155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    GÖZ YAŞI / Niyaməddin MÜZƏFFƏROV

      Share

      Bizə hidayət yolunu göstərən Əziz Peyğəmbərimizin ağlamaqla bağlı bir çox kəlamı vardır. Onlardan bir neçəsi belədir:

      “Əgər mənim bildiyimi bilsəydiniz az gülər, çox ağlayardınız.” (Buxari, Küsuf 2; Müslim, Küsuf 1) “İki gözə atəş toxunmaz. Allah qorxusundan ağlayan göz və Allah yolunda keşik çəkən göz.” (Darimi, Cihad 15; Nəsai, Cihad 11)

       Bir hədisində də: “Yeddi sinif insan vardır ki, Allah-Təala onları ərşinın kölgəsindən başqa heç bir kölgənin olmadığı qiyamət günündə öz ilahi kölgəsi altında kölgələndirəcəkdir.” -buyurmuş sonra bu bəxtəvər insanları sadalamış və onlardan birinin də “təklikdə Allahı zikr edib göz yaşı tökən kəs.” olduğunu bildirmişdir. (Buxari, Zəkat 17; Müslim, Zəkat 30) “Quran hüznlə nazil oldu; onu oxuyarkən və ya dinləyərkən hüznlənib ağlayın və ya ağlamağa çalışın.” (İbn Macə, İqamə, 176) “Allah qorxusundan ağlayan şəxs cəhənnəmdən azad ediləcəkdir.” (Tirmizi, Fədailul-Cihad 8, 12; Nəsai, Cihad 8) “Allahı zikr etmədən artıq söz söyləməyin. Çünki Allahı zikr etmədən çox danışmaq qəlbi qaraldır. İnsanlar arasında Allahdan ən uzaq olan şəxs, qatı qəlb sahibidir.” (Tirmizi, Zöhd 62) “Allaha olan ehtiramına görə ağlayan göz, məmədən çıxan südün yenidən məməyə dönməsi mümkün olmadığı kimi onun da cəhənnəmə girməsi elə mümkün deyil.” Dörd şey bədbəxtçilikdəndir: Gözün donması (yaş axıtmaması), qəlbin qatılaşması, sonu gəlməz arzu və dünyaya qarşı istək.

      Allah qorxusundan ağlayan, harama baxmayan və Allah yolunda cihadda keşik çəkən kəslərə cəhənnəm atəşinin haram olduğu hədislərdə bildirilmişdir. İbn Məsud (r.a) Nisa surəsinin 41-ci ayəsini; “(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və Səni də onlara şahid təyin edəcəyimiz zaman (onların halı) nə cür olacaq?” oxuduğu zaman Hz. Peygəmbər (s.ə.s) göz yaşı tökmüşdür. (Buxari, Fədailul-Quran 35; Müslim, Salətul- Müsafirin 247-248). Hz. Peyğəmbər qurtuluşun yolunu soruşan Uqbə bin Amirə, işlədiyi günahlara görə ağlamasını tövsiyə etmişdir (Tirmizi, Zöhd 60). Rəsulullah (s.a.s.) heç vaxt qəhqəhə çəkməmiş, amma üzündən də təbəssümü əskik etməmişdir. O, Quran oxuyarkən, Quran dinləyərkən ağlamışdır. Rəsulullah, müsəlmanlara, cənazə arxasınca paltarını cıraraq, nalə çəkərək, deyinərək ağlamağı qadağan etmişdir. O, səssizcə ağlayar, yanaqlarından yaşlar süzülərdü. Qızı Zeynəbin uşağı xəstələnəndə qucağına almış, ağlamış və belə demişdir: “...Bu Allahın mərhəmətli qullarının könüllərinə qoyduğu rəhmətdir. Allah bu rəhməti qullarından şəfqətli olanlara ehsan edir.” (Buxari, Cənaiz 23; Müslim, Cənaiz, 11; Əbu Davud, Cənaiz 24). Rəsulullah ağrılı-acılı və məşəqqətli anlarda müsəlmanlara səbirli olmağı tövsiyə etmiş; bununla bərabər, insanların qatı, daş ürəkli olmamalarını, mərhəmət və şəfqət göz yaşlarının rəhmət olduğunu, ağlamağın fitrətdən gəldiyini söyləmişdir. Hicrətin ikinci ilində ölən Osman bin Mazunun cənazəsi üzərinə əyilən Rəsulullah onu öpmüş, xeyli ağlamışdır. Sadəcə İbn Mazun üçün yox; bununla yanaşı, ölən və ya şəhid edilən bütün səhabələrin cənazələrində, onlardan bəhs edərkən də Hz. Peyğəmbər duyğulanıb ağlayardı. Ancaq o, səssiz sədasız ağlayar, göz yaşları yanaqlarından süzülərdi. Rasulullah, səsli ağlamağı şeytanın bağırmasına bənzətmişdir.

      İndi siz bu kəlama (Qurana) təəccübmü edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız!” (Nəcm, 59-60) Bu ayə nazil olanda əshabi-kiram ağlamağa başladı. Elə ağlayırdılar ki, Allah Rasulu evindən çölə çıxdı. Onların yanında oturdu və o da ağlamağa başladı.

      Allah Rəsulu gecə heç kimin olmadığı yerdə, başını səccadəsinə qoyub göz yaşları ilə onu isladardı. İnsanların içində də ağlayar və ürəklərə yumşaqlıq səpərdi. Daşlaşmış könülləri yumşaltmağa çalışardı. Niyə ağlayırdı insanlıq iftixarı? Allahın lütfünə ağlayırdı. Arxasında dalğa-dalğa halqalar halında ümməti vardı. Axirət səadətini qazananlara görə sevinc yaşları, bu səadəti itirənlərə görə isə hüzn yaşları axıdırdı. Cəhənnəmə atılanlar üçün belə “Ümmətim, ümmətim!” deyə ağlayırdı. O, Allahın əzəmətinə ağlayırdı. Onun camalına ağlayırdı. Rəhmətinə ağlayırdı.

                  Allah-Təala bizi qəlblərimizin qaralmasından, Onun sevgisindən başqa fani sevgilərin qəlbimizə hakim olmasından mühafizə etsin!

      • Hits: 1049 clicks

      Tecox component by www.teglo.info