155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Dr. Rafiz MANAFOV / BİZ

    PDF faylını alÇapE-poçt

      Share

      Almaniyadan yeni qayıtmış fəlsəfə müəllimim orada yaşamış olduğu bir hadisəni bizə belə nəql etmişdi:

      Bir gün kostyumumu quru təmizləməyə verməli oldum. Oradakı qadından bu işin müqabilində nə qədər ödəməli olacağımı soruşanda, bir gün sonra gəlməyimi və  15 avronun kifayət edəcəyini bildirdi. Bir gün sonra kostyumumu almağa getdim. Qadın mənə kostyumumu təmizlənmiş halda verdi və kostyumda bəzi söküklərin olduğunu, onları da tikişə verdiyini bildirdi. Mən də elə isə əlavə nə qədər tikiş pulu ödəməliyəm deyib, əlimi cibimə aparanda qadın təəccüblə üzümə baxdı və “nə əlavəsi, biz 15 avroya razılaşmışdıq. Əlavə pul ala bilmərəm” -dedi. Mən də  bir az təəccüblü və bir az da çoxbilmişlik ironiyası ilə:

      “Əşşi, siz də nə görmüsüz ee bu Kant əxlaqında!?” –dedim. Qadın tərəddüd içərisində üzümə baxdı və “Kant kimdir?”-dedi.

       Ən adi gündəlik davranış şəklini Kantın vəzifə əxlaqından əxz edən bu qadın Kantı tanımırdı. Bu qadınının əxlaqı “kant əxlaqı” olsa da, qadın Kantı tanımır.

      Məlumdur ki, Kantın əxlaq anlayışında “bir fəzilət, heç bir qarşılıq təmənnası içəsində olmadan, sırf insanlıq vəzifəsi olduğu üçün yerinə yetirilməlidir” prinsipi hakimdir.  Əxlaqın sadəcə milli-məhəlli, yaxud dini-coğafi bir şey yox, ümümbəşəri bir keyfiyyət olduğunu əvvəlki yazılarımızdan birində qeyd etmişdik. Bu prinsipin düzgün və dərin başa düşülməsini təmin etmək məqsədilə aşağıdakı analitik suallar işə yaraya bilər:

      1.      Əxlaq, əxlaq barəsində çox danışmaqdırmı?

      2.      Əxlaq, əxlaqi prinsipləri əzbərləməkləmi mümkündür?

      3.      Əxlaq, əxlaqlı “kimi” davranmaqdırmı?

      4.      Əxlaq, haqqında heç bir şey bilinmədən yaşanılan bir şeydirmi?

      5.      və s.

      Əxlaqın praktiki izlərinə daha çox dini, nəzəri izlərinə isə  fəlsəfi düşüncənin içərisində rastanır.[1] Fəlsəfi fikirdə əxlaqi düşüncənin bir ucu Sokrata, digər ucu isə Kanta bağlanır. Dini düşüncədə isə  müxtəlif zaman, məkan və  mənbə fərqlilikləri olsa da digər dinlərlə yanaşı, “Gözəl əxlaqı tamamlamaq üçün göndərildim” deyən Hz. Məhəmmədin təbliğ etdiyi İslamın da vaz keçə bilməyəcəyi prinsiplərin ən başlıcalarındandır.  

      Tarixdə islami əxlaqın nə qədər effektiv olduğu və hansı nəticələr göstərdiyini bildiyinizi fərz edərək, günümüz düşüncəsindəki gücünə toxunmaq yerində olacaq. Təxminən 600 ildən çoxdur ki, müsəlman şərq dünyası öz təsiredici mövqeyini itirmiş, dünyada baş verən proseslərin izləyicisinə, təqlidçisinə və ya tənqidçisinə çevrilmişdir. Qərb dünyasında baş verən elmi tərəqqi və onun praktiki nəticəsi olan texniki inkişaf və humanist yüksəliş müsəlman dünyasının daxilində, kimiləri üçün əlçatmaz dünya cənnəti kimi qəbul olunarkən, kimisi üçün də vaxt itirmədən xilas olunması zəruri olan təhlükə kimi görünməyə başlamışdır.

      Nəticədə bəzilərimiz mənzərəni ağzıaçıq izləyərkən, bəzilərimiz də gözümüzü yumduq. Ağzı açıq olanlar dünəninə baxmaq istəmədi, ondan saqındı. Gözünü yumanlar keçmişdən başqa heç nə görə bilmədilər.  Uzun əsrlərdən bəridir ki, dünyada baş verənlərə qarşı göstərə bildiyimiz ən elmi reaksiya “bu bizim kitabımızda (Quran nəzərdə tutulur) onsuz da var idi”, yaxud da “bizim Quran bunu 1400 il əvvəl onsuz də xəbər vermişdi” demək olub. Müsəlman dünyası “əvvəlkilərin” əsərlərinə şərh və haşiyə yazmağa başladığı andan etibarən, elmin, rasionallığın və tənqidi düşüncənin  “cənazə namazını” qılmağa başladı. Hz. Ömərin ədaləti haqqında çoxlu mənqibə əzbərləmək, onu zikr edib ağlamaq təəssüf ki, bir insanın adil olması üçün kifayət etmir. İslam əxlaqının nə qədər üstün və ülvi olduğundan bəhs etməyin əxlaqlı olmaq üçün kifayət etmədiyi kimi. Heç bir mətn, nəzəriyyə və ya ideologiya onu mənimsəyən insanların keyfiyyəti olmadan ideal ola bilməmişdir.

      Buna görə də  xeyli vaxtdır müsəlman dünyası şəkilçilik və səthilikdən yaxasını xilas edə bilməmişdir. İslamı “halallar və haramlar məcmuəsi”, Quranı “ölülər üçün praktiki savab kitabı” görməkdən, əxlaqı məlum geyim şəkli və məşhur  görüntüdən ibarət saymaqdan əl çəkə bilməmişlər.

       Bu qoca dünyamızın yenilənən düşüncəsində əxlaqa da yenidən göz atmaq ümidilə...


      [1] Əxlaqın dindən qaynaqlandığını iddia edən müasir mütəfəkkirlərin bir çoxu “əxlaq” kəlməsinə  üstünlük verdikləri halda, əxlaqın rasional düşüncədən qaynaqlandığını iddia edənlər bu mənada daha çox  “etika” sözündən istifadə edirlər. Etikaya “əxlaq fəlsəfəsi” deyənlər də olmuşdur. Əxlaq “rituallar və davranışları” da nəzərdə tutduğu halda, etika daha çox əxlaqın “metafizik təməli” ilə bağlıdır. Ancaq hər iki  kəlmənin dilimizdə  sinonim kimi işlədilməsi də müşahidə olunur..

       

      • Hits: 1101 clicks

      Tecox component by www.teglo.info