mən də ona heç düşünmədən "Nə üçün baba?" deyə sual verəcəkdim. O, da mənim bu sualımı eşitməmək üçün istəməsə də "Olar" dedi. Və biz yola düzəldik. Yol boyu mən yorulmadan sual verirdim, babam isə istəməyə-istəməyə cavab verirdi;

      – Baba! Nə üçün arabaya atları qoşurlar?

      - Qızım atlar güclüdür. Bəs biz odunu necə gətirək?

      - Baba! Həm arabanı, həm bizi, həm də odunları aparmağa atın gücü çatarmı? Bəlkə atın heç bundan xoşu gəlmir?

      Babam cavab vermədi. Meşəyə çatdıq. Odunu yığdıq arabaya. Geriyə, evə doğru yola düzəldik. Yolun yarısında at dayandı. Babam hey atı getməyə məcbur edirdi. At isə yerindən tərpənmirdi. Mənə elə gəlirdi ki, arabanı çəkməyə atın gücü çatmırdı. Hava isə getdikcə qaralırdı. Bu babamı bir az da hövsələdən çıxarırdı. Nəhayət babamın səbri tükəndi. Atı ağacla vurmağa başladı. Yazıq at isə bir iki addım atır, yenə də dayanırdı. Babam isə yazıq heyvanı hey vururdu.

      Mən bilirdim ki, babam çox acıqlıdır. Ona belə vəziyyətdə sual vermək heç də ağıllı bir iş deyildi. Amma yenə də mən özümü saxlaya bilmədim;

      - Baba! Odunların yarısını boşaltsaq at üçün rahat olmazmı?

      Babam mənə cavab vermirdi. O əsəbi bir halda gah heyvanı vurur, gah da yüyənindən tutub çəkirdi ki, yerisin. At isə tərpənmək bilmirdi. Mən bilirdim ki, at üçün çox çətin idi. Heyvan tamamilə tərləmişdi.

      - Baba! sən atı ağacla vuranda onu incitmir?

      Babam isə mənə yenə cavab vermədi. O, getdikcə daha da acıqlı olurdu.

      "Baba! Sən mənim suallarıma niyə cavab vermirsən?" deyə yenə soruşdum. Bu isə mənim babama verdiyim sonuncu sualım oldu. O, acıqlı-acıqlı mənə tərəf döndü və belə dedi:

      "Bala! Mən heç sənə sual verirəmmi? Yox. Sən isə mənə gündə yüz dənə qəliz sual verirsən. Mənim isə sənin bu qəliz suallarına cavab verməyə nə həvəsim var, nə də hövsələm."

      Babam odunların yarısını boşaltdı. At yeriməyə başladı. Evə gəlib çatana kimi heç danışmadım. Ondan sonra babama heç sual vermədim. Belə etdiyi üçün ondan yaman incidim.

      Əziz dostlar!

      İndi bildinizmi ki, mən babamı nə üçün sevmirəm. Çünki babam düz eləmədi. O, gərək mənim suallarıma cavab verəydi. Axı balacalar bilmədiyi hər şeyi böyüklərdən və bilənlərdən öyrənməlidir. Bəs babam nə etdi gördünüzmü? Atın acığını da məndən çıxdı. Suallarıma cavab vermədi. Hələ yalandan deyir ki, mən ona gündə yüz sual verirəm. Mənim suallarıma əhəmiyyət vermədiyi üçün heç saymayıb, elə yalandan deyir ki, mən ona gündə yüz sual verirəm. Ancaq mən ona gündə ən azı beş yüz sual verirdim. Mən bunu dəqiq bilirəm. Atam mənim bir gündə verdiyim sualları sayıb. Atam təkcə onları saymırdı, həm də onlara bir-bir cavab verirdi. Babam isə... Nə isə.

      Əziz dostlar!

      Sizə isə məsləhətim budur ki, siz mənim babama fikir verməyin. Ruhdan da düşməyin. Bilmədiyiniz hər şeyi hər kəsdən öyrənməyə çalışın. Suallarınıza babanız cavab verməsə nənənizdən soruşun. O, da cavab verməsə başqasından soruşun. Amma heç vaxt suallarınızı cavabsız qoymayın.

      Bir də çalışın hər kəsi sevəsiz. Mənim babamdan küsməyimə də fikir verməyin. Mən onunla çox küsülü qalmadım. Çünki atam mənə öyrədib ki, üç gündən artıq nəinki yaxınlar, heç kim ilə küsülü qalmaq olmaz. Siz də heç kimlə küsülü qalmayın. Hər kəsi sevin. Amma kim ki, sizin suallarınıza səbrlə, yorulmadan cavab verir, onları lap çox sevin.

       

      • Hits: 725 clicks

      Tecox component by www.teglo.info