BƏRABƏRLİK / Mübariz ƏLİOĞLU

      Share

      Uca Allah Qurani-Kərimdə belə buyurur: “(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!”-dediyi zaman (göstərmişdi).

       O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!” (Tövbə, 40)

      “Həqiqətən, bu bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar. (Allah) istədiyi kimsən Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır! (İnsan, 29, 31)

      Sürətlə cərəyan edən dünyəvi proseslərin hərəkətverici qüvvəsi olan insan övladı mənəvi, fiziki, sosial və siyasi eybəcərliklərin böyük ustalıqla pərdələndiyi qloballaşma modelini həyatının hər bir məqamına sıx şəkildə bağlayaraq öz məişətini qurmağa çalışır. Bu sərsəm həyatın ilahi istək qanunları ilə daban-dabana zidd olan təbiəti təəssüf ki, sağalması həddən ziyadə ağır olan mənəvi yaraların qaysaq bağlamasını çətinləşdirir. İlahi qanunlara qarşı həssaslıq iqliminin formalaşmasına mənfi təsir göstərən amillərin açıqlanması onların öyrənilməsi və onlara qarşı tədbir görülməsi sözsüz ki, insan üçün ən məsuliyyətli bir iş olmalıdır. İnsanı anlama istiqamətində bir elm xadimi olan akademikin çalışmalarını sizə təqdim edərək qeyd etmək istəyirəm ki, burada zahirən də olsa Allah ilə bərabərlik keyfiyyətini əhəmiyyətli dərəcədə axsadan məqamları sezmək mümkündür. Alim fikrini belə açıqlayır:

      “Böyük həkilmər həmişə deyərdilər: İnsanı müalicə edin, xəstəliyi deyil. Bu məqamı əlində rəhbər tutanlar insan orqanizmini vahid bir məfhum kimi qəbul edərək ayrı-ayrı orqanları əhatə edəcək baxış sistemlərini əhəmiyyətsiz hesab edirlər. Təəssüf ki, əhatəli baxış sistemi son zamanlarda tamamilə iflasa uğrayaraq yerini ayrı-ayrı orqanların “təmir” edilməsi sisteminə verməkdədir. Nəticədə bir orqanın müalicəsi zamanı digər orqanların fəaliyyətində pozulmalar meydana gəlir. Bugünkü həkimlər heç də fərqinə varmırlar ki, 70 il həyat sürən hər bir insan orqanizmində 12 ton hüceyrə və 3 tona yaxın bakteriya-virus kütləsini təşkil edən 30 mindən çox mikroorqanizm yaşayır. (Təbii ki, yaşamını tamamlayan hər bir hüceyrənin yerinə ilahi təqdir ilə yenisinin yaranması ilə)! Biz də bu zənginliyi qiymətləndirmədən, anlamadan antibiotik və kimyəvi dərman terroruna məruz qoyaraq daxilimizdəki problemlərin aktivləşməsinə səbəb oluruq. 60-cı illərdən etibarən aparılan təcrübələr onu göstərir ki, bölünmüş canlı hüceyrələrin bir-birindən uzaqlaşdırılması zamanı onlar arasında məlumat mübadiləsi yaranır. Məhz son dövrlərdə mobil telefonların, kompyuterlərin, mikrodalğalı cihazların məişətimizi işğal etməsi hüceyrədaxili və beyin neytronlarının məlumat mübadiləsinə o dərəcədə təsir edir ki, insan inanılmaz və dönməz şəkildə dəyişməyə başlayır. Bu da insan amili ilə əlaqədar olan qəzaların baş verməsini sürətləndirir.”

      Dünyanın ən məşhur elm ocaqlarından olan Rusiya Elmlər Akademiyasının akademiki sözsüz ki, məsələni hər tərəfli şəkildə araşdıraraq oxuculara vəziyyətin böhran həddində olduğunu anlatmağa çalışmışdır. Çıxış yolu olaraq texniki inkişafı saxlamaq əlbəttə ki, gülünc görsənəcəkdir. Yaxşı, bəs nəetməli? Təbii ki, akademik bu suala cavab verməkdə sözün əsl mənasında aciz qalmışdır.

      Lakin fəxrlə qeyd etmək yerinə düşərdi ki, çıxış yolu mövcuddur. Müasir dövrümüzdə yaşamamış Allah dostlarından biri neçə-neçə ağılları çıxılmaz girdabında sürükləyən bu müəmmaya necə də heyrətamiz bir açıqlama gətirmişdir:

      - Möhtərəm alim! Zamanımızda əlaqələr həddindən artıq çoxalmışdır. Bir insan gün ərzində müxtəlif münasibətlərdə olur. 30-40 il əvvəl insan həyatı çox sadə idi. İndi isə bu həyata kütləvi informasiya vasitələri, televiziya və təyinatından asılı olaraq müxtəlif texniki xarakterli münasibətlər də girmişdir. Əgər insan könül dostları ilə həftədə yalnız bir dəfə görüşürsə, o görüşdən doğan mənəvi təsirin bir həftəyə bəs etməyəcəyi işimizi çətinləşdirmirmi?

      “- Təbii ki, çətinləşdirir. Oyanıq olmaq və özünü daim nəzarət altında saxlamaq lazımdır. Allahın hüzurunda olduğunu bilməli və Siz harada olsanız, O sizinlədir.” (Hədid, 4) ayəsinə diqqət edilməlidir. Uca Allahın hüzurunda olduğumuzu tam haqqı ilə dərk edə bilsək özümüzü itirmərik.” (Hacı Musa Topbaş Əfəndi ilə söhbətlər, səh. 186)

      Yuxarıda qeyd edilən ayənin hökmünü mübarək həyatında ən gözəl şəkildə təcəssüm etdirən Allah Rəsulu (s.ə.s) 63 illik ömrünün hər anında Allah ilə bərabərliyin canlı bir örnəyi olmuşdur. Bu bərabərliyin insana bəxş etdiyi üstünlükləri həyati misallarla açıqlamaq onun daha da maraqlı şəkildə təfəkkürümüzdə iz qoymasına şərait yaradacaqdır:

      Samanyolu qalaktikasında yerləşən günəş hər bir ulduz kimi özünəməxsus xüsusiyyətlərə malikdir. Müasir elmi araşdırmalara əsasən 4 milyard ildən çox yaşı olan günəşdə tez-tez partlayışlar baş verir ki, nəticədə yüksək enerjiyə malik olan hissəciklər böyük sürətlə günəşətrafı səmaya, o cümlədən yer planetinə doğru istiqamət götürür. Belə böyük partlayışların sadəcə birinin enerjisini hesablayan alimlərin qənaətinə görə onunla Rusiya kimi böyük bir dövlətin tam mənada enerjiyə olan tələbatını 100000 il ödəmək olar. Deməli, bir partlayışın enerjisi böyük bir dövlətin 100000 illik enerji təlabatına bərabərdir. Lakin günəşdə partlayışlardan əlavə daha neçə-neçə miqyaslı proseslər baş verir ki, bunları məqalədə işıqlandırmaq çox vaxt aparacaqdır. Günəşin mövcud olduğu vaxtdan indiyədək istehsal etdiyi enerjinin miqdarını hesablamaq isə idrakımızın xaricindədir. Lakin kainatda elə ulduzlar var ki, bir dəfəyə günəşdən 100000000000000000 dəfə çox ifrat tezlikli qamma şüalar püskürdür. Bu tükürpədici və dəhşətli şüalanma hadisəsi kainatın hər yerində baş verir. Sözün əsl mənasında insandan insan deyiləcək bir zərrə belə buraxmayacaq bu ölçüdə ifrat şüalanma və ölçüsünü anlamaqda çətinlik çəkdiyimiz daha neçə-neçə səmavi proseslər Allah ilə bərabərlik sevdasının həyəcanını yaşayan Allah Rəsuluna (s.ə.s) məşhur merac səfərində zərrə qədər də xətər yetirə bilməmişdi. Hətta kainat miqyaslı qüvvələrin tükəndiyi, mələklərin belə yanıb kül olma qorxusundan keçə bilmədiyi əzəmət pərdələrində irəliləyən Allah Rəsulunun nümayiş etdirdiyi bərabərlik dən doğan incə həqiqət insanlara bir daha bunları ərz edir: Əhatə dairəsini təsəvvür etməkdə aciz qaldığımız yerli və səmavi hadisələrin qorxunc dağıdıcı bir məfhum şəklində təsvir edilməsi əslində hər işi hikmətlə xəlq edən Allahı qüsurlu şəkildə yol açan bir çatışmamazlıqdır. Bu çatışmamazlıqlardan qurtulmaq isə yalnız Allahı ən gözəl şəkildə tanıyan və Onu başqalarına tanıtma yolunda hər bir əziyyətə qatlaşan peyğəmbərlərin Yaradana səmimi bir qulluq həyatlarını yetərincə anlamaqla mümkündür. Hz Davudun (ə.s) həyatı buna ən gözəl nümunədir: Hz. Davud özünə lütf edilən böyük mülk və səltənətə rəğmən dünyaya meyil etməzdi. Rəbbi ilə elə bir müstəsna yaxınlıq və hüzur iqlimində yaşayırdı ki, zikrə başladığı zaman onunla birlikdə dağlar, daşlar və hətta yırtıcı heyvanlar belə vəcdə gələrdi. Hz. Davud sanki bir zikr imamı olaraq Allahın izni ilə məxluqatı bənzəri görülməyən bir bərabərlik həyəcanına qovuşdururdu.

      Həzrət Məhəmmədin şənini ucaldan Səni də (Ya Rəsulum!) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. (Ənbiya, 107) ayeyi-kəriməsi bəşər övladını bənzərsiz bir təfəkkür aləminə dəvət edir. Bu təfəkkürün üfüqlərində aləmlərdəki hər bir şeyin Rəsulullahın (s.ə.s) rəhmət və mərhəmət nuruna tuş gəldiyini sezmək mümkündür. Bu misilsiz rəhmət nurunu hər bir ünsürdə kəşf etmək, onu layiqincə anlamaq və ona həqiqi mənada tutunmaq Allah ilə davamlı bərabərliyə aparan şərəfli bir istiqamətdir. Qeyd edək ki, bu bərabərlik yalnız bütün mənasız və fani ləzzətlərdən tamamilə sıyrılma anında öz həqiqi qiymətini almış olur. Bütün bunları ümumiləşdirərək qətiyyətlə söyləmək mümkündür ki: Heç bir səmavi və yerli hadisələrdən, heç bir mobil cihazlardan, kompyuterlərdən, şüalandırıcı vasitələrdən doğan mənfi proseslər və insanları azdırmaq üçün oynanılan iyrənc oyunlar Allah ilə həqiqi bərabərliyi təmin etmiş insan övladına Allah qarşısındakı qulluq məsuliyyətini yerinə yetirməyə əngəl deyil və ola da bilməz. Əksinə bu bərabərliyin qüsurlu olması insanı Rəbbindən ayıran dünyəvi ehtiras caynaqlarını işə salır. Allah Rəsulu bu bərabərliyin ən əlverişsiz hallarda belə insana verəcəyi üstünlükləri aydın şəkildə açıqlamışdır: “Dəccalın çıxışından əvvəl insanların şiddətli bir aclığa uğrayacaqları 3 qıtlıq ili olcaqdır. Tədricən 3 ilin ərzində yer üzündə yaşıl heç bir bitki qalmayacaq. Allahın dilədikləri xaricində dırnaqlı heyvanlardan da heç bir şey qalmayacaq.”

      - O zaman insanları nə yaşadacaq? -deyə sual soruşulduqda Allah Rəsulu belə buyurdu:

      “- Təhlil (Lə iləhə illəllah), Təkbir (Allahu Əkbər), Təsbih (Subhanallah) və Təhmid (Əlhamdulillah). Bütün bunlar onlar üçün qida yerinə keçəcəkdir.” (İbn Macə, 4077; Hakim 4/536)

      Təbiidir ki, Allah ilə, Onun zikri ilə bərabərliyin keyfiyyəti bu anlarda insanların əbədi müqəddəratını təmin edəcək bir göstəriciyə çevriləcəkdir. Qüdsi hədisin işığında bu məqamı daha gözəl anlamaq mümkündür:

      “Məni zikr etdiyi və dodaqlarını Mənim adımla tərpətdiyi müddətdə Mən qulumla bərabərəm.” (İbn Hənbəl, II, 540; İbn Macə, 3792)

      Bu möhtəşəm bərabərliyin Qurani-Kərimdə davamlı olaraq vəsf edilməsi bərabərlik nemətinin insan övladı üçün müstəsna bir əhəmiyyətə malik olmasını göstərir. Allah hər birimizi bu bərabərliyin həqiqətinə yetişdirsin. Amin! Unutmayaq ki:

      “Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlə bərabərdir!(Nəhl, 128)

      “Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlə bərabərdir! (Ankəbut, 69)

      “Allah, həqiqətən, möminlərlə bərabərdir!” (Ənfal, 19)

      • Hits: 995 clicks

      Tecox component by www.teglo.info